Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək

08.01.2015 [09:49]

Prezident İlham Əliyev: Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Eyni zamanda, diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, inkişafın Azərbaycan modeli ölkəmizdə yalnız sosial-iqtisadi sahədə qazanılan uğurlarla şərtlənmir, həmçinin, digər istiqamətləri də əhatə edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev yola saldığımız 2014-cü ilin son günlərində Bakının Binəqədi rayonunda istifadəyə verilən Heydər məscidinin açılışındakı çıxışında ölkəmizin sürətli inkişafına zəmin yaradan amilləri, Azərbaycanı dünya miqyasında fərqləndirən, müsbət imicini formalaşdıran cəhətləri, respublikada ardıcıl surətdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərini bir daha bəyan edib. Dövlət başçısının vurğuladığı kimi: “Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən ölkədir. Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır. Bu birliyin təməlində xalq tərəfindən bizim siyasətimizə olan dəstək dayanır. Bizim siyasətimiz isə milli maraqlara söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür”.
İqtisadi cəhətdən yüksək sürətlə inkişaf edən Azərbaycan dünyada söz sahibinə çevrilib
Qeyd edək ki, son illərdə dövlət başçısının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət və səmərəli islahatlar sayəsində Azərbaycan bütün dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəlib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində Azərbaycanın son illərdə iqtisadi sahədə qazandığı uğurları xüsusi vurğulayıb: “Azərbaycan iqtisadi sahədə dünyada ən böyük nailiyyətlərə çata bilibdir. Bunu bütün mötəbər beynəlxalq qurumlar qeyd edir. İqtisadi inkişaf, iqtisadi islahatlar, sosial məsələlərin həlli, insanlara göstərilən diqqət, regionların inkişafı, bütün bunlar reallıqdır”.
Ümumiyyətlə, hər bir ölkənin inkişaf səviyyəsini, sosial-iqtisadi durumunu müqayisələr aparmaqla daha real qiymətləndirmək mümkündür. Bu mənada son 10 ildə Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlərin, maliyyə imkanlarının genişlənməsinin regionun və dünyanın ayrı-ayrı ölkələrindəki vəziyyətlə müqayisəli təhlili nikbinlik doğurur.
Belə ki, Azərbaycan son illərdə iqtisadi-maliyyə dayanıqlılığını qorumaqla yanaşı, eyni zamanda, öz potensialını ilbəil genişləndirərək bu əsasda ölkədə əhalinin sosial rifahının daha dolğun şəkildə təmin edilməsinə nail olub. Statistik göstəricilərə nəzər saldıqda ölkəmizin bütün sahələrdə dinamik inkişafa nail olduğu aydın görünür. Son 10 il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrü keçib. Respublikamızda bəhs olunan dövrdə hər bir ölkənin iqtisadiyyatının dayanıqlılığını şərtləndirən ümumi daxili məhsul istehsalında 3 dəfədən çox artıma nail olunub. Davamlı inkişaf sayəsində Azərbaycan bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilib. Müqayisə üçün bildirək ki, hazırda Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75 faizdən çoxu məhz Azərbaycanda cəmləşir. Azərbaycanın iqtisadi inkişafı və bunun məntiqi nəticəsi kimi siyasi nüfuzu o səviyyəyə çatıb ki, regionda hər hansı bir layihənin reallaşdırılması ölkəmizin iştirakı olmadan qeyri-mümkündür. Ölkə iqtisadiyyatının həcminin dünyada analoqu olmayan səviyyədə genişlənməsi paralel surətdə büdcə xərclərinin 20 dəfə artması ilə nəticələnib. Ölkəmizin maliyyə vəziyyəti də kifayət qədər sabitdir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötüb ki, bu da kifayət qədər böyük rəqəmdir. Respublikamızın xarici borclanmasının çox aşağı səviyyədə saxlanılması məmnunluq doğurur. Qeyd edək ki, hazırda respublikamızın xarici borclanması ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir. Hazırda bir sıra inkişaf etmiş ölkələrdə belə çox kəskin şəkildə özünü biruzə verən işsizlik və yoxsulluq problemi Azərbaycanda təxminən 5 faiz səviyyəsinə enib. Ölkədə bütün sosial layihələr uğurla icra edilir, maaşlar, pensiyalar mütəmadi qaydada artırılır, inflyasiya çox aşağı səviyyədədir.
Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan bütün bu uğurlara dünya üçün kifayət qədər çətin keçən illərdə imza atıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində bu cəhətə də diqqət çəkib: “Dünyada indi maliyyə-iqtisadi böhranın artıq ikinci mərhələsi yaşanır. Ancaq mən həmişə demişəm ki, Azərbaycan sabitlik adasıdır. Biz Azərbaycanı bütün bəlalardan qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamalıdır. Biz təhlükəsizliyi qoruyuruq, ölkəmizin sürətli inkişafını təmin edirik”.
Bu bir həqiqətdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regional və qlobal miqyaslı layihələrin reallaşdırılmasına sanballı töhfələr verməsi öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunun artması, dünya miqyasında söz sahibinə çevrilməsi ilə nəticələnib. Respublikamızın qısa müstəqillik tarixində beynəlxalq birliyin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında ölkəmizin regional və qlobal əməkdaşlığa töhfə verməsindən məmnunluğunu ifadə edərək bildirib: “Azərbaycan bu gün dünyada söz sahibidir. Bizim beynəlxalq nüfuzumuz gündən-günə möhkəmlənir. Dünya birliyinin üzvlərinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstəyi bizə verilən səslərdə ifadə edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edibdir. Azərbaycanın regional inkişaf üçün gördüyü işlər həlledici rol oynayır. Regional təhlükəsizlik, əməkdaşlıq, regional məsələlərin həlli - bunlar bizim bu bölgədə ümumi işimizə verdiyimiz töhfələrdir”.
Azərbaycanda həyata keçirilən siyasət milli maraqlara söykənir
Heç şübhəsiz, dünyanın ayrı-ayrı ölkələrinin ciddi kataklizmlərlə üzləşdiyi bir dönəmdə Azərbaycanın yüksək inkişafa nail olması və sabitlik adası kimi fərqlənməsi ilk növbədə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətlə bağlıdır. Azərbaycan dövlətinin siyasəti sırf milli maraqlar üzərində qurulub. Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır, eyni zamanda, öz milli maraqlarının da həmişə yüksək səviyyədə qorunmasını təmin edir. Respublikamızda Prezident İlham Əliyevin iradəsi sayəsində dövlət-xalq üçündür prinsipinə yüksək səviyyədə əməl olunur və xəlqi siyasət həyata keçirilir. Dövlət başçısının Özü daim respublikanın bölgələrinə səfərlərə gedir, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirir. Bu görüşlər, təbii ki, nəticəsiz ötüşmür. Belə görüşlərdə ictimaiyyətdən gələn təkliflər ümumiləşdirilir və dövlət siyasətinin müəyyənləşməsində mütləq nəzərə alınır. Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində Azərbaycanın dövlət siyasətinin milli maraqlara söykəndiyini bir daha vurğulayıb: “Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq. Dəfələrlə demişəm, Ulu öndərin adını daşıyan möhtəşəm məsciddə bir daha demək istəyirəm ki, Azərbaycan müstəqillik yolu ilə gedir, müstəqil siyasət aparır, öz məsələlərini özü həll edir”.
Prezident İlham Əliyev yüksək səviyyəli tədbirlərdə məmurlara xalqa ləyaqətlə xidmət etməklə bağlı ciddi tapşırıqlar verib. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Onun üçün prioritet məsələ xalqın inamını doğrultmaqdır. Öz yüksək şəxsi nümunəsi ilə bunu təsdiqləyən dövlət başçısı məmurlardan da insanların maraqlarını lazımi səviyyədə təmin etməyi tələb edir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında xalqa xidmətin bütün məmurlar üçün ən yüksək vəzifə olduğunu bir daha nəzərə çatdıraraq deyib: “Mənim üçün Prezident kimi əsas vəzifə xalqın etimadını doğrultmaqdır, xalqa xidmət etməkdir. Mən bütün dövlət məmurlarını dəfələrlə buna çağırmışam, onlara öz göstərişlərimi vermişəm. Demişəm ki, biz hamımız - Prezident başda olmaqla xalqın xidmətçiləriyik. Budur bizim vəzifəmiz”.
Respublikamızda bütün azadlıqlar yüksək səviyyədə təmin olunub
Respublikamızın ümumi inkişafında ölkədə bütün azadlıqların - mətbuat, söz, sərbəst toplaşmaq, vicdan azadlığının yüksək səviyyədə təmin edilməsi mühüm rol oynayır. Azərbaycan dünya miqyasında mətbuatın inkişafına, siyasi oriyentasiyasından asılı olmayaraq bütün jurnalistlərin sosial müdafiəsinin təmin olunmasına dövlət dəstəyi göstərən azsaylı ölkələrdəndir.
