Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Aqroparkların yaradılması əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə təkan verəcək

Aqroparkların yaradılması əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə təkan verəcək

15.07.2017 [10:27]

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun SİA-ya müsahibəsi:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında aqrar sahədə yeni aqroparkların yaradılması məsələsinə toxunaraq bildirdi ki, ölkəmizdə 38 böyük aqropark yaradılacaq. Bunun əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Məlum olduğu kimi, kənd təsərrüfatı istehsalının sürətli inkişafı, istehsalın iqtisadi səmərəliliyinin artırılması aqrar sahədə torpaqdan, müasir texnika və texnologiyalardan düzgün istifadə edilməsini, elmi biliklərin istehsalatda tətbiqini tələb edir. Ancaq ayrı-ayrı torpaq mülkiyyətçisinə məxsus kiçik torpaq sahələri innovativ texnologiya və müasir istehsal metodlarının kənd təsərrüfatı istehsalında tətbiqinə imkan vermir. Nəticədə onlara məxsus əkinəyararlı torpaq sahələri bəzən istifadəsiz qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır və ya məhsuldarlıq xeyli aşağı düşür. Bu da ölkəmizdə ərzaq təhlükəsizliyinin tam şəkildə yerli istehsal hesabına ödənilməsini çətinləşdirir. Problemi aradan qaldırmaq məqsədilə möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikanın 20 rayonunda müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradıldı. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusilə tərəvəzçilik, bağçılıq və heyvandarlığın ötənilki göstəricilərinə baxdıqda nəticənin uğurlu olduğunu görürük. İndi isə aqrar sahədə 2014-cü ildə möhtərəm Prezidentin imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmandan irəli gələrək ixrac potensialımızı artırmaq məqsədilə 38 böyük aqropark yaradılır. Hesab edirəm ki, cənab Prezident respublikamızda aqroparkların yaradılması konsepsiyasını irəli sürməklə ölkəmizdə aqrar-sənaye kompleksinin modernləşdirilməsi ilə yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təminatının daha da səmərəli təşkilinə, kənd təsərrüfatı istehsalının artırılmasına, onun keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olunacaq. Bundan başqa, aqroparklar əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə də təkan verəcək. Qeyd etdiyim kimi, ötən illərdə ölkədə iri fermer təsərrüfatlarının yaradılması və bu işin uğurla davam etməsi dövlətin bu sahəyə diqqəti ilə yanaşı, özəl sektorun cənab Prezidentin təşəbbüsünə çox məsuliyyətlə yanaşması fonunda mümkün olub. Aqroparkların da yaradılması özəl əsaslarla həyata keçiriləcəyindən sahibkarlar bu sahənin inkişafında maraqlı olmalıdırlar. Çünki əvvəlki təsərrüfatçılıq formaları ilə müqayisədə aqroparklar aqrar sahənin inkişafına əngəl törədən bir sıra problemlərin həllini ortaya qoyan müasir təsərrüfatçılıq mexanizmidir.
- Aqroparklar peşəkar kadrlara tələbat yaradacaq. Hazırda kənd təsərrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığı qənaətbəxşdirmi?
