/ / Mərkəzi icra hakimiyyəti orqanlarının yerlərdə keçirdikləri görüşlər sakinlərdə böyük razılıq doğurur
Mərkəzi icra hakimiyyəti orqanlarının yerlərdə keçirdikləri görüşlər sakinlərdə böyük razılıq doğurur
25.05.2016 [10:02]
Cəbhə bölgəsində baş tutan “Kütləvi çıxarış” kampaniyasında 200-dək sakinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə mülkiyyət sənədləri təqdim edilib
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, xəlqi mahiyyəti ilə fərqlənir. Bu siyasətin ayrı-ayrı istiqamətləri müəyyənləşdirilərkən, bir qayda olaraq, cəmiyyətdən gələn sosial sifarişlər əsas götürülür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısı, eyni zamanda, məmurlara vətəndaşlarla daha sıx təmaslar qurmağı, yerlərdəki problemləri vaxtında aşkara çıxarıb operativ tədbirlər görməyi tapşırıb. Deyilənlərin kontekstində vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə gözəl ənənə formalaşıb. Belə ki, ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri vaxtaşırı bölgələrə səfərlərə gedərək yerlərdə vətəndaşlarla görüşlər keçirirlər. Belə görüşlər isə, bir qayda olaraq, izsiz ötüşmür. Regionlarda keçirilən görüşlərdə vətəndaşların qaldırdıqları məsələlər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən ciddi nəzarətə alınaraq onların həlli məqsədilə operativ tədbirlər həyata keçirilir. Beləliklə də, regionlarda əhali üçün müəyyən narahatlıqlara səbəb olan problemlər öz həllini tapır.
Cəbhə bölgəsində “Kütləvi çıxarış” kampaniyası keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi cəbhə bölgəsində yaşayan vətəndaşlara məxsus əmlakların kütləvi surətdə sənədləşdirilməsini davam etdirir. AZƏRTAC-ın məlumatına əsasən, növbəti “Kütləvi çıxarış” kampaniyası mayın 20-də Füzuli rayonunda keçirilib.
Komitə əməkdaşları tərəfindən keçirilən kampaniyada 200-dək sakinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə mülkiyyət sənədləri təqdim edilib. Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillərin orderləri, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.
Kampaniya çərçivəsində həmçinin vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, ərazi-ölçmə işləri aparılıb. Xidmətdən yararlananlar arasında aprel ayında cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Belə ki, döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olmuş bir neçə hərbçimizə aid mülkiyyət sənədləri onlara evindəcə təqdim edilib.
Qeyd edək ki, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ölkə vətəndaşlarına komitənin ərazi idarələrinə müraciət etmədən, elə həyətlərində öz əmlaklarını qeydiyyatdan keçirməyə şərait yaradılır. Bu isə, öz növbəsində, komitənin göstərdiyi xidmətlərdən vətəndaş məmnunluğunu daha da artırır və sosial amilliyi daha da gücləndirir.
Kampaniya sosial layihə olduğu üçün xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur. Mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir.
Bu, eyni zamanda, cəbhə bölgəsinin sakinlərinə hərtərəfli dövlət dəstəyinin göstəricisidir. Kampaniya rayon sakinlərinə daşınmaz əmlaklarını rahat şəkildə qeydiyyatdan keçirməyə imkan yaratmaqla yanaşı, vətəndaşların mülkiyyət hüquqlarının və mülkiyyətlərində olan əmlakların dövlət tərəfindən qorunmasını təmin edir.
Zaqatalada və Şəkidə miqrasiya məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə rayon mədəniyyət evində geniş maarifləndirmə tədbiri keçirilib. DMX-dən bildiriblər ki, maarifləndirmə tədbirində Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizə təşrif buyuran əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının təmin edilməsi üçün görülmüş çoxşaxəli işlər barədə danışılıb. Dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunulub, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurlardan bəhs edilib, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb. Xidmət əməkdaşı ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində atılan addımların səmərəli nəticələrini qeyd edib. Yerli icra orqanlarından belə şəxslərin aşkarlandığı halda sənədləşdirilməsi üçün Xidmətə müraciət etmələrinə köməklik göstərilməsi xahiş olunub. Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə bağlı izahedici söhbət aparılıb.
Çıxışlarda xüsusən məktəblilər arasında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin qanuna müvafiq olaraq müvəqqəti yaşamaq üçün icazə vəsiqələri almaları, yaxud həmin şagirdlərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etmələrinin zəruriliyi vurğulanıb.
Maarifləndirmə tədbirindən sonra səyyar xidmət təşkil edilib. 360 nəfərdən 319 şəxs səyyar xidmətin imkanlarından yararlanıb. Onlardan 220 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, əcnəbi və ya vətəndaşlığı olmayan 2 nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Həmçinin 3 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 27 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 65 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
Şəkidə isə regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının 50-dən çox nümayəndəsinin iştirakı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatlarının aparılmasına həsr olunmuş tədbir keçirilib. Bildirilib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə, qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və yaxud digər sərhədkeçmə sənədinin surətini Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) elektron xidmətlər vasitəsi ilə və ya şəxsən regional miqrasiya idarələrinə təqdim etməlidir.
Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələrinə yekun vurulub
Mayın 19-da İmişlidəki Heydər Əliyev Mərkəzində Dövlət Statistika Komitəsi və Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib. Bununla da mayın 12-dən başlayaraq ölkənin bütün regionlarını əhatə edən müşavirələrə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılması məqsədi daşıyan tədbirdə İmişli, Beyləqan, Xocavənd, Füzuli, Kürdəmir və Saatlı rayonlarının yerli icra hakimiyyətlərinin, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov çıxışında Prezident İlham Əliyevin ölkənin bütün iqtisadi sahələri, o cümlədən kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən komitə tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirib ki, bu sahədə aparılan irihəcmli işlərdən biri də təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan bu sənədlər hər bir təsərrüfat haqqında geniş və birbaşa məlumat almaq imkanı yaradacaq.
Belə ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab” və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Yeni sənədlərin tətbiqi nəticəsində əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatlar indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə olunacaq. Bu da kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək.
Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu barədə danışan komitə sədrinin müavini deyib ki, nəzərdə tutulan tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində rayonda görülmüş işlərdən söhbət açaraq, planlaşmada uçot işlərinin düzgün aparılmasının əhəmiyyətini vurğulayıb.
Xatırladaq ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri Abşeron, Quba, Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir, Göygöl, Şəki, Bərdə, Yevlax, İmişli şəhər və rayonlarında keçirilməklə bütün regionları əhatə edib.
Hər bir istehlakçı öz hüquqlarını bilməlidir
Mayın 20-də aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və 200-ə yaxın istehlakçının iştirakı ilə Bərdədə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə, təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb. A.Əliyev tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu məsələlər, Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, istehlakçıların maarifləndirilməsi məqsədilə konfrans və seminarlar, istehlakçılar üçün “dəyirmi masa”lar təşkil edilir, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları barədə maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq əhali arasında paylanılır. Dövlət Xidməti tərəfindən ötən il və bu ilin dörd ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 105 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 7 mindən çox yaddaş kitabçası hazırlanaraq istehlakçılara paylanıb. Bu işlər hazırda da davam etdirilir.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair müxtəlif mövzularda məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən və xidmətlərdən istifadə edərkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat verib, istehlakçıların suallarını cavablandırıblar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Azərbaycanın qədim keçmişinə “canlı” səyahət
Ölkəmizdə uğurla həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını şərtləndirən Dövlət proqramları Azərbaycanın hər bir bölgəsi kimi qədim Gəncənin də hərtərəfli inkişafına təkan verib. Məhz bunun nəticəsidir ki, hazırda öz inkişafına görə fərqlənən Gəncə yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edir. Bu məqamda qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərinin Yeni Qızılca ərazisində “Tarixin canlı səhifələri” IV Gənclər Festivalı keçirilib. Tarixi səhnələr və obrazlarla zəngin olan festival Azərbaycanın qədim keçmişinə “canlı” səyahət təsiri bağışlayıb.
Festivalda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xüsusi meydanda təşkil olunan orta əsrlər bazarını seyr ediblər. Qonaqlar həmin dövrün ən qızğın ticarət məkanı olan bazar meydanına qala divarlarının önündə şəhər rəisinin imzaladığı şərti icazə sənədi və keşikçilərin nəzarəti altında daxil olublar.
Orta əsrlər müsəlman Şərqinin karvan ticarət yollarının üzərində yerləşən ənənəvi meydan bazarını xatırladan məkanda qonaqlara müxtəlif şərti Şərq malları, kənd təsərrüfatı məhsulları, nəfis sənətkarlıq nümunələri təklif edilib. Meydan bazarda xalq sənəti nümunələri - dəmirçilər, misgərlər, oyma ustaları tərəfindən hazırlanan əşyalar nümayiş olunub. Tamaşaçılar bazarda Azərbaycan mətbəxinin zəngin nümunələrinə, müxtəlif şirniyyat və çörək növlərinə qonaq ediliblər.
Sonra xüsusi məkanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Sirlər xəzinəsi”, “İsgəndərnamə” poemalarının motivləri əsasında hazırlanan kiçik tamaşalar təqdim olunub. Nizami qəhrəmanlarının ustalıqla yaradılan obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra tarixi rekonstruksiya formatında hazırlanmış “Tarixin canlı səhifələri” festivalı başlayıb. Festival üçün xüsusi hazırlanan kütləvi tamaşada 400 aktyor, tələbə və idmançının iştirakı ilə Azərbaycan tarixinin müxtəlif dövrləri canlandırılıb.
