YAP-ın namizədlərinin 95 faizdən çoxu qeydiyyatdan keçib
11.11.2009 [10:17]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya eksklüziv müsahibəsi:
- Yeni Azərbaycan Partiyasının dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq prosesi haqqında məlumat vermənizi istərdik?
- YAP dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə bir ilə yaxındır hazırlaşır. İlin əvvəlindən başlayan hazırlıq prosesi bu günə qədər davam edir. Bizim partiyanın seçkilərlə bağlı tədbirlər planı var. Həmin plana uyğun olaraq bir sıra tədbirlər keçirdik. İlkin olaraq, bələdiyyə üzvləri ilə müəyyən treninqlər apardıq. Milli Məclisdə bələdiyyələrin birləşməsi ilə bağlı Qanun qəbul olunandan sonra həmin sənədə uyğun olaraq prosesdə iştirak edəcək namizədlərimizi müəyyən etdik. Bundan başqa, bələdiyyə üzvlərinin sıralarına bir daha nəzər saldıq. Onlardan kimlərin bu seçkidə namizəd kimi iştirak edəcəyini müəyyənləşdirdik. Bilirsiniz ki, bundan əvvəlki seçkilərdə bizim partiyanın seçki qərargahlarında çalışmış insanlar var ki, onlar böyük seçki təcrübəsinə malikdirlər. Onların da sırasından bəzi üzvlərimizin bələdiyyə seçkisində namizəd kimi iştirakı müzakirə olunaraq qəbul olundu. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə start verəndə bizim partiyada artıq hansı dairədə, kimlərin namizəd kimi irəli sürüləcəyi haqda yekdil qərar var idi. Və bununla bağlı namizədlərin siyahıları hazırlanmışdı. Proses başlayandan sonra isə partiyanın İdarə Heyətinin qərarı ilə ölkədə fəaliyyət göstərən 1718 bələdiyyənin hər bir yerinə 16 minə yaxın namizəd irəli sürmüşük. Bu günə qədər müvafiq prosedur qaydalarını keçmiş namizədlərimizin sayı 14786 nəfərdir. Təxminən 450 nəfərə yaxın üzvümüz namizədlik vəsiqəsi almayıb. Demək olar ki, namizədlərimizin 95 faizindən çoxu qeydiyyatdan keçib.
- YAP bələdiyyə seçkilərində irəli sürülən namizədlər arasında daha çox gənclərə üstünlük verib. Bu addım nəyə hesablanıb?
- Biz hər bir seçkinin nəticələrini təhlil edirik. Keçən bələdiyyə seçkilərinin təhlili göstərir ki, 30 yaşına qədər bələdiyyə üzvü seçilmiş üzvlərimiz 2 faizdən yuxarı deyil. O cümlədən, bələdiyyə üzvü seçilmiş qadınlar da 4 faiz təşkil edir. Gənclər və qadınlar YAP-da çoxluq təşkil etməklə yanaşı, partiya fəaliyyətində çox aktiv iştirak edirlər. Biz ötən parlament və prezident seçkilərində bir daha bu sosial qruplara daxil olan insanların çox fəal olmalarının şahidi olduq. Onlar bizim yerli seçki qərargahlarında seçki kampaniyasının həyata keçirilməsində, seçicilərə təbliğat materiallarının çatdırılmasında və digər işlərdə çox fəal iştirak ediblər. YAP İdarə Heyəti qərar qəbul edib ki, bu seçkidə gənclər və qadınlara üstünlük verilsin. Namizədlərin qeydiyyata alınması prosesi başa çatandan sonra qadınların və gənclərin sayını açıqlayacağıq. Qeyd edim ki, biz hazırki bələdiyyə üzvlərinə də bu seçkilərdə böyük üstünlük veririk. Bizim irəli sürdüyümüz namizədlərin təxminən 5 minə yaxını hazırda bələdiyyə üzvləridir. Qalan 70 faizi isə yeni namizədlərdir.
- Bütövlükdə YAP-ın seçkilərdə namizəd kimi irəli sürdüyü gənclərin iştirak faizi nə qədərdir?
