Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2017-ci ildə Azərbaycanın regionlarından 20 min 842 ton fındıq ləpəsi ixrac edilib

2017-ci ildə Azərbaycanın regionlarından 20 min 842 ton fındıq ləpəsi ixrac edilib

26.01.2018 [10:05]

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun məlumatına əsasən, ötən il fındıq ixracından ölkəyə 114 milyon 500 min dollar valyuta gəlib
Artıq tarixə dönən 2017-ci il Azərbaycanın regionlarında yüksək ixrac imkanlarına malik məhsulların istehsal həcmlərinin artırılması, həmçinin bu qəbildən olan məhsulların xarici bazarlarda təbliği və satışı baxımından uğurlu olub. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, ötən il xarici ölkələrə 10 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 5 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub. Bu tədbirlər çərçivəsində Səudiyyə Ərəbistanı, İspaniya, Misir, Əfqanıstan, Rusiya, Belarus, Litva və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab məhsulları, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay kimi kənd təsərrüfatı və qida sənayesi məhsullarının, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 70-ə yaxın müqavilə imzalanıb və razılaşmalar əldə olunub. Bütövlükdə ötən il Azərbaycandan 3179 çeşiddə məhsul ixrac edilib. İl ərzində respublikamızdan qeyri-neft ixracı 24,4 faiz, o cümlədən regionlarda yetişdirilən kənd təsərrüfatı və emal sənayesi məhsullarının ixracı 28,6 faiz artıb.
2017-ci ildə regionlardan əvvəlki illə müqayisədə 5 min 972 ton çox fındıq ixrac edilib
Azərbaycanın regionlarından ixrac həcmlərinin artırılması baxımından perspektivli sahələrdən biri də fındıqçılıqdır. Respublikanın əlverişli coğrafi-iqlim xüsusiyyətləri nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük diqqət göstərilir. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə valyuta daxilolmalarında xüsusi çəkiyə malik fındıqçılıq sahəsinin inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi, fındıq istehsalı mümkün olan rayonların müəyyənləşdirilməsi və bu rayonlarda fındıqçılığın sürətlə inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası 2017-ci ildə də davam etdirilib. Həyata keçirilən tədbirlər nəticəsində ötən il regionlarda 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb.
Öz növbəsində regionlarda fındıq bağlarının genişləndirilməsi, aqrotexniki qulluq qaydalarının gücləndirilməsi, həmçinin fermerlərə, torpaq mülkiyyətçilərinə dəstək tədbirlərinin artırılması, satışla bağlı problemlərin aradan qaldırılması istehsalın və ixracın həcminin artmasına müsbət təsir göstərib. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun məlumatına əsasən, keçən il Azərbaycandan 20 min 842 ton fındıq ləpəsi ixrac edilib. Bu, 2016-cı illə müqayisədə 5 min 972 ton çoxdur. Əgər 2016-cı ildə ixracdan 105 milyon dollar əldə olunmuşdusa, 2017-ci ildə dünya bazarlarında qiymətin enməsinə baxmayaraq, ölkəyə 114 milyon 500 min dollar valyuta gəlib.
İ.Orucov bildirib ki, 2017-ci ildə respublikamızdan fındıq ləpəsi ixrac olunan ölkələr arasında birinci yerdə İtaliya (43 faiz), sonrakı yerlərdə isə Rusiya (31 faiz) və Almaniya (15 faiz) gəlir. Azərbaycan fındığının keyfiyyətinin yüksək olması məşhur şirkətlərin də diqqətini çəkir. Dünyada lider şirkətlərdən biri - “FERRERO” (İtaliya) üçün fındıq ləpəsinin ixracını buna misal göstərmək olar.
Cari ildə regionlardan fındıq ixracının daha da artırılması hədəflənib
Qeyd etdiyimiz kimi, ölkəmizin regionlarından xarici bazarlarda yüksək tələbat duyulan fındıq ixracının artırılması geniş şəkildə təşviq olunur. Fındıq ixracının artırılması məqsədilə AZPROMO tərəfindən təşkil olunan sərgilər və missiyalar buna misaldır. Yerli fındıq istehsalçıları ötən il “Worldfood”, “Anuga”, SİAL və “Gulfood” kimi sərgilərə qatılıb, xarici ölkələrə ixrac imkanlarını müzakirə ediblər.
Fındıq istehsalçıları yeni təsərrüfat ilinə də inamla başlayıblar. Onlar bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana uyğun olaraq, 2018-ci ildə xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, beynəlxalq sərgilərdə Azərbaycan daha çox sayda vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, bu il Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi məqsədilə təşkil ediləcək tədbirlərdə 2018-ci ilin əvvəlində təqdimatı keçirilmiş yeni “Made in Azerbaijan” loqosundan istifadə olunacaq.