İlk olaraq səhnədə 816-838-ci illərdə ərəb əsarətinə qarşı mübarizə aparan, Xürrəmilər hərəkatının başçısı Babək görünüb. Tarixi sənədlər və eyniadlı filmin motivləri əsasında hazırlanan kütləvi səhnə əsərində tamaşaçılar xalq qəhrəmanı Babəkin keçdiyi döyüş yoluna nəzər salıblar. Ərəb xilafəti qoşunlarının Azərbaycana yürüşünü, Babəkin qüdrətli xilafətin nizami ordusu üzərində qazandığı qələbələri əks etdirən səhnələr peşəkar aktyorlar tərəfindən təqdim olunub.
Azərbaycan Eldənizlər-Atabəylər dövlətinin (1136-1225) qüdrətli sərkərdəsi və dövlət xadimi Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın keçdikləri döyüş yolları, feodal müharibələri, Toxtamışın, Teymurun Azərbaycana yürüşləri, nəhayət, 1410-cu ildə yaranan və tezliklə Yaxın və Orta Şərqin nəhəng dövlətinə çevrilən Baharlı-Qaraqoyunlu dövləti, Qara Yusifin qalibiyyətli müharibələri, döyüş səhnələri aktyorların oyununda yaddaqalan olub. Gəncə bəylərbəyi Cavad xan Ziyadoğlunun (1786-1804) düşmənə qarşı apardığı mübarizə və digər səhnələr tamaşanı seyr edən gənclərin vətənpərvərlik hisslərini coşdurub.
Tamaşada Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi videogörüntülərlə iştirakçılara təqdim edilib.
“Dədə Qorqud ruhu Qarabağda yaşayır”
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Bakı Slavyan Universitetinin və Bərdə, Ağcabədi, Beyləqan rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən “Dədə Qorqud ruhu Qarabağda yaşayır” adlı elmi turun iştirakçıları bu günlərdə Ağcabədi və Beyləqan rayonlarında olublar.
AZƏRTAC xəbər verir ki, alimlərin, tələbələrin, şagirdlərin və ictimaiyyət nümayəndələrinin daxil olduğu tur iştirakçıları Ağcabədi şəhərinin mərkəzi meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayon İcra Hakimiyyətində görüş keçirilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2 yaşının tamam olması münasibətilə hər iki qurumun kollektivinə uğurlar arzulayıb, Fondun layihələrinin ölkəmizdə maraqla qarşılandığını diqqətə çatdırıb.
Qonaqlara rayon barədə ətraflı məlumat verən Ş.Məmmədov bildirib ki, Ağcabədi respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Rayon əhalisi əsasən heyvandarlıqla məşğul olur. Ölkənin ən böyük süd emalı müəssisəsi, heyvandarlıq kompleksi, ilk cins keçi və qoyunçuluq təsərrüfatı, pilot taxılçılıq təsərrüfatı Ağcabədidə yaradılıb. Hazırda pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində işlər görülür.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarının təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mütəxəssisi Yadigar Məmmədlinin moderatorluğu ilə keçirilən mərasimdə kitabların əhəmiyyətindən, məziyyətlərindən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən nəşr olunan kitab peşəkar mütəxəssislər tərəfindən alman, avar, Çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udi, Ukrayna, yapon, yəhudi və yunan dillərinə tərcümə edilib.
Tədbirdə memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Ləman Süleymanova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qarabağ şöbəsinin müdiri Əlizadə Nəcəfov, Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti Baxış Ələsgərov və başqaları çıxış edərək, hər iki nəşri yüksək dəyərləndirib, onların son illər multikulturalizmin təbliği yönündə ölkəmizdə həyata keçirilən ən mühüm layihələrdən olduğunu söyləyiblər.
Tur iştirakçıları sonra qədim Beyləqanın (Örənqala) yerləşdiyi əraziyə gediblər. Örənqalada keçirilən “Qafqaz Albaniyasının izi ilə” adlı tədbirdə tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev iştirakçılara qədim Beyləqan şəhəri, aparılan arxeoloji tədqiqatlar barədə geniş məlumat verib. Bildirib ki, Örənqala - Beyləqan haqqında demək olar ki, orta əsr mənbələrinin hamısında bəhs olunur. Beyləqana ilk arxeoloji ekspedisiya 1933-cü ildə təşkil edilib. Burada aparılan çoxillik araşdırmalar zamanı məlum olub ki, Beyləqan şəhəri təxminən V-VI əsrlərdə salınıb. Orta əsr Beyləqan şəhərinin 40 hektara yaxın ərazini əhatə etdiyi, hər tərəfdən qala divarları ilə əhatə olunduğu, qala divarlarının kənarında dərinliyi 2 metrə, eni 10-12 metrə çatan xəndəklərin olduğu müəyyənləşdirilib. Qazıntılar zamanı sənətkarlıq məhəllələri, bina qalıqları, maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Beyləqan IX-XI əsrlərdə çiçəklənmə dövrünü keçirib, XIII əsrdə monqol işğalları zamanı şəhər güclü dağıntıya məruz qalıb və yenidən dirçələ bilməyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54

