Parisin “oyunu”...
25.07.2024 [10:20]
Olimpiya tarixində ən uğursuz ev sahibi
Bütün dünyanın səbirsizliklə gözlədiyi gün gəlib çatır. Sabah “Paris-2024” 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Azərbaycanın 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacağı Oyunlar avqustun 11-dək davam edəcək. Çox doğru olaraq Olimpiya Oyunları yalnız idman yarışları anlamında qəbul edilmir. Tarixi ənənələrə görə bu Oyunlarla dostluq, bərabərlik, həmrəylik kimi dəyərlər təşviq edilir. Fransa Sen-Deni və Sent-Uen adaları arasında yerləşən Olimpiya kəndinin qapılarını bir neçə gün bundan əvvəl Olimiadaya qatılan ölkələrin heyətlərinin üzünə açıb. Verilən məlumatlara görə, 52 hektar ərazisi olan bu sahə 9000 idmançı da daxil olmaqla 14500 insanı qarşılamaq imkanına malikdir. Ancaq Olimpiadanın açılışı ərəfəsində Fransadan gələn xəbərlər heç də nikbin notlar üzərində köklənməyib. Ölkənin ictimai-siyasi həyataında yaşananlar bütövlükdə Olimpiya ruhu ilə ziddiyyət təşkil edir. Paris bu gün gözəlliklər şəhəri olmaqdan daha çox təlatümlər, öhdəliyin yerinə yetirilməyəcəyindən, qonaqlar üçün rahatlıqların təmin edilə bilməyəcəyindən, insanların artan etirazlarından yaranan narahatlıqlar şəhəri kimi diqqət çəkir. E.Makron tribunalarda şad, optimist görünməyə çalışsa da, onun komandasının üzvləri, sadə insanlar həyəcanlıdırlar. Hətta o iddialar da səsləndirlir ki, Makron hökuməti 33-cü Yay Olimpiya Oyunlarının ev sahibliyi hüququnu öz üzərinə götürdüyünə görə indi çox məyusdur. Ölkənin hazırkı reallıqlarına əsasən formalaşan ümumi qənaət belədir ki, Fransa Olimpiya tarixinə ən uğursuz ev sahibi qismində daxil olacaq.
Siyasi böhran - Makron axsaq ördəklə müqayisə olunur
Olimpiada tarixində yaşanan nadir hallardan biridir ki, Oyunlar dərin siyasi böhran yaşanan ölkədə keçiriləcək. Bəli, Makronun uğursuz siyasəti Fransanın ənənələrini alt-üst edib, ölkəni siyasi böhran məngənəsinə salıb. Vəziyyət o dərəcədə ciddidir ki, Makronun özü beynəlxalq idman təşkilatlarının rəsmilərini inandırmaq məcburiyyətində qalıb ki, onun komandasının hakimiyyəti legitimdir.
Bu ölkədə hazırkı komandanın iflası son seçkilərdən sonra daha da dərinləşib. Analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini anons edirlər. Ümumiyyətlə, parlamentin yeni formalaşan tərkibi ilə onun ölkəni normal qaydada idarə edə biləcəyi mümkünsüz görünür. Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır. Bundan əvvəlki seçkilərdə Makronun koalisiyasını Milli Assambleyada cəmi 250 deputat təmsil edirdi. Buna görə də mərkəzçi koalisiya parlament çoxluğunu qazanmaqdan ötrü digər partiyaların təmsilçilərinin səsini almaq, bunun üçün hətta hansısa sövdələşmələrə getmək məcburiyyətində qalırdı. Mərkəzçilər üçün indiki say tərkibi ilə bunu etmək daha çətin olacaq. Dünyada, o cümlədən də beynəlxalq idman ictimaiyyətində Makronun komandasının legitimliyinə şübhələr də məhz buradan yaranıb.