Azərbaycanı yüksək səviyyəli bir ölkə kimi fərqləndirən əsas cəhətlərdən biri isə ondan ibarətdir ki, respublikamızda din, etiqad azadlığı tam şəkildə təmin edilib, xalqın milli-mənəvi-dini dəyərlərinin qorunmasına böyük önəm verilir. Bunu aşağıdakı faktlar bir daha təsdiqləyir. Son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilib və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilir. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən cəmiyyətin istəyi nəzərə alınaraq bütün dinlərə məxsus tarixi abidələrin - katolik, alban kilsələrinin, sinaqoqların tikintisinə və bərpasına, həmçinin yeni məscidlərin inşasına böyük diqqət göstərilir. Yeni istifadəyə verilən Heydər məscidi də dövlət vəsaiti hesabına inşa olunub. Azərbaycanda ən böyük olan bu məscid öz əzəməti və gözəlliyi ilə seçilir. Məscidin zəngin ornamentlərlə bəzədilən fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən, hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
Belə əzəmətli məscidin istifadəyə verilməsi Azərbaycanda milli-mənəvi-dini dəyərlərə yüksək önəm verildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında ölkəmizdə din, etiqad azadlığının təmin olunduğuna bir daha diqqət çəkərək bildirib: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da, hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.
Azərbaycan bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadıqları tolerant ölkədir
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bununla belə, respublikamızda milli-dini zəmində hər hansı münaqişə yaşanmır, əksinə, cəmiyyətin milli-dini rəgarəngliyi ölkənin ən yüksək dəyərlərindən biri kimi qəbul olunur və təşviq edilir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk”.
Azərbaycandakı tolerantlıq və dini dözümlülük mühiti indiki dövrdə xüsusilə aktuallıq kəsb edir. Məlumdur ki, hazırda bütün dünyada milli-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik halları kəskin şəkildə artıb. Alimlər, ictimai xadimlər, siyasətçilər bu kontekstdə baş verənləri mənfi qiymətləndirərək bədbin proqnozlar irəli sürürlər. Belə bir şəraitdə Azərbaycan özünü dünyaya tolerantlıq nümunəsi kimi təqdim edir. Dünya Azərbaycanın nümunəsində müxtəlif millətlərin və dinlərin, ayrı-ayrı konfessiyaların nümayəndələrinin bir ailə kimi necə mehriban yaşadıqlarını öyrənə bilər. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin istəyidir, həm də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev Heydər məscidinin açılışındakı çıxışında Azərbaycanda bu iki vacib amilin sıx vəhdət təşkil etməsindən məmnunluqla söhbət açaraq bildirib: “Bu, bizim üçün normal həyat tərzidir, cəmiyyətin normal yaşamasıdır. Eyni zamanda, bu, bizim dövlət siyasətimizdir. Bax bu iki amil bu müsbət ab-havanı yaradır. Həm cəmiyyətdən gələn istəklər, sifarişlər, eyni zamanda, dövlət siyasətimiz”.
Eyni zamanda, Azərbaycan öz müsbət təcrübəsini bütün dünya ilə paylaşmaq niyyətindədir. Respublikamızın son illərdə beynəlxalq humanitar, dinlərarası və mədəniyyətlərarası dialoq forumlarına məmnuniyyətlə ev sahibliyi etməsi bunun təsdiqidir. Bununla Azərbaycan bir tərəfdən özünün xoş məramını ifadə edir, digər tərəfdən isə dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmamasına çalışır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar, qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir”.
Ölkəmizin ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi öz həllini tapacaq
Bütün sahələrdə dinamik inkişafa nail olan ölkəmiz, eyni zamanda, özünün ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq əzmindədir. Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində bununla bağlı nikbinliyini bir daha ifadə edib: “Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.
İşğal altındakı torpaqların azad edilməsi və ölkənin 20 ildən artıq müddətdə pozulmuş ərazi bütövlüyünün təmin olunması Azərbaycanın haqqıdır. Biz təcavüzkarlıq siyasətini qəti şəkildə pisləyirik. Buna görə də ölkəmiz münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarına daim dəstək nümayiş etdirir.
Bununla belə, Azərbaycanın səbri tükənməz deyildir. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə respublikamız öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin edəcək. Güclü iqtisadiyyata və orduya malik olması, beynəlxalq mövqelərinin möhkəmlənməsi Azərbaycana öz ərazi bütövlüyünü təmin etməyə imkan verir. Şübhə yoxdur ki, azərbaycanlılar gec-tez öz tarixi torpaqlarına qayıdacaqlar. Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışında xalqımızın böyük istəyini bir daha dilə gətirərək deyib: “Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 717 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31