Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan - Gürcüstan əlaqələri yeni mərhələdə   

Azərbaycan - Gürcüstan əlaqələri yeni mərhələdə   

23.05.2024 [10:32]

Ölkələr arasında siyasi-iqtisadi münasibətlər möhkəmlənir 

Azərbaycan və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstanın nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya rəhbərlik edib. Məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi-ticarət, enerji-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Sıx əməkdaşlıq və strateji tərəfdaşlıq

Azərbaycan davamlı olaraq öz imkanlarını təqdim etməklə region dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Belə ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Ölkəmizin qısa müstəqillik tarixində sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. 

Bu gün Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub. Prezident İlham Əliyev dost ölkəyə, eləcə də Gürcüstanın yüksək səviyyəli rəsmiləri respublikamıza müntəzəm qaydada səfərlər edirlər. Bu səfərlər çərçivəsində ikitərəfli münasibətlərə və regional əməkdaşlığa aid aktual müzakirələr aparılır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən təxminən 120 sənəd imzalanıb. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Hər iki dövlət həm də beynəlxalq arenada bir-birlərini dəstəkləyirlər - cari ilin əvvəlində isə Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA-nın sessiyası zamanı Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul olunmuş qətnamə ilə əlaqədar AŞPA sədri Teodoros Rousopoulosa məktub ünvanlamışdı. Məktubda bildirilirdi ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycan və Cənubi Qafqaz ilə gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur. G.Mikanadze bir sıra vacib məqamları nəzərə almaqla, Azərbaycan Respublikası nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırış etmişdi.

Müsbət tendensiya davam edir

Bu əlaqələr özünün müsbət tendensiyasını davam etdirir. İki ölkənin XİN rəsmilərinin siyasi məsləhətləşmələrinin növbəti raundu çərçivəsində tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin Cənubi Qafqaz regionunun tərəqqisi üçün vacib amil olduğunu, bu xüsusda iki ölkənin ortaq səyləri və iştirakı ilə reallaşdırılan qlobal miqyaslı enerji və nəqliyyat layihələrinin bölgədə iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və iqtisadi məsələlər üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib.Eyni zamanda, beynəlxalq və regional təşkilatlar, habelə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, müqavilə-hüquq bazası və baxılmaqda olan sənəd layihələrinə dair fikir mübadiləsi aparılıb.

Cari ilin noyabr ayında Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.

Görüş əsnasında Gürcüstan tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumatlandırılıb.

Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı

Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iki dost ölkə arasında iqtisadi əməkdaşlıq da yüksək templərlə genişlənir. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək respublikamız Gürcüstana 3,3 milyard dollardan çox  investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Enerji sektoru əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Hazırda dost ölkədə SOCAR brendi ilə çoxsaylı yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan şirkəti Gürcüstanın “mavi yanacaq” təchizatı şəbəkəsində böyük paya sahibdir. 

Azərbaycan 2024-cü ilin 1-ci rübündə Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub. Məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 208,84 milyon dollar dəyərində mal və məhsulları idxal edib. Gürcüstanın Azərbaycana ixracı isə 191,94 milyon dollar təşkil edib. Bütövlükdə, iki ölkə arasında ticarət dövriyəsinin həcmi 400,79 milyon dollar səviyyəsində olub. 

İki dost ölkə həmçinin çoxtərəfli platformalar çərçivəsində də iqtisadi əlaqələr qurublar. Deyə bilərik ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb. İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bu sırada 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa neft kəməri bir ilkdir. Bununla Bakı-Novorossiysk xəttinə alternativ ixrac boru kəməri yaradıldı. 2005-ci ildə əsas ixrac kəmərinin - Bakı-Tbilisi-Ceyhanın açılışı baş tutdu. 2007-ci ildə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin “mavi yanacaq” şəbəkəsinə daxil oldu. Uzunluğu 690 kilometr olan Bakı-Tbilisi-Ərzurum kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Nəhayət, Azərbaycanın moderatorluğu və Türkiyə ilə Gürcüstanın, digər tərəfdaş dövlətlərin fəal iştirakı ilə inşa olunan Cənub Qaz Dəhlizi 2020-ci ilin dekabrında istifadəyə verildi. Dörd mühüm seqmentdən ibarət olan bu dəhlizlə Azərbaycan qazı qonşu ölkələrdən keçməklə Avropanın mərkəzi ölkələrinə çatdırılır.

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərlə reallaşdırdıqları digər regional və qlobal əhəmiyyətli layihə nəqliyyat sektoruna aiddir. Söhbət 2017-ci ildə inşası tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolundan gedir. Azərbaycanın təşəbbüsü və böyük həcmlərdə investisiya yönəltməsi sayəsində ərsəyə gələn BTQ Avrasiyada ən qısa nəqliyyat bağlantısıdır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30