Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Terrorizm bəşəriyyət üçün ciddi təhdid olaraq qalır

Terrorizm bəşəriyyət üçün ciddi təhdid olaraq qalır

03.07.2026 [13:10]

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir

Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal üzvü olaraq bəşəriyyətə, humanizmə təhlükə yaradan fəaliyyətlərə qarşı daim aktiv mübarizə aparıb. Terrorçuluq, eləcə də onu doğuran təzahürlər, o cümlədən, ekstremist və kriminal strukturlar dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlərdir. Bu baxımdan, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsi mühüm əhəmiyyət kəsb edir.

Diplomat: Terrorizm heç bir şəraitdə və ya bəhanə ilə əsaslandırıla bilməz

Yeri gəlmişkən, bugünlərdə BMT Baş Assambleyasında “BMT-nin Qlobal Terrorizmlə Mübarizə Strategiyası” mövzusunda plenar iclas keçirilib. İclasda çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, terrorizm regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olaraq qalır: “Dünyanın bəzi bölgələrində, o cümlədən regionumuzda terrorizmdən ərazi iddialarını irəli sürmək, separatizmi qızışdırmaq və suveren dövlətlərə qarşı təcavüzü dəstəkləmək məqsədilə müharibə vasitəsi kimi istifadə olunub. Bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və birliyinə hörmət bir daha təsdiqlənməlidir. Terror aktlarını törədən şəxslərin məsuliyyətə cəlb edilməsi prioritet olaraq qalmalı, cəzasızlığa qarşı sıfır tolerantlıq nümayiş etdirilməlidir”. Onun sözlərinə görə, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Terrorizm heç bir şəraitdə və ya bəhanə ilə əsaslandırıla bilməz.

Çıxışının sonunda Tofiq Musayev qeyd edib ki, BMT-nin Qlobal Terrorizmlə Mübarizə Strategiyasının səmərəli icrası prioritet olaraq qalır və bu məqsədə yalnız səmimi beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq və həmrəylik sayəsində nail olmaq mümkündür.

Məlumdur ki, hazırda terrorçuluğa qarşı mübarizə dünya üzrə ən aktual çağırışlardan birinə çevrilib. Artan narahatlıqlar onunla bağlıdır ki, terrorçuluğun coğrafiyası getdikcə genişlənir və onun məzmunu daha da aqressivləşir. Əksər hallarda isə belə əməllərin qurbanları sadə insanlar olurlar. Siyasi, iqtisadi, humanitar, kibertəhlükəsizlik və digər məzmunlu terrorizm əməllərini fərqləndirmək mümkündür. Azərbaycanın terrorizmə qarşı mübarizəsi sistemli səciyyə daşıyır. Aparılan ardıcıl mübarizə həm cəmiyyətimizin xarakterinə və istəyinə, həm də dövlətin güclü siyasi iradəsinə əsaslanır. Ölkəmiz terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il tarixli terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilib. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan öz hava məkanını və hava limanlarını beynəlxalq antiterror koalisiyası üzvlərinin üzünə açıb.

Milli qanunvericilik təkmilləşdirilir

Paralel şəkildə, terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür və fəaliyyətlər uzlaşdırılır.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında  BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.

Azərbaycanı terrorizmə qarşı sistemli mübarizə aparmağa sövq edən əsas amillərdən biri də ondan ibarətdir ki, ölkəmiz də terrordan əziyyət çəkən dövlətlər sırasında yer alır. Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycanın ərazisində törədilən, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 

Bu gün ölkəmiz təhlükəsizlik və sabitlik adasıdır

Azərbaycan torpaqlarında dəfələrlə terror aktları törədib. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarlarının və iştirakçılarının bir çoxu hələ də azadlıqdadırlar və qanun qarşısında cavab verməyiblər. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində dəhşətli terror hadisələri törədildi. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Silahlı Qüvvələrimizə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edildi və xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən öz xeyriyyə və qeyri-kommersiya statuslarından sui-istifadə edilərək suveren ərazilərimizdə terror fəaliyyətlərinin maliyyələşdirilməsi üçün külli miqdarda ianələr toplanıldı. Ermənistan 30 illik işğal dövründə, həmçinin ekologiyamıza, təbii sərvətlərimizə, tarixi abidələrimizə qarşı dövlət səviyyəsində terror siyasəti həyata keçirib.

Mürəkkəb geosiyasi məkanda olmasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində aparılan qətiyyətli işlər Azərbaycana beynəlxalq arenada investisiya və turizm üçün cəlbedici ölkə, “təhlükəsizlik və sabitlik adası” imicini qazandırıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31