- Maksimum dərəcədə çalışırıq ki, gənclərin bələdiyyə seçkilərində iştirak faizi yüksəlsin, gənclərin sayı heç olmasa keçən seçkilərlə müqayisədə 10 dəfə çox olsun. Eyni zamanda, biz istəyirik ki, qadınların da faizi artsın. Güman edirəm ki, seçkidə bu istəyimiz reallaşacaq. Bələdiyyə seçkiləri özünəməxsus bir seçkidir. Bu seçkinin parlament və prezident seçkilərindən fərqi ondan ibarətdir ki, burada həm maraqlı tərəflər çoxdur, həm də namizədlər arasında mübarizə gərgin gedir. Eyni zamanda, burada namizədlər arasında mübarizə qlobal deyil, lokal xarakter daşıyır. Biz gənc namizədlərimizə seçicilər qarşısında hansı məsələləri qoymağı öyrədirik. Həmçinin, biz təbliğat-təşviqat işlərinə də hazırlıq görürük. Bilirsiniz ki, seçkilərə 28 gün qalmış - noyabrın 25-dən təbliğat və təşviqat kampaniyası başlayır. Biz noyabrın 13-dən 25-nə kimi bütün namizədlərimizə treninqlər keçirəcəyik. Namizədləri müvafiq sənədlərlə və informasiyalarla təchiz edəcəyik. Bunun üçün bizim 129 nəfər səlahiyyətli nümayəndəmiz MSK tərəfindən qeydiyyata alınıb. Onların arasında Milli Məclisin üzvləri, ziyalılar və nüfuzlu şəxslər var ki, həmin şəxslərin seçki sahəsində kifayət qədər təcrübəsi var. Biz onların bölgüsünü aparmışıq. Səlahiyyətli nümayəndələrimiz namizədlərimiz üçün treninqlər keçəcəklər. Təbliğat-təşviqat kampaniyası başlayanda isə namizədlərə kömək üçün təbliğat-təşviqat işləri ilə məşğul olacaqlar. Bundan başqa, partiyanın hər rayon qərargahında təbliğat-təşviqat qrupları yaradılıb. Bura rayonlarda tanınmış ziyalılar, ağsaqqallar və idmançılardan ibarət hörmətli insanlar daxildir. Onlar kampaniyanın davam edəcəyi 28 gün ərzində ayrı-ayrı kənd, qəsəbə və şəhərlərdə bu işin qurulması üçün namizədlərə yardımçı olacaqlar.
- Siyavuş müəllim, bir sıra qeyri-hökumət təşkilatları və siyasi partiyalar bələdiyyələrə yeni səlahiyyətlərin verilməsi, böyük şəhər bələdiyyələrinin yaradılması haqda təkliflər irəli sürürlər. Sizin fikrinizcə, hazırda yerli özünüidarəetmə sistemində bu cür dəyişikliklərə ehtiyac varmı?
- Bu sahədə ən çox normativ hüquqi sənədlər Azərbaycanda qəbul edilib. Qəbul edilən qanunlar Avropa standartlarına tam uyğundur. Bu qanunlarda Yerli özünü İdarəetmə Haqqında Avropa Xartiyasından irəli gələn kənd, qəsəbə və şəhər bələdiyyələrinin müvafiq qrumu yaranıb. Bu baxımdan bələdiyyələrin birləşməsi birinci addım idi. Azərbaycanda bələdiyyələrin yüksək statusu var. Amma elə yerlər var ki, orada bələdiyyənin maddi təminatını həyata keçirmək üçün kifayət qədər resurs yoxdur. Bu baxımdan bələdiyyələrin birləşməsi ilkin addım idi ki, 500-dən artıq bələdiyyə birləşdi. Hesab edirəm ki, gələcəkdə də bələdiyyələrin təkmilləşməsi istiqamətində müəyyən addımlar atılacaq. Məsələn, bizim Qanunda göstərilir ki, 500-ə qədər sakini olan bələdiyyələrdə üç bələdiyyə üzvü seçilməlidir. Qanunvericilikdə əhali artımına uyğun olaraq bələdiyyə üzvlərinin sayı da artırılır. Mən parlamentdə təklif etmişdim ki, ilkin olaraq bələdiyyə üzvlərinin sayının azaldılmasına ehtiyac var. Bakının hər rayonunda 19 nəfər bələdiyyə üzvü seçilir. Bələdiyyələr