Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tarixi bağlara əsaslanan möhkəm dostluq

Tarixi bağlara əsaslanan möhkəm dostluq

23.05.2024 [10:36]

Azərbaycan və Özbəkistan liderlərinin birgə səyləri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsinə güclü təkan verir

XXI əsr Türk əsridir. Son illərdə Türkdilli ölkələrin  yaxınlaşması, birgə fəaliyyətlər həyata keçirmələri geridönməz prosesə çevrilib. Bu kontekstdə intensivləşən Azərbaycan-Özbəkistan əməkdaşlığı xüsusi olaraq diqqət çəkir. Hər iki dövlət həm ikitərəfli, həm də çoxtərəfli platformalarda inteqrasiyanın dərinləşməsinə güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçıları İlham Əliyevlə  Şavkat Mirziyoyev arasında səmimi münasibətlər formalaşıb. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər. İki dost ölkənin liderləri müxtəlif beynəlxalq və regional platformalarda da müntəzəm olaraq görüşürlər və aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparırlar, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı yeni təşəbbüslər irəli sürürlər. 

Eyni zamanda, iki dost ölkənin digər yüksəksəviyyəli rəsmilərinin səfərləri və təmasları da çoxalıb. Elə bu günlərdə dost ölkənin investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov respublikamıza səfərə gəlib.Prezident İlham Əliyev mayın 21-də Laziz Kudratovu qəbul edib. Qəbulda ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Dövlətlərin qətiyyətli siyasi iradəsi, cəmiyyətlərin güclü istəyi ilə möhkəmlənən əlaqələr

Qəbulda bu gün Azərbaycanın və Özbəkistanın nümunəvi inkişaf modelinə malik olduqlarına və müxtəlif sahələrdə böyük uğurlar qazandıqlarına diqqət çəkilib. Qonaq vurğulayıb ki, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda sevinclə qarşılanır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyini, iqtisadiyyatımızın dinamik şəkildə inkişaf etdiyini, investisiyaların həcminin artdığını deyən Laziz Kudratov bildirib ki, Azərbaycan qlobal çağırışlara baxmayaraq inflyasiyanı saxlamağa uğurla müvəffəq olub.

Dövlətimizin başçısı qeyd edib ki, Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf prosesləri Azərbaycanda böyük maraqla izlənilir. Özbəkistan Prezidentinin iqtisadi islahatlar, sosial və digər bütün sahələrin inkişafına yönəlmiş siyasəti konkret nəticələr verir. Prezident İlham Əliyev Özbəkistana səfərini məmnunluqla xatırlayaraq səfər zamanı bu ölkənin sənaye potensialı və tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlərin uğurla həll edilməsinin şahidi olduğunu deyib. Dövlətimizin başçısı əməkdaşlığımızın inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Getdikcə dərinləşən Azərbaycan-Özbəkistan əlaqələrini sıx bağlılıq əsasında qurulan möhkəm dostluq münasibətləri kimi səciyyələndirə bilərik. Bu münasibətlər qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 150-dən çox sənəd imzalanıb. 

Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var.  Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Bu sənəd mahiyyətcə gələcək əməkdaşlığın yol xəritəsidir. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustda Özbəkistana növbəti dövlət səfərinə hazırlıq işləri görülür. Bu səfər zamanı münasibətlərimizə daha yüksək status və səviyyə verəcək ciddi nəticələr əldə olunacağına böyük əminlik var.

Çoxvektorlu iqtisadi əməkdaşlıq

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi də məmnunluq doğurur.  Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında  ticarət dövriyyəsi 161 milyon 581 min ABŞ dolları həcmində olub. O cümlədən ixracının həcmi 43 milyon 336 min, idxalının həcmi isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub. Verilən məlumatlara görə, Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir. Azərbaycan bazarı da öz növbəsində Özbəkistan üçün xüsusi maraq kəsb edir. Kənd təsərrüfatı istiqamətində, xüsusən EKTİS (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək perspektivləri böyükdür. 

Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən söhbət açarkən birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. Ötən il iyulun 18-də mədəniyyət paytaxtımız Şuşada Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın 12-ci iclası keçirilib. Bu günlərdə isə Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu baş tutub. Forumda ölkələrimizin bölgələrinin iqtisadi potensialı və tərəfdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistanla qarşılıqlı münasibətlərdə iqtisadi-ticarət əməkdaşlığı mühüm rol oynayır. İnvestisiya üzrə işbirliyi  inkişaf edir. Nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanda və Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanıb. Qardaş ölkənin sərmayəsi ilə işğaldan azad olunmuş ərazidə tekstil müəssisəsinin qurulması və ilkin mərhələdə 400-dən çox iş yerinin yaradılması hədəflənir. Bundan əlavə, sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var. Özbəkistanla, həmçinin enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda əhatəli əməkdaşlıq gündəliyi hazırlanıb. Bildirilib ki, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin intensivləşməsi qarşılıqlı faydalı tərəfdaşlığımızın inkişafına təkan verəcək.

“Özbəkistan Azərbaycanla ikitərəfli əməkdaşlığın statusunun yüksəldilməsi üzərində çalışır”. Bu fikri isə forumda Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ifadə edib. O, nəqliyyat sektorunun ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. “Birbaşa aviareyslər yaradılıb, biz Azərbaycanın infrastrukturu ilə daşımaları fəal şəkildə artırırıq və bu il bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. İlin birinci rübündə bu rəqəm 300 min ton təşkil edib. Şirkətlərimizin bu dəhlizdən daha çox istifadə etmələri üçün güzəştlər və üstünlüklər verdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq”, - deyə dost ölkənin rəsmisi vurğulayıb.

Azərbaycanın haqq işinə verilən davamlı dəstək

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə böyük uğura imza atıb, tarixi ədaləti və beynəlxalq hüququ təmin edib. Bəhs olunan qəbulda qonaq vurğulayıb ki, işğal olunmuş ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə qaytarılması və tarixi ədalətin bərpa olunması təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin tarixində mühüm hadisə olub. Nazir qeyd edib ki, Özbəkistanda bu tarixi hadisə böyük sevinclə qarşılanıb. Ö növbəsində Prezident İlham Əliyev xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini yüksək qiymətləndirib. Dövlətimizin başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə səfərlərinə də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəmzi xarakter daşıdığını deyib.

Bütövlükdə, Özbəkistanı “daim Azərbaycanın yanında olan ölkə” kimi də adlandıra bilərik. Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Türk Dövlətləri Təşkilatının 2021-ci il 31 mart tarixində (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) keçirilən videokonfrans formatında qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib. Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30