Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycana qarşı daha bir “hesabat”...

Azərbaycana qarşı daha bir “hesabat”...

02.08.2024 [10:00]

BTQ neokolonializmə qarşı mübarizəni müdafiə edir

Fransa isə öz kolonial keçmişini ört-basdır etməyə çalışır

İndiki Fransa hakimiyyətinin, şəxsən prezident E.Makronun Azərbaycana qarşı davamlı şəkildə qərəzli siyasət apardığı hər kəsə bəllidir. Elə təsəvvür yaranır ki, tarixi ənənələri olan bu böyük ölkənin başqa problemi yoxdur, işi-gücü kiçik Ermənistana dəstək verməkdən, postmüharibə mərhələsində Bakı ilə İrəvan arasında başlayan tənzimləmə prosesinə əsassız müdaxilələr etməkdən ibarətdir.

Hakimiyyətin digər qolları, o cümlədən Fransa parlamenti də Makronun Ermənistana münasibətdə əndazəni aşan davranışlarından nümunə götürərək Azərbaycanafob xorda yer almağa çalışırlar. Xatırlatmaq yerinə düşər ki, təkcə son vaxtlarda Fransa parlamentində ölkəmizə qarşı bir neçə qərəzli qətnamə qəbul olunub. Fransa Senatı özünün pis ənənəsinə bu günlərdə yenidən “sadiqlik” nümayiş etdirib. Belə ki, senatın Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyası tərəfindən dərc olunan “Zərərli Xarici Müdaxilələrə qarşı Mübarizə. Bütün millətin yeni soyuq müharibəyə qarşı səfərbərliyi” adlı ilkin hesabatında ölkəmizlə bağlı reallıqdan uzaq olan fikirlər yer alıb.

Qərəzli və əsassız hesabat

Azərbaycanın siyasəti həmişə beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslanıb. Ölkəmizin təxminən otuz ili əhatə edən qısa müstəqillik tarixində həyata keçirdiyi siyasət və qazandığı uğurlar hər kəsə bəllidir. Bəli, Azərbaycan daxili və xarici siyasətində sırf milli maraqlardan çıxış edir, cəmiyyətin sosial sifarişləri əsas götürür və kənardan, hansısa güc mərkəzlərindən gələn diktələri qəbul etmir. Müstəqillik və suverenlik  bizim siyasətimizin qırmızı xəttini təşkil edir. Haradakı bu xətt pozulur, orada dövlətimizin, cəmiyyətimizin qarşısıalınmaz müqaviməti özünü göstərir. Respublikamız müstəqillik tarixində bütün uğurlarına, o cümlədən də ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına məhz bu yolla nail olub. Vaxt var idi, Fransanın da həmsədr dövlətlərdən biri olduğu ATƏT-in Minsk qrupu işğal nəticəsində formalaşmış keçmiş status-kvonun sonsuzluğadək saxlanmasına nail olmaq üçün “fəaliyyətlər” sərgiləyirdi. Azərbaycan bununla barışmadı və öz gücünə ərazi bütövlüyünü, suverenliyini tam təmin etməyə nail oldu.

İndi postmüharibə dövrünü yaşayırıq.  Azərbaycanın yaratdığı reallıqlar regionun təhdidlərdən, müharibə risklərindən qurtulması üçün münbit zəmin formalaşdırıb. Azərbaycan qalib statusuna rəğmən, hər hansı bir şərt irəli sürmədən Ermənistana sülh təklif edir. Ölkəmizin dəyişməz mövqeyi belədir ki, regionun xoşbəxt gələcəyi məhz sülhdən, sabitlikdən keçir. Belə görünür ki, Fransanın Makron hakimiyyəti Azərbaycanın müstəqillik prinsipinə və xoş niyyətə əsaslanan mövqeyini qəbul edə bilmir, buna görə də Ermənistan üzərindən sülhə təhdidlər yaratmağa çalışır. Bu ölkənin Ermənistana öldürücü silahlar tədarük etməsinin başqa anlamı yoxdur. Makron iqtidarı özünün bədnam əməllərini Azərbaycana həqiqətdən uzaq olan qarayaxmalar ünvanlamaqla pərdələməyə çalışır. Bu isə mümkün olmur, belə bəd əməllər Yelisey Sarayının özünün ifşası ilə nəticələnir.  Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa Senatının Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyası tərəfindən dərc olunan “Zərərli Xarici Müdaxilələrə qarşı Mübarizə. Bütün millətin yeni soyuq müharibəyə qarşı səfərbərliyi” adlı ilkin Hesabatına verdiyi şərhində bu kimi məqamlara diqqət çəkərək vurğulayıb: “Təəssüf hissi ilə qeyd edirik ki, sözügedən hesabatda Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupu (BTQ) ilə bağlı yer alan iddialar qərəzli, qeyri-obyektiv və əsassızdır. Hesabatda Azərbaycanın “bütün azimutlardan” təhdid edən yeni rəqib dövlət kimi qeyd olunması ölkəmizin beynəlxalq sülh və sabitlik naminə apardığı fəaliyyətləri tamamilə yanlış bir kontekstdə göstərməyə xidmət edir və Fransa ictimaiyyətini bilərəkdən çaşdıraraq Azərbaycanı düşmən obrazında təqdim etməyə, eləcə də BTQ-nin dekolonizasiya istiqamətində dünyada gördüyü böyük işləri məqsədli şəkildə ləkələməyə hesablanıb”.