Fındıq istehsalçıları da bəhs olunan Fərmanda ixracın artırılması üçün nəzərdə tutulan dəstək və təşviq tədbirlərindən bəhrələnmək niyyətindədirlər. Onlar yaradılan geniş imkanlardan istifadə edərək 2018-ci ildə ölkədən xarici bazarlara fındıq ixracını artırmağı hədəfləyiblər.
Regionlarda 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub
Fındıq istehsalının və ixracının artırılması, heç şübhəsiz ki, ilk növbədə mövcud bağlarda yüksək məhsuldarlığın təmin edilməsindən və bağların sahələrinin genişləndirilməsindən asılıdır. Son illərdə respublikanın bölgələrində mövcud bağlarda seyrəkliyin aradan qaldırılmasına böyük diqqət göstərilir. Eyni zamanda, regionlarda yeni fındıq bağlarının salınması imkanları ətraflı araşdırılıb. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub. Bu məqsədlə bölgələrdəki mövcud fındıq bağlarından tədarük ediləcək ting ehtiyatlarının həcmi müəyyənləşdirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan xüsusi işçi qruplar yeni salınacaq bağlar üçün ərazilərin seçilməsi, ting ehtiyatlarının tədarükü, əkin işlərinin optimal müddətdə və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə zəruri tədbirlərin təşkilinə lazımi kömək göstərəcəklər.
Hazırda bölgələrdə birinci mərhələdə 10 min hektara yaxın sahədə yeni bağların salınması istiqamətində işlər davam etdirilir. Yeni fındıq bağlarının salınması üçün Balakən rayonunda 500 min, Qaxda 240 min, Qəbələdə 540 min, Şəkidə 240 min, Şabranda 130 min ədəd ting və pöhrələr hazırlanıb, yeni salınacaq bağlar üçün müvafiq ərazilər müəyyən edilib.
Ayrı-ayrı regionlarda yeni fındıq bağlarının salınması daha intensiv həyata keçirilir
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı göstərişindən sonra Qəbələ rayonunda əhali tərəfindən yeni fındıq bağlarının salınmasına böyük maraq göstərilir. Artıq bir ildir ki, rayonda kənd təsərrüfatının ixrac potensialı yüksək olan fındıqçılıq sahəsinin inkişaf etdirilməsi üçün yeni bağlar salınır. Plana uyğun olaraq Qəbələdə 2 min hektar sahədə yeni fındıq bağının salınması nəzərdə tutulub.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, son iki ay ərzində Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarında yetişdirilərək yeni bağlara köçürülüb. Ümumilikdə 317 hektar sahədə fındıq bağı salınıb.
“Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tədbirlər görülür. Ötən il şirkət tərəfindən 50 hektar fındıq bağı salınıb. Bütövlükdə son bir ildə Qəbələdə 1217 hektar sahədə yeni fındıq bağı salınıb.
Qeyd edək ki, 2017-ci ildə Qəbələdə mövcud olan 4678 hektar fındıq bağından 9 min 800 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 3 manata Qəbələ Fındıq Emalı Zavodunun yerli fındıq qəbulu məntəqələrinə satıblar. Rayonda fındıq emalı zavodunun fəaliyyət göstərməsi kəndliləri ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.
Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Oğuz rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biri sayılır. 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 995 hektar sahədə yeni fındıq bağları salınıb. Bu işlər 2018-ci ildə də davam etdiriləcək. Cari ildə rayonda daha 1000 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3 min hektara yaxındır. Bu bağların 1805 hektarı barverəndir. 2017-ci ildə fındıq bağlarından 903 ton məhsul tədarük olunub və istehsal əvvəlki illə müqayisədə 40 tondan çox artıb.
İsmayıllı rayonunda 2017-ci ilin payızında 423,2 hektar sahədə yeni fındıq bağları salınıb. Keçən ilin yaz aylarında isə rayonda 601,2 hektarda yeni fındıq bağları salınmışdı. Artıq 2017-ci ildə payızlıq əkinlə birgə təzə bağların sahəsi 1024,4 hektara çatdırılıb. Yeni bağlar, əsasən Qalacıq, Qalınçaq, Talıstan, Kürdmaşı, Topçu, Cülyan, Tircan ərazilərində salınıb.
Astarada isə ilk dəfə 15 hektar sahədə fındıq bağı salınır. Bu məqsədlə Zaqataladan rayona 11 min fındıq tingi gətirilib. Rayona gətirilən fındıq tingləri fərdi təsərrüfatlarda, pay torpaq sahələrində və meşə ərazisində əkilir.
Əkin işlərini əsasən Astara rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları həyata keçirirlər. Astara rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyisi Rüfət Mahmudov bildirib ki, hazırda əkin aparılan sahələrdə qış şumu həyata keçirilir. Ərazidə artezian quyularının qazılması da nəzərdə tutulub. İndiyədək meşə təsərrüfatının ərazisində 3 min 600, pay torpaqlarında isə 7 min 400 fındıq tingi əkilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31