Azərbaycanda yeni institutdur. Lakin gələcəkdə bələdiyyə üzvlərinin sayını azaldıb işləmək əmsalını artırmaq daha yaxşı olar. Yəni kiçik yerlərdə bir nəfər etmək olar. Bu təcrübə Türkiyədə də var. Orada kiçik ərazilərdə bir nəfər muxtar seçilir. Bir az böyük, yəni əhalisinin sayı 20-30 mindən çox olan yerlərdə 3-4 nəfər bələdiyyə üzvü seçmək olar. Mənim şəxsi qənaətimə görə, ən böyük bələdiyyələrdə yuxarı hədd 7 nəfərdən ibarət olsa yaxşı olar. Bu zaman həm say baxımından azalma gedər, həm keyfiyyət baxımından yaxşılaşar, həmçinin də seçki prosedurlarında seçici üçün çətinliklər yaranmaz. çünki bəzən say baxımından namizədlər çox olanda seçici üçün namizədləri qiymətləndirmək çətin olur. Hesab edirəm ki, gələcəkdə bu addımlar atılmalıdır. Digər tərəfdən, bu təklifləri verənlər bizim bələdiyyələrlə başqa ölkələrin bələdiyyələrini qarışıq salırlar və bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsini təklif edirlər. Azərbaycanın idarəçilik forması prezident idarəetmə üsuludur. Bəzən bizi Türkiyə ilə müqayisə edirlər. Onlarda böyük şəhər bələdiyyəsi var. çox zaman Türkiyə təcrübəsini əsas götürərək bizdə də analoji institutun yaradılmasını təklif edirlər. Bu, tamamilə yanlışdır. Bizdə həmin vəzifəni prezidentin yerlərdəki səlahiyyətli nümayəndələri həyata keçirirlər. Bələdiyyələr isə həmin ərazidə yaşayan sakinlərin özlərinin yaratdıqları yerli idarəetmə qurumudur. Bələdiyyələr Azərbaycanda qeyri-dövlət təşkilatı olsalar da, onlara geniş səlahiyyətlər verilib. Gələcəkdə də bir çox səlahiyyətlər veriləcək. Amma bunlar hamısı tədricən baş verməlidir. çünki bələdiyyələr həmin səlahiyyətlərin həyata keçirilməsinə hazır olmaq üçün püxtələşməlidirlər. Hələ yeni institutdur. Cəmi üçüncü seçkidir. Hesab edirəm ki, bu seçkidən sonra bələdiyyələrə bir sıra səlahiyyətlər veriləcək.
- “Siyasi partiyalar haqqında” Qanunun parlamentdə müzakirəyə çıxarılması gözlənilir. Bu qanunun müzakirəyə çıxarılmasına zərurət nədən yaranıb?
- “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Bu Qanunda müəyyən müddəalar var ki, nə Konstitusiya ilə, nə də Seçki Məcəlləsi ilə üst-üstə düşür. Siyasi partiyanın əsas vəzifəsi seçkilərdə iştirak etməkdir. Bu da Seçki Məcəlləsi ilə tənzimlənir. Bu baxımdan Qanun digər hüquqi sənədlərə uyğunlaşdırılmalıdır. Orada bir çox müddəalar var ki, indiki dövrlə uzlaşmır. Siyasi partiyalarla bağlı müəyyən məsələlər var ki, onların hər biri “Siyasi partiyalar haqqında” Qanunda öz əksini tapmalıdır. Bu, siyasi partiyaların yaranması, fəaliyyəti, maddi təminatı və seçkili orqanlarda iştirakıdır. Bu məsələlər Qanuna əksini tapmalıdır. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” Qanunda əlavə və dəyişikliklər yox, yeni bir qanunun qəbuluna ehtiyac var. Bununla bağlı biz parlamentə qanun layihəsi təqdim etmişik. Ayrı-ayrı partiyalardan da bu yöndə qanun layihələri daxil olub. Hesab edirəm ki, bu məsələyə Milli Məclisin payız sessiyasında olmasa da, yaz sessiyasında baxılacaq.
- Sizin partiyanızın təklif etdiyi layihədə qanuna əsasən hansı əlavə və dəyişikliklər nəzərdə tutulur?