“Fransa prezidenti Olimpiadanın onun irsini möhkəmləndirəcəyinə ümid edirdi, lakin qanunverici orqana erkən seçkilərlə bağlı uğursuz təklif onu siyasi cəhətdən zəif vəziyyətdə qoydu və Makronun beynəlxalq səhnədəki yerinə kölgə saldı”. Bu fikirlər “Reuters” agentliyinin saytında Parisdə Yay Olimpiya Oyunlarının açılışı ərəfəsində dərc olunmuş məqalədə öz əksini tapıb. Yazıda bildirilir: “Cümə günü Sena sahilində keçiriləcək açılış mərasimində 100-dən çox dövlət başçısını və on minlərlə tamaşaçını qəbul etməyə hazırlaşan Fransada Makron kövrək bir qüvvədir: o, dünyanın ən böyük idman yarışlarına ev sahibliyi edən müvəqqəti hökumətin rəhbəri, qeyri-populyar və bu tədbirdə təhlükəsizlik qorxularının artması fonunda fəaliyyət göstərən prezidentdir”.
Agentlik fransız tarixçisi Patrik Veildən sitat gətirir: “Makron Oyunları imperator kimi qarşılayacağını gözləyirdi. Amma indi o, axsaq ördəkdir”.
Bundan əvvəl Makron Olimpiya kəndini gəzərkən parlamenti buraxmaq qərarına dəstəyini bildirib və bundan sonra yaranacaq siyasi qeyri-sabitliyin Oyunlara kölgə salacağını inkar edib.
Məqalə müəllifləri xatırladırlar ki, ötən ilin dekabrında Makron xalqa Yeni il müraciətində qarşıdan gələn il haqqında qürur və nikbinliklə danışıb: “Biz əsrdə yalnız bir dəfə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edirik... 2024-cü il əzm, seçim və dirçəliş ilidir”.
“Lakin altı aydan çox vaxt keçib və Makronun mandatını bərpa etmək ümidləri puç olub. Tələsik seçkilərin doğurduğu siyasi böhran turistlərin Oyunlara marağının gözlənildiyindən daha zəif olması ilə nəticələnib”, - deyə “Reuters” belə qənaətə gəlib.
İqtisadi böhran - Fransa çəyirtkədir
Olimpiada ərəfəsində Fransada siyasi iflasla yanaşı, həm də dərin iqtisadi böhran yaşanır. Fransa Bankının təqdim etdiyi hesabata görə, ölkənin cari hesab kəsiri ötən il 28 milyard avroya çatıb.
Fransa Bankının direktoru Fransua Vilerua dö Qalo (Fransua Villeroy de Galhau) 2023-cü il üçün illik tədiyə balansını təqdim edərkən “Fransa çəyirtkədir”, - deyə ölkəsinin heç nə etmədiyini, tənbəl olduğunu qeyd edib. Bildirib ki, bu balans yeni əsaslarla müəyyən edilsə də, nəticələr dəyişməz olaraq qalır.
Yaranmış vəziyyət Almaniya, İtaliya və İspaniya kimi böyük qonşu ölkələrin profisitləri ilə ziddiyyət təşkil edir. 2022-ci ildə 79 milyard kəsiri olan avro bölgəsi ötən il ÜDM-in 1,8 faizini təşkil edən 240 milyardlıq profisit nümayiş etdirib. Bununla belə, Fransanın xarici borcu 800 milyard avroya və ya ÜDM-in 28 faizinə çatıb. Halbuki bu rəqəm 2022-ci ildə ÜDM-in 24,8 faizinə bərabər idi.
Fransua Vilerua dö Qalo xarici borcun bu cür pisləşməsini Fransa iqtisadiyyatının zəif tərəflərinin əks olunması kimi ifadə edib. O, dövlət kəsiri ilə xarici ticarət arasında korrelyasiya olduğunu vurğulayıb və hökuməti rəqabət qabiliyyətini artırmaq üçün səyləri ikiqat artırmağa çağırıb. Bununla da gələcək hökumətə ölkənin maliyyə durumu ilə bağlı mesaj verib.
Qeyd edək ki, bundan əvvəl ölkənin Hesablama Palatası da maliyyə durumunun kritik vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
Təhlükəsizliyə təminatlar çox aşağıdır
Beynəlxalq səviyyəli yarışlarda təhlükəsizliyin təmin olunması əsas məsələlərdən biridir. Paris bu sahədə də axsayır. Kədərli etiraf ölkənin daxili işlər nazirindən gəlib. “Fransa polisi 870 min inzibati araşdırma aparıb, nəticədə Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılış demək olar ki, dörd min nəfərlə məhdudlaşdırılıb”, - deyə daxili işlər naziri Jerald Darmanen bildirib.
