Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda möhkəm tolerantlıq mühitinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib

Azərbaycanda möhkəm tolerantlıq mühitinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib

14.11.2015 [09:54]

Respublikamız, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir
Hər il 16 noyabr dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu ənənənin əsası 1995-ci il noyabrın 16-da qoyulub. Belə ki, qeyd olunan tarixdə UNESCO-ya üzv olan 185 ölkənin təmsilçiləri qurumun 50 illiyi münasibətilə “Tolerantlıq prinsiplərinin izahı” ilə bağlı sənəd imzalayıblar. Beləliklə, həmin vaxtdan etibarən dünya müxtəlif dinlərə və sivilizasiyalara məxsus insanların planetimizdə birgə yaşamasının mümkünlüyünü qeyd edir. Beynəlxalq Tolerantlıq Gününü təsis etməklə UNESCO bir növ dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış edib.
UNESCO-nun tolerantlıq çağırışı bu gün dünya üçün çox aktualdır
Təəssüf doğuran haldır ki, yüksək elmi-texniki nailiyyətlərlə səciyyələnən XXI əsrdə planetimizin üzləşdiyi qlobal təhdidlərdən biri məhz müxtəlif irqlərə, mədəniyyətlərə və dinlərə məxsus insanların birgəyaşayışı ilə bağlıdır. Dünya getdikcə daha çox dərəcədə bu və ya digər ölkədə milli-dini-irqi zəmində baş qaldıran toqquşmalardan, fərqli sivilizasiyaların bir-birlərini inkar etmək cəhdlərindən və hətta düşmənçilik çağırışları səsləndirmələrindən narahatlıq keçirir. Bu gün Yaxın Şərqdə və Avropada müxtəlif sivilizasiyaların qarşı-qarşıya gəlməsinin insanlığa zidd olan acı fəsadlarına şahidlik etmək olduqca kədərlidir. Demokratik dəyərləri ilə öyünən bir sıra ölkələrdə məhz dərisinin rənginə və fərqli inanclarına görə insanların qətlə yetirilmələri, onların təhsil və digər hüquqlarının müxtəlif qadağalarla məhdudlaşdırılması, xaricdən gələn məqsədyönlü ssenarilər əsasında öz ölkələrində rahat həyatları pozulan miqrantların üzünə sığınmaq istədikləri dövlətlərdə keçilməz divarlar hörülməsi, uşaqların, qocaların, qadınların zorla geriyə-müharibənin, od-alovun içinə göndərilməsi bizi bəşəriyyətin gələcəyi barədə daha ciddi düşünməyə sövq edir. Dayanmasaq, baş verənlərin qarşısını məhz indi almasaq, sabah daha genişmiqyaslı fəlakət müxtəlif coğrafiyalarda hər kəsin qapısını döyə bilər.
Yeri gəlmişkən, diskriminasiyanın, etnik təmizləmənin necə ağır fəsadlara yol açdığını Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin timsalında da aydın görmək mümkündür. Ölkəmiz qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc soydaşımız - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib.
Belə kədərli mənzərə, bizi gözləyən təhlükələrin indidən önlənməsi zərurətinin dərk edilməsi UNESCO-nun tolerantlıq çağırışının aktuallığını daha da artırır. Xalqları, mədəniyyətləri ayıran deyil, birləşdirən cəhətləri təbliğ etməklə, yeni təşəbbüslər irəli sürməklə insanlar arasında bir-birinə inam və hörmət hissini gücləndirmək mümkündür.
Azərbaycandakı möhkəm tolerantlıq mühiti bütün dünyaya nümunədir
Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlük, ksenofobiya hallarının artdığı indiki dövrdə Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə səciyyələnir. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpü rolunu oynayır. Məhz bu coğrafi yerləşmə respublikamızın mədəni müxtəlifliyinin formalaşmasına öz müsbət təsirini göstərib. Bu qədim diyar əsrlər boyu ayrı-ayrı dinlərin