Fransa neokolonialist siyasətini dayandırmaq əvəzinə...
22.05.2024 [10:34]
Azad fikir səsləndirən və işğalı pisləyən insanları hədəfə alır
Bəzi Qərb dairələrinin özünün suveren hüquqlarını təmin edən Azərbaycanın uğurlarını sinirə bilmədikləri hər kəsə bəllidir. Anti-Azərbaycan cəbhəsinin önündə isə Fransanın siyasi hakimiyyəti dayanır. Son vaxtlarda Yelisey sarayından ölkəmizin ünvanına gələn qərəzli açıqlamaların sayı artıb. Bugünlərdə Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə dövlət xidməti - Viginum Azərbaycanın Yeni Kaledoniyadakı permanent iğtişaşlar fonunda sosial şəbəkələrdə guya Fransanı hədəf alan qaralama kampaniyası apardığını iddia edib.
YAP-la bağlı absurd və qərəzli hesabat
Parisdə hazırlanan budəfəki hesabatda isə Yeni Azərbaycan Partiyası (YAP) hədəfə alınıb. Viginum aprelin 17-də yaydığı hesabatda iddia edir ki, “Azərbaycan mənşəli hesabların son günlərdə X və Facebook platformalarında Fransa polisini Yeni Kaledoniyada etirazçılara atəş açmaqda ittiham edən “aşkar qeyri-dəqiq və ya aldadıcı məzmunun kütləvi və koordinasiyalı şəkildə” yaymasını “aşkarlayıb”. Absurd hesabatda təkcə mayın 15-də X plaftormasında 1686 istifadəçinin Fransanı hədəfə alan saxta məlumatlar paylaşdığını, onlardan ən azı 86-sının öz hesablarında Azərbaycanın hakim partiyası - Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını qeyd etmələrinə diqqət çəkilir. Mayın 16-da isə X platformasında oxşar paylaşımlar edən 301 istifadəçinin ən azı 112-sinin bioqrafiyasında YAP və Azərbaycandan olduqlarını qeyd etdikləri bildirilir.
Absurd, absurd olduğu qədər də qərəzli bir hesabatdır. Əslində, buna hesabat demək mümkündürsə. Belə görünür ki, Fransanın tarixi demokratik ənənələrinin, bəyan etdiyi bərabərlik, insan və vətəndaş hüquq və azadlıqlarının, fikir plüralizminin, söz azadlığının Yelisey sarayına, xüsusən də Emmanuel Makron iqtidarına aidiyyatı yoxdur, ənənələr və dəyərlər yerli-dibli aşınıb, toz basmış arxivlərə atılıb, onlara tabu elan edilib. Əks halda, Fransanın rəsmi qurumlarının sosial şəbəkələrdə təftişçilik fəaliyyətləri ilə məşğul olmalarını necə dəyərləndirmək mümkündür? Axı internet azad bir məkandır, sosial şəbəkələrdə hər kəs istənilən mövzu ilə bağlı öz mövqeyini, münasibətini, yanaşmasını ifadə edə bilər. Kim buna qadağa qoya bilər? Azərbaycanda əhalinin təxminən 90 faizinin internetə sərbəst çıxışı var. Sosial şəbəkə istifadəçiləri öz azad fikrini ifadə edir - bu, tamamilə təbii bir haldır. YAP isə nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən mütəşəkkil siyasi təşkilatıdır. Partiyanın sıralarında yüz
Minlərlə insan təmsil olunur. On minlərlə gənc məhz bu siyasi məktəbdə formalaşaraq, necə deyərlər, fəal vətəndaş mövqeyi dərsi alırlar. Onlar ölkədə gedən quruculuq proseslərində, demokratik mühitin formalaşmasında fəallıq göstərdikləri kimi, beynəlxalq aləmdə müşahidə edilən proseslərə də biganə qalmırlar - Yeni Kaledoniyanın azadlıq hərəkatının dəstəklənməsi, Fransanın neokolonialist siyasətinin pislənməsi, işğalçılığa qarşı mübarizə səyləri olduqca vacib faktorlardır. Bu gün demək olar ki bütün demokratik dünya öz hüquqları uğrunda ölüm-dirim mübarizəsi aparan yerli kanak xalqı ilə həmrəy olduqlarını bildirirlər.
