Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni iqtisadi dövrün aktual çağırışı

Yeni iqtisadi dövrün aktual çağırışı

22.04.2026 [11:16]

Kənd təsərrüfatında istehsalın artırılması strateji məqsədlərdən biridir

Aprelin 20-də İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər cari məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələ üzrə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

İstehsal 14 milyard manat...

2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14 milyard 189,5 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 0,9 faiz çoxdur. Ötən il ölkədə bitkiçilik məhsullarının dəyəri 6 milyard 748,5 milyon manatla əvvəlki ilə nisbətən 1,5 faiz, heyvandarlıq məhsullarının dəyəri isə 7 milyard 441 milyon manat və ya 0,3 faiz artıb. Ötən il taxıl istehsalının həcmi 3,3 milyon ton, tərəvəz məhsulları 1,8 milyon ton, meyvə və giləmeyvə 1,4 milyon ton, kartof 924 min ton, bostan məhsulları 459 min ton, pambıq 363 min ton, şəkər çuğunduru 328,5 min ton, üzüm 210 min ton, günəbaxan 31,8 min ton, tütün 4 min ton, çay 1,2 min ton təşkil edib. Habelə 2025-ci ildə ölkədə diri çəkidə 659,2 min ton ət, 2 milyon 305,9 min ton süd, 2 milyon 342,9 milyon ədəd yumurta, 14,6 min ton yun və 186,6 ton barama istehsal olunub. Əvvəlki illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb, ət istehsalı sabit qalıb, yun istehsalı isə 1,3 faiz azalıb.

2026-cı ilin birinci rübündə isə ölkəmizdə 29 milyard 703,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, yaradılan əlavə dəyərin 3,3 faizi kənd təsərrüfatı sektorunun payına düşüb.

Ötən il aqrar-sənaye məhsullarının ixracı 1,3 milyard dollara çatıb

Aqrar sahə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən biri kimi milli ixracın artmasında da mühüm rol oynayır. Məhz kənd təsərrüfatı sahəsində son illərdə dayanqılı artımın təmin edilməsi sayəsində qeyri-neft məhsullarının ixracında aqrar-sənaye mallarının payı əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Son 10 ildə qeyri-neft məhsullarının ixracında hər il aqrar malların payı artır. 2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,6 milyard dollar təşkil edib ki, ixrac portfelində yeyinti məhsulları üzrə ixrac 1,2 milyard dollara bərabər olub. İxrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, pambıq iplik 19,3 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb. Ötən il aqrar məhsullar üzrə ixrac ümumilikdə 26,7 faiz artaraq 1 milyard dollar təşkil edib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 1,3 milyard dollara bərabər olub.

Bu dinamika 2026-cı ilin birinci rübündə də davam edib, yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon dollar təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon dollara bərabər olub. İxrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4 faiz, pambıq lifi 43,5 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 20,4 faiz, çay 15,1 faiz, spirtli və spirtsiz içkilər isə 4,3 faiz artıb. Ümumilikdə, qeyd edilən dövr ərzində aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 27,4 faiz artaraq 88 milyon dollar təşkil edib. Toplam dəyər ifadəsi ilə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon dollara bərabər olub.

Aqroparkların istehsala və ixraca töhfəsi

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində aqroparkların da mühüm rolu var. Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır, aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir. Hazırda ölkənin 32 rayonu üzrə 240 min hektardan çox ərazidə ümumi layihə dəyəri 2,5 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,5 milyard manat özəl investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi, vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Ötən müddətdə ölkədə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, investisiya təşviqi sənədi almış 17 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Azad ərazilərdə kənd təsərrüfatının inkişafı

Uzun illər Ermənistanın işğalı nəticəsində kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsi ölkəmizin aqrar inkişafından kənarda qalıb. Belə ki, 231 min hektar əkin, 352 min hektara yaxın örüş-otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi sayəsində min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz məhsulları kənd təsərrüfatının ümumi balansında ciddi təsir edib. İşğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini həmin ərazilərdə istehsal olunan məhsullar təmin edirdi.

Göründüyü kimi, işğaldan azad olunan ərazilərin kənd təsərrüfatının inkişafı baxımından potensialı çox genişdir. Bu potensialdan səmərəli istifadəyə nail olunması üçün müvafiq tədbirlərin görülməsi olduqca zəruridir və azad ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı dövlət başçısı tərəfindən hökumət üzvlərinə tapşırıqlar verilib. Həmin tapşırığa əsasən, ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, torpaqların bərpa edilməsi və təsərrüfatların istifadəsinə verilməsi üçün müvafiq işlər görülməkdədir. Həm əkinçilik, həm də heyvandarlığın intensiv amillər hesabına inkişafı imkanları nəzərdən keçirilir. Artıq bu bölgədə kiçik fermer təsərrüfatları, meyvəçilik bağları salınır, aqrotexniki xidmətlər göstərilir. Xarici iş adamları da bu prosesə cəlb olunub və aqroparklar yaradılmaqdadır. Zəngilanda Türkiyə ilə birgə qurulmuş “Dost Aqropark” fəaliyyət göstərir.

Göründüyü kimi, işğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatının inkişaf perspektivləri olduqca güclüdür və bu potensialdan səmərəli istifadə ölkəmizdə aqrar sahədə istehsal həcmini ən azı 30-40 faiz yüksəldə bilər.

Ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritetdir

Mövcud rəqəmlərdə müsbət dinamika müşahidə olunsa da, bu, hökuməti qane etmir, çünki ölkəmizin potensialı bundan qat-qat çoxdur. Ona görə də, aqrar sahənin inkişafa üçün əlavə tədbirlərin həyata keçirilməsi, istehsalın daha da artırılması və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet məsələdir. Ələlxüsus da da, qlobal mühitdə baş verən qeyri-müəyyənliklər, geosiyasi proseslərin gərginləşməsi bu məsələnin vacibliyini daha ön plana çıxarır. Yuxarıda qeyd etdiyimiz xarici faktorlar nəticəsində qiymətlərin artması, xüsusilə də ərzaq malları və xammalların, gübrə, yanacaq və s malların qiymətində kəskin bahalaşma, logistika və təchizat xərclərinin yüksəlməsi ən çox aqrar sahədə istehsal və emal xərclərinə təsir edir. Hazırda ölkəmizdə ərzaq mallarının, o cümlədən istehsal üçün xammalın əhəmiyyətli bir hissəsi xaricdən idxal olunur. Nəticədə, inflyasiya da artır. Bütün bunlar kənd təsərrüfatında milli istehsal amilinə diqqətin daha da artırılmasını aktuallaşdırır.

Bu baxımdan İqtisadi Şurada aqrar sahənin inkişafına dair mühüm məsələlərin müzakirəsi, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və digər prioritetlərin müəyyənləşdirilməsi günün aktual çağırışı kimi dəyərləndirilə bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30