Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir

Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir

17.01.2015 [11:09]

Prezident İlham Əliyev: 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə, dünya miqyasında ən gözəl göstəricilərdir
Məlum olduğu kimi, həyata keçirilən rasional iqtisadi inkişaf strategiyası və praqmatik islahatlar sayəsində bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bütün bunların fonunda hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması kimi tədbirlər milli inkişafın Azərbaycan modelinin yaranmasını şərtləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası davamlı xarakter daşıyır
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə - beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamağı bacarıb. Məsələn, statistik göstəricilərə nəzər yetirdikdə məlum olur ki, dünya iqtisadiyyatında işgüzar aktivliyin kəskin azalması və daralması ilə müşayiət olunan böhran dövründə Azərbaycan iqtisadiyyatı krizisin fəsadlarından çox cüzi təsirlənib. Dünyanın iqtisadi nəhənglərinin çox ciddi itkilərlə üzləşdiyi bir mərhələdə Azərbaycan hökumətinin operativ antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal maliyyə böhranına qarşı yüksək dayanıqlılıq nümayiş etdirib, eləcə də, sabit tendensiyalarla müşayiət edilən dinamik inkişafımız davam edib. Düzdür, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata açıq olması və inteqrasiyası dünya maliyyə böhranının ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təsir etməsinə səbəb olub. Amma son 11 ildə həyata keçirilən milli inkişaf strategiyasının nəticəsi kimi, neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, həmçinin, konservativ xarici borclanma strategiyası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqi prosseslərinə qoşulması, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər ölkəmizdə iqtisadiyyatın sabit artım tempinin davam etməsini şərtləndirib. Bu isə nəticə etibarilə ÜDM-in, xarici ticarət dövriyyəsinin müsbət saldosunun, əhalinin gəlirlərinin və investisiya qoyuluşlarının artmasını təmin edib.
Sadalananlarla yanaşı, dövlətin maliyyə-büdcə siyasətinin effektiv səviyyədə təmin olunması, valyutanın sabitliyi, strateji valyuta ehtiyatlarından səmərəli istifadə, inflyasiyanın idarə olunan səviyyədə saxlanılması, əmanətlərin sığortalanması, vergi yükünün azaldılması kimi vəzifələrin də yüksək səviyyədə yerinə yetirilməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsini təmin edən növbəti iqtisadi faktorlar kimi dəyərləndirilməlidir.
Azərbaycan yüksək beynəlxalq iqtisadi reytinqə malikdir
Bütün bu sadalananların qanunauyğun nəticəsi kimi, beynəlxalq maliyyə institutları, aparıcı strateji araşdırma mərkəzləri, nüfuzlu ekspertlər Azərbaycanın iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər. Qeyd edilir ki, Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən, həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış etməkdədir.
Dünyanın üç aparıcı reytinq agentliyi - “Standard & Poor’s”, “Fitch” və “Moody’s” kimi təşkilatların ümumi rəyi budur ki, Azərbaycan dayanıqlı və dinamik beynəlxalq reytinqə malikdir. Ölkəmiz beynəlxalq miqyasda iqtisadi subyektlərin, eləcə də milli dövlətlərin başlıca etibarlı strateji tərəfdaşlarından biri kimi çıxış etməkdədir. Belə ki, miqyasına görə regional, mahiyyətinə görə isə qlobal xarakterli layihələrdə Azərbaycan lokomotiv aktor kimi ölkələrarası ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarının formalaşmasında, inkişafında müstəsna rol oynamaqdadır. Bu isə Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha da gücləndirməkdədir.
2014-cü ildə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edib
Onu da qeyd etmək lazımdır ki, 2014-cü ilin mühüm nailiyyətlərindən biri Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bütövlükdə isə, ötən il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub.
2014-cü ildə əldə edilən uğurların fonunda sadalananları ümumiləşdirərək deyə bilərik ki, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası istiqamətində və digər bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı dövlət başçısı qeyd edib ki, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə, dünya miqyasında ən gözəl göstəricilərdir: “Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir”.
Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması strateji hədəf kimi...
Bütün bunların fonunda qarşıya daha ali bir məqsəd qoyulub: perspektivdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması. Bunun üçün artıq konseptual əsaslar da formalaşdırılıb: “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib, eyni zamanda, Azərbaycanın qısa vaxtda inkişaf etmiş ölkələr sırasına daxil olması nəzərdə tutulub. Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. Daha dəqiq desək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması əsas məqsəd kimi nəzərdə tutulan sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rifah, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq və ölkəmiz intensiv inkişaf dinamikası ilə inkişaf etmiş ölkələr sırasında qərarlaşa biləcək.
Nəticə etibarilə, Azərbaycan özünün iqtisadi inkişaf modeli ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir. Eyni zamanda, ötən il əldə edilən nailiyyətlər beynəlxalq şəraitdən asılı olmayaraq cari ilin və qarşıdakı dövrün də uğurla başa vurulacağını deməyə əsas verir. Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi: “2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 730 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31