Bu gün Yeni Kaledoniyada Fransa tərəfindən bir insanlıq dramı yaşadılır. İnsanların Fransa polisinin təqiblərindən əziyyət çəkmələrinə, öldürülmələrinə, əmlaklarının dağıdılmasına, həbsə alınmalarına necə biganə qalmaq olar? Fransa hakimiyyəti məhz bunlara görə narahatlıq keçirməlidir. E.Makron iqtidarı isə tamam əks mövqe tutub. Bu gün Fransa hakimiyyəti Yeni Kaledoniya ətrafında bir növ informasiya blokadası qurub, hər hansı bir məlumatın ölkə xaricinə sızdırılmasını əngəlləməyə çalışır. Bu, hər zaman demokratik dəyərləri ilə öyünən Fransa üçün qara ləkədir və çox doğru olaraq bu ölkənin ənənələrindən və dəyərlərindən uzaqlaşması anlamında qəbul olunur.
Xatırladaq ki, Fransadan ilk dəfə deyil ki, Yeni Kaledoniya mövzusunda ölkəmizə qarşı qərəzli açıqlamalar səsləndirilir. Bundan əvvəl bu xüsusda Fransanın daxili işlər naziri Jeral Darmanen danışmışdı. O, mayın 16-da “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı növbəti dəfə sərsəm iddialar dilə gətirmişdi. Rəsmi Bakı nazirin iftralarını yaxına buraxmadı. Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq Jeral Darmanenin əsassız fikirlərini tamamilə rədd etdi.
Reallıqda Yeni Kaledoniyada nə baş verir?
Fransız missionerlərin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.
Kanak xalqının budəfəki etirazlarına səbəb isə Emmanuel Makron hakimiyyətinin Yeni Kalidoniya ilə bağlı mürtəce planı həyata keçirməyə başlamasıdır. Artıq siyasi sifariş əsasında Fransa parlamenti Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı müzakirələrə start verib. Əslində “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verir. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Yeni Kaledoniyada etirazların miqyasının geniş olması burada yerli icmanın fəallığı ilə bağlıdır. Fransa hakimiyyəti bunun qarşısını almaq üçün qüvvələr balansını tarazlaşdırmağı hədəfləyib. E.Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəifətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar.
Bakı Təşəbbüs Qrupu aktivdir
İndiyədək Azərbaycan Fransanın qatı müstəmləkəçilk siyasətinin ifşa olunması istiqamətində qətiyyətli addımlar atıb. XXI əsrdə yaşayırıq. Baxışlar dəyişməlidir. Yeni yüzillikdə müstəmləkəçiliyin hər hansı bir təzahürünə yer olmamalıdır. Hər zaman ədalət mövqeyindən, beynəlxalq hüquq normalarından çıxış edən Azərbaycan da məhz bunu istəyir. Fransa kimi ölkələr öz siyasətlərində ikili standartlardan geri çəkilməlidirlər. Fransa on illər boyunca erməni separatizminə dəstək verən, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəllər yaradan, postmüharibə mərhələsində tənzimləmə prosesinə pəl vuran ölkədir. İndi bu ölkə öz mənafeyi naminə Yeni Kaledoniyada aboregen xalqın hüquqlarını tanımaq istəmir. Bu, hansısa bir meyara, ölçüyə sığırmı? Əsla!
Azərbaycan Fransanın digər müstəmləkə ərazilərində olduğu kimi, Yeni Kaledoniyada baş verənlərə də biganə qalmır. Respublikamızın uğurlu sədrlik həyata keçirdiyi Qoşulmama Hərəkatının (QH) tərkibində Bakı Təşəbbüs Qrupu yaradılıb. Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda birləşiblər. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətinə münasibətdə susmur, azadlıq mübarizəsinə qalxan xalqların səsinin bütün dünyada eşidilməsinə, onlara həmrəylik göstərilməsinə nail olmağa çalışır. Qurum həmçinin Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Sənəddə Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqların dərin narahatlıq doğurduğu diqqətə çatdırılıb. Bildirildiyi kimi, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin qalıcı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