Darmanen “X” sosial media platformasındakı səhifəsində bir neçə gün bundan əvvəl yayımladığı videomaterialda jurnalistlərə bildirib: “Biz bu və ya digər şəkildə Olimpiya Oyunlarında iştirak edənlərə qarşı bir milyon inzibati araşdırma aparmalıyıq. Hazırda 870 min araşdırma aparılıb, ona görə də Olimpiya Oyunlarının ilk gününə qədər bir milyon təhqiqat aparmağa vaxtımız olacaq. Bu inzibati araşdırmalara əsaslanaraq, biz 3922 qadağa qoymuşuq”.
Onun sözlərinə görə, Olimpiya Oyunlarında təhlükəsizliyə təhdid ola biləcək şəxslərin siyahısına 131 nəfər - 18 radikal islamçı, o cümlədən 167 ifrat solçu və 80 ifrat sağçı fəal daxil edilib.
Parisin səfillər həyatı
Viktor Hüqonun “Səfillər” romanı bütün dünyada məşhurdur. Belə görünür ki, Paris Olimpiada günlərində həmin əsərin səhnələrinə yenidən şahidlik edəcək. Paris Olimpiya Oyunlarının başlamasına bir neçə gün qalmış “Le revers de la medaille” assosiasiyalar birliyi cəmiyyətin ən həssas təbəqəsi üçün bu Olimpiadanın fəsadları barədə bir daha xəbərdarlıq edib. Assosiasiya evsiz insanların həyatının daha da çətinləşdiyini bildirib.
Verilən məlumatlarda vurğulanır ki, “Paris-2024” Olimpiya Oyunları onsuz da çətin vəziyyətdə olan evsizlərin vəziyyətini daha da ağırlaşdırıb. Qadınlar körpə uşaqları ilə küçədə qalıblar. Evsizlər üçün nəzərdə tutulmuş məkanlar Oyunlarla bağlı Fransa paytaxtına axın edən turistlərə kirayəyə verilir. Sosial yardım xidməti də körpə uşaqla küçədə qalan qadınlara ev tapa bilmədiklərindən şikayətlənir. Qeyd edilir ki, Olimpiya Oyunlarına görə məcburi köçürmələr onsuz da çətin şəraitdə yaşayan evsizlərin vəziyyətini daha da ağırlaşdırıb.
Parisdəki evsiz insanlar paytaxtdan uzaq ərazilərə köçürülür ki, bu da uşaqların məktəbə getməsinə, eləcə də ailələrə sosial yardım göstərilməsinə çətinlik yaradır. Həssas insanların köçürüldüyü belə məkanlarda ictimai nəqliyyata əlçatanlıq səviyyəsi çox aşağıdır. Həssas insanlara təcili yardım edən “Samu sosial” Oyunlara görə bu il 3000 təcili yerləşdirmə məkanının ləğv edildiyini bildirib.
Olimpiadanın açılış günündə tətillər dalğası
İncəsənət nümayəndələrini təmsil edən SFA-CGT həmkarlar ittifaqlarının “Paris-2024” Olimpiya Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri ilə görüşündə tərəflər razılığa gələ bilməyiblər. Həmkarlar ittifaqları yeni görüşün mümkün olduğunu bildiriblər.
SFA-CGT “Paris-2024”lə bağlı uğursuz görüşdən sonra Olimpiya Oyunlarının açılış mərasimi günü - iyulun 26-da tətil etməyi planlaşdırır.
“Biz bu görüşdən sonra heç bir irəliləyiş müşahidə etməmişik, müzakirələr bitməyib, ancaq heç bir irəliləyiş də yoxdur”, - deyə həmkarlar ittifaqının nümayəndəsi bildirib. O əlavə edib ki, müzakirələr üçün qapıları açıq olsa da, yeni görüş üçün tarix müəyyənləşməyib.
Həmkarlar ittifaqları açılış mərasimlərinin icraçı rejissoru “Paname 24”ə incəsənət və mədəniyyət şirkətləri ilə müqavilələrinin uyğunsuzluğu ilə bağlı xəbərdarlıq edib, bəzi incəsənət nümayəndələri ilə müqavilələrin düzgün olmadığından şikayətləniblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50