Fransanın üz qarası - sümürmə siyasəti

Fransa Senatının Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyasının bədnam hesabatında hədəfə aldığı BTQ-nin əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərməkdir. Yaranmasından bir il keçməsinə baxmayaraq, BTQ BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında və dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edib. Bu tədbirlərdə iştirakçılar Fransanın kolonial və neokolonial cinayətlərini ifşa edən məlumatlar təqdim edib, müvafiq petisiyalara start veriblər. Abbas Abbasov şərhində qeyd edib ki,  BTQ yalnız müstəmləkəçilik, neokolonializmə qarşı mübarizəni müdafiə edir və heç bir halda Fransa cəmiyyətinin destabilizasiyasını hədəfləmir. “Əksinə, Fransa daxili problemlərini başqalarının üzərinə atmaq üçün bəhanələr axtararaq beynəlxalq münasibətləri gərginləşdirməkdə və müstəmləkəçilik siyasətinin törətdiyi ədalətsizliklərdən diqqəti yayındırmaq siyasəti həyata keçirir. Bu siyasət Yeni Kaledoniya, Fransız Polineziyası və Korsika kimi bölgələrdə insan hüquqlarının pozulması, iqtisadi bərabərsizliyin artması və mədəniyyətlərin yox olması ilə nəticələnir. Fransa bu ərazilərdəki xalqların haqlı mübarizəsini görməzdən gələrək, öz kolonial keçmişini ört-basdır etməyə çalışır ki, bu da beynəlxalq öhdəliklərə əməl etməmək deməkdir”, - deyə şərhdə vurğulanır.

Həqiqətən də, Fransanın XXI əsrdə müstəmləkə və sümürmə siyasətinə “sadiq” qalması bu ölkə üçün utan?verici bir faktdır. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  üzqarası siyasətin mahiyyəti dəyişməyib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.

Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.

Fransa keçmiş müstəmləkələrində kolonializmin yeni üsullarını, o cümlədən iqtisadi asılılıq vasitələrini işə salmaqla yanaşı, tez-tez hərbi müdaxilələrdən də çəkinmir. Son illərdə Yelisey Sarayı Burkino-Faso, Mərkəzi Afrika Respublikası, Çad və Malidə bu vasitəyə əl atıb. Ümumiyyətlə, Fransa 1960-cı ildən 1990-cı illərin ortalarınadək 122 dəfə Afrika ölkələrinə hərbi müdaxilə edib. Sonuncu dəfə rəsmi Paris bir qədər bundan əvvəl bədnam “konstitusiya islahatlarına” qarşı çıxan yerli kanak xalqının etirazlarını yatırtmaq üçün Yeni Kalidoniyaya hərbi qüvvələr göndərdi. Hərbi müdaxilə insan faciələri ilə nəticələnsə də, kanak xalqı milli kimliyini qorumaq naminə mücadilədən geri çəkilmədi və Makron “islahatları” müvəqqəti qaydada dayandırmaq məcburiyyətində qaldı.

Makron iqtidarının din faktorundan sui-istifadə etmək cəhdi

Bu gün dünyada ölkələr və xalqlar arasında dini ixtilaflar yaradılması meylləri artıb ki, bu da bəşəriyyətin gələcəyi üçün çox təhlükəlidir. Xüsusilə də Qərbdə İslam dünyasına qarşı hücumlar kəskin şəkildə artıb və İslamofobiya pik həddə çatıb. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa  ölkələrini payına düşür.

Makron hakimiyyəti də müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür. Fransanın onilliklər boyunca Afrikada davam etdirdiyi müstəmləkə siyasətinin həm də irqçiliyə əsaslandığı heç kəsə sirr deyil. Bu ölkədə müxtəlif auditoriyalarda müsəlmanların Fransa cəmiyyətini zəbt etmələrinə dair mesajlar verilir. Eyni zamanda, İslam dininə mənsub insanlardan məsafə saxlanılır və onlar potensial terrorçu kimi təqdim edilirlər.

Fransanın siyasi hakimiyyəti  İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Nəşrin səhifələrində dəfələrlə İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib.

Lakin Makron iqtidarı yenə də adını özgəsinə qoymaqdan çəkinmir. Məlumdur ki, bütünlüklə İslamafobiyaya yuvarlanan Yelisey Sarayı Azərbaycanla Ermənistan arasında yaşanan gərginliklərə həm də bir “xristian notları” əlavə etmək istəyir. Bununla da Makron özü haqqında Avropada “xristian təəssübkeşi” obrazı formalaşdırmaq cəhdində bulunur. Pis nümunə tez yayılır, deyiblər. Acınacaqlı hal ondan ibarətdir ki, bəzi ölkələr və təşkilatlar da Makrondan pis nümunə götürməklə “xristian klubu” qismində çıxış edirlər. Bu təhlükəli məqama diqqət çəkən A.Abbasov vurğulayıb: “Fransaya qarşı “islamofobiya” mövzusu ilə bağlı fəaliyyət göstərilməsi iddiası ölkəmizin və BTQ-nin öz müstəqil mövqeyini ifadə etməsinə yönəlmiş yeni bir dezinformasiyadır. Bu iddialar BTQ-nin fəaliyyətini dini kontekstdə marginallaşdırmaq və “küncə sıxaraq” ənənəvi dini don geydirmək niyyətindən xəbər verir. Bildiririk ki, BTQ-nin fəaliyyətində dinə və ya etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilik yer almır, əksinə, təşkilat bütün xalqların azadlıq və hüquqlarını təmin etmək üçün din, dil, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün müstəmləkə xalqlarının azadlıq mübarizəsini beynəlxalq hüquq çətiri altında dəstəkləyir və əməkdaşlığı təşviq edir.

Biz Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə, habelə BTQ-nin qaldırdığı müstəmləkələrlə bağlı haqlı iradları qəbul etməyə çağırırıq”.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31