- Biz hesab edirik ki, siyasi partiyaların qeydiyyatı məsələsinə yenidən baxılmalıdır. Azərbaycanda yüzə yaxın partiya fəaliyyət göstərir. Onlardan təxminən 45-ə qədəri Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qalanlarının qeydiyyatı yoxdur. Biz istəyirik ki, qeydiyyat məsələsində sistemi dəyişək. İndiki qanunvericiliyə görə, hər hansı bir kənd də bir partiya yarada bilər. Məsələn, min nəfərin imzasını toplayıb təqdim edir. Bununla da bir siyasi partiyanı yaratmış olur. Biz hesab edirik ki, partiyanın qeydiyyata alınması üçün seçicilərin 0,1 faizinin imzasını toplayıb təqdim etməmiş siyasi qüvvə partiya hesab oluna bilməz. Eyni zamanda, bu imzalar Azərbaycanın müxtəlif bölgələrindən olmalıdır. ölkənin bir şəhərində bir partiya fəaliyyət göstərirsə, bu siyasi partiya demək deyil. Ona görə də, imzalar heç olmasa Azərbaycanda olan seçki dairələrinin 50 faizi üstəgəl bir dairə az olmamaq şərtilə toplanmalıdır. Biz burada dünya təcrübəsini əsas götürmüşük. Məsələn, ABŞ-ın bir çox ştatlarında partiyanın qeydiyyatı üçün 7 faizə qədər seçici imzası tələb olunur. Hətta Ukraynanın siyasi partiyalar haqqında qanununda ayrı-ayrı şəhərlərdə nə qədər imza toplanmalı olduğu göstərilib. Avropa ölkələrində isə partiya müəyyən müddətə fəaliyyət göstərmirsə, onun qeydiyyatına yenidən baxılır. Avstriya təcrübəsində isə partiya iki ildən artıq fəaliyyət göstərmirsə, onun fəaliyyəti ləğv olunur. Bizdə isə bəzən siyasi partiya ticarət vasitəsinə çevrilir. Biri öz partiyasını satır. Digəri isə kiminsə partiyasını alır. Belə halların qarşısını almaq üçün siyasi partiyaların fəaliyyət istiqamətləri müəyyənləşməlidir. Partiya ildə bir dəfə bəyanat verib vəzifəsini bitmiş hesab edirsə, onun fəaliyyətinə yenidən baxılmalıdır. Qabaqcıl Avropa ölkəsi olan Avstriyanın özündə siyasi partiya iki il fəaliyyət göstərmirsə, onun fəaliyyətinə yenidən baxılır. Burada partiya seçkilərdə iştirak etmirsə, onlara dövlət yardımı da olunmur. Bizim təkliflərimizdə bir xüsusi istiqamət də gələcəkdə, növbəti parlament seçkilərindən sonra siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi ilə bağlıdır. Bilirsiniz ki, artıq Azərbaycanda qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri öz layihələrini təqdim edib dövlət yardımları alır. Cəmiyyətin əsas qüvvəsi olan siyasi partiyalar da dövlət büdcəsindən maliyyələşməlidir. Siyasi partiyaların maliyyələşməsi partiyaların fəaliyyəti ilə bağlı olacaq. Hər hansı bir partiya fəaliyyət göstərmirsə, dövlət büdcəsindən yardım almayacaq. Partiyalar təqdim etdiyi layihələr əsasında maliyyələşəcək. Biz partiyaların maliyyələşməsi məsələsində beynəlxalq təcrübəyə əsaslanırıq. Siyasi partiyalar dövlətdən maliyyələşməyəndə beynəlxalq təşkilatlar, xarici dövlətlər öz maliyyə vəsaitlərindən istifadə edib partiyaların çirkli pullar vasitəsilə maliyyələşməsinə nail olurlar. Bunun qarşısını almaq üçün biz belə nəzərdə tuturuq ki, maliyyə yardımı üç istiqamətdə edilsin. Birincisi, qeydiyyatdan keçmiş siyasi partiyalara müəyyən faiz ayrılsın. İkincisi, seçkilərdə iştirak edərək qazandığı səslərin sayına görə və üçüncü istiqamət isə seçkilərdə iştirak edib qazandığı mandatın sayına görə maliyyə yardımı alsın. Məsələn, elə partiya olacaq ki, hər üç şkala üzrə maliyyə yardımı alacaq. Bəziləri iki, digərləri isə bir şkala üzrə maliyyə yardımı ala biləcəklər. Hesab edirik ki, bu çox ədalətli formadır. Bu formada nə siyasi partiyalar kənarda qalır, nə də ki, əhali tərəfindən dəstəklənən siyasi partiyaya qarşı haqsızlıq olur. Partiyaların maliyyələşməsi məsələsi bu formada həllini tapsa, yaxın illərdə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi həll oluna bilər.
Partiyalar isə həm dövlətdən yardım alır, həm də üzvləri tərəfindən onlara haqlar və ianələr verilir. Qeyd edim ki, bəzən siyasi partiyalar dövlət yardımlarından imtina edirlər. ötən il Rusiyada partiyalara dövlət yardımı ayrılanda bir çox partiyalar bundan imtina etdi. Burada partiyalara ayrılan maliyyə yardımının təyinatı məsələsi var. Partiyalara ayrılan maliyyə vəsaitinin 10 faizə qədəri siyasi partiyanın aparatının saxlanmasına, qalan 90 faizi müəyyən layihələrin həyata keçirilməsinə xərclənəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49