- Şübhəsiz ki, aqrar sahədə uğurların əldə edilməsi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı möhkəm əsasların yaradılması bu sahədə ali təhsilli mütəxəssislərin hazırlanmasını, aqrar sahənin elmi təminatının yüksəldilməsini zəruri edir. Sevindirici haldır ki, bu məsələlər dövlətimizin aqrar siyasətində mərkəzi yer tutmaqdadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda göstərilir ki, aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Qeyd olunan Dövlət Proqramında, eləcə də digər mühüm dövlət sənədlərində qarşıya qoyulan məqsədlərə nail olmaq, ölkəmizdə aqrar sahənin elmi təminatını daha da yaxşılaşdırmaq, bu sahədə yüksəkixtisaslı kadrlar hazırlamaq üçün Azərbaycan Milli Elmlər Akademiyası zəruri addımlar atmaqdadır. Yəni respublikamızda aqrar sahənin mövcud elmi təminatı yeni yaradılacaq aqroparkların inkişafını daha da sürətləndirəcək.
- Aqroparkların uğurla fəaliyyət göstərməsi respublikamızın torpaq və su resurslarından səmərəli istifadəni labüd edir. Bu istiqamətdə nə kimi işlər görülməlidir?
- Əlbəttə, aqroparklar təsərrüfatçılıq forması kimi hər nə qədər ideal olsa da, biz aqrar sahədə uğurlar qazanmaq istəyiriksə, kənd təsərrüfatına yararlı torpaqlardan, eləcə də su ehtiyatlarımızdan səmərəli istifadə etməliyik. Başqa sözlə, aqroparkların uğurlu fəaliyyəti respublikamızın torpaq və su resurslarından səmərəli istifadədən asılıdır. Qeyd edim ki, AMEA-da çalışan alim və mütəxəssislər Azərbaycanın elektron torpaq xəritəsinin hazırlanması, torpaqların inventarlaşdırılması, bonitrovkası, iqtisadi cəhətdən qiymətləndirilməsi, daşlı-çınqıllı, şərti yararsız torpaqların, bataqlıqların əkin dövriyyəsinə qaytarılması, torpaqların şoranlaşması, şorakətləşməsi, eroziyaya uğramasının öyrənilməsi və xəritələşməsi, növbəli əkin sisteminin yaradılması, rekultivasiya məsələləri, meliorasiya və irriqasiya sisteminin yenidən qurulması, elektron kənd təsərrüfatı və rayonlaşmış yüksək məhsuldar toxumların seleksiyası istiqamətində ciddi tədqiqat işləri ortaya qoyaraq bir çox nəzəri məsələlərin həllinə nail olublar. Ancaq bu sahədə praktiki olaraq görülməli işlər çoxdur. İlk növbədə, “Elektron kənd təsərrüfatı” sisteminə keçidin sürətləndirilməsi, eyni və yaxın keyfiyyət qruplarına aid olan torpaqların dəqiq sərhədlərinin təyin edilməsi, torpaqların keyfiyyət meyarlarının və mühafizə zonalarının təkmilləşdirilməsi və müəyyən edilməsi, xüsusi, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq fondlarının elektron xəritələrinin tərtibi üzrə işlərin yerinə yetirilməsi və genişləndirilməsi, torpaqlara dair vahid məlumat bankının yaradılması tamamlanmalıdır. Çalışmaq lazımdır ki, kənd təsərrüfatı dövriyyəsindən çıxmış, keyfiyyəti pisləşmiş və ya münbitliyi itirilmiş, istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üzrə kompleks meliorativ tədbirlər hazırlanaraq həyata keçirilsin. Bundan başqa, növbəli əkin sisteminin bərpası, strateji əhəmiyyətli və paxlalı bitkilərin əkin sahələrinin genişləndirilməsi, bitkilərin tələbatına görə üzvi gübrələrdən istifadə edilməsi, ölkə şəraitinə uyğun yeni bitki sortlarının və heyvan cinslərinin yaradılması üzrə işlərin sürətləndirilməsi, toxumçuluq sahəsinin inkişaf etdirilməsi, yeni və müasir mədəni otlaqların yaradılması, köhnə otlaqların bərpası da olduqca vacibdir. Uzun müddət ərzində istismar olunan suvarma kanallarının və kollektor-drenaj şəbəkəsinin rekonstruksiyası, müasir tələblərə cavab verən mühəndis qurğularının yaradılması, su itkilərinin qarşısını almaq üçün tədricən qapalı irriqasiya sistemlərinə keçidin və onların tikintisinin təmin edilməsi, ən mütərəqqi suvarma texnika və texnologiyalarının tətbiqi və yenilərinin yaradılması üzrə elmi-tədqiqat işlərinin genişləndirilməsi isə torpaq və su resurslarının idarə edilməsini təmin edəcək.

Paylaş:
Baxılıb: 1105 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31