Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qubadlı şəhəri günü - bayram bayrama qarışıb...

Qubadlı şəhəri günü - bayram bayrama qarışıb...

25.10.2024 [08:27]

Vətən müharibəsindəki və lokal xarakterli antiterror tədbirlərindəki tarixi  qələbələr sayəsində otuz il ərzində düşmənin nəzarəti altında qalan torpaqlarımız işğaldan azad olunub, ölkənin bütün ərazilərində suverenliyimiz tam təmin edilib. Bu qələbələri heç kim bizə bəxş etməyib. Onları igid hərbiçilərimiz canları, qanları hesabına qazanıblar. Buna görə də hər bir şəhərin və kəndin işğaldan azad edilməsi tarixi bizim üçün son dərəcə böyük önəm daşıyır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. Həmin sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyənləşdirilib. Bu gün qubadlılar, eləcə də onlarla birlikdə bütün Azərbaycan xalqı həm Qubadlının işğaldan azad edilməsi tarixini, həm də Qubadlı şəhəri gününü bayram kimi qeyd edirlər. Necə deyərlər, bayram bayrama qarışıb.

İşğala qədərki Qubadlı

Qubadlı rayonu ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Rayonun sahəsi 802 kvadratkilometrdir və əsasən dağlıq ərazilərdən ibarətir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistanla, şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.

Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.

Ümumilikdə rayonda 79812 hektar torpaq fondu var. Xalq arasında “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzənliklər məhsuldar torpaqları ilə məşhurlaşıb. İşğala qədər torpaq fondunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur;

Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Burada tütünçülük  iqtisadiyyatının mühüm bir istiqamətini təşkil edirdi. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi.

İşğalın ağır fəsadları

1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və keçmiş Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamışdı. Dinc əhaliyə qarşı terror törədilməsi davamlı hal almışdı. Getdikcə intensivləşən hücumların nəticəsi olaraq  rayon 1993-cü il avqustun 31-də ermənilər tərəfindən tamamilə işğal olundu.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşmək məcburiyyətində qalıb. Bütövlükdə işğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial təyinatlı obyekt, 161 mədəniyyət ocağı, 7 məscid, 16 körpü dağıdılaraq yararsız vəziyyətə salınıb. O cümlədən 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su, 4830 km elektrik, 165 km magistral qaz boru xətləri, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.

İşğal illərində rəsmi İrəvan Qubadlıda da qanunsuz məskunlaşma həyata keçirib. Belə ki, xaricdən gətirilən ermənilər burada yerləşdiriliblər. Məsələn, erməni lobbisinin vəsaitləri ilə Xanlıqda qəsəbə salınıb. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan dövlət müharibə cinayətləri  törədən dövlət sayılır.

Müharibənin gedişində dönüş

Qubadlının işğaldan azad edilməsi  44 günlük Vətən müharibəsinin gedişində  əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı.

Belə bir şəraitdə  Qubadlı əməliyyatının həyata keçirilməsi xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər ələ keçirildi və ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi. Bundan sonra 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Bütövlükdə noyabrın 9-dək Qubadlı şəhəri və rayonun  41 kəndi ağır döyüşlərdən sonra işğaldan azad edilib.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15209 nəfər hərbi qulluqçu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyev 23 dekabr 2020-ci il tarixində rayona səfəri çərçivəsində Qubadlıda Azərbaycan Bayrağını ucaldıb.

Qubadlının yeni inkişaf tarixi

44 günlük Vətən müharibəsindən sonra Qubadlının da yeni inkişaf tarixi başlayıb. İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, burada da genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, əhalinin layiqli qayıdışının təmin edilməsi üçün müasir infrastruktur qurulur, yaşayış evləri tikilir. İnfrastruktur obyektləri layihələndirilərkən Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikası nəzərə alınıb. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq burada inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.

Hazırda Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 2023-cü il sentyabrın 5-də dövlətimizin başçısı “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

İndiyədək Prezident İlham Əliyev bir neçə dəfə Qubadlıda səfərdə olub. Həmin səfərlər çoxsaylı açılış və təməlqoyma tədbirləri ilə yadda qalıb. O cümlədən dövlətimizin başçısı 25 oktyabr 2021-ci il tarixində rayona səfəri çərçivəsində Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılış tədbirlərinə qatılıb, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 2022-ci il oktyabrın 19-da baş tutan səfər zamanı isə Prezident İlham Əliyev  “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasiminə qatılıb.

Artıq Qubadlı şəhəri də yenidən qurulur.  Prezident İlham Əliyev 2023-cü il mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib. Dövlət başçımıza məlumat verilib ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınır. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılıb. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur.

Xanlıq, Mahruzlu, Zilanlı Qubadlı rayonunda ilkin mərhələdə təməli qoyulan kəndlər sırasında yer alır. Hər üç kəndin təməli Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bütün bunlar Qubadlının xoş günlərindən xəbər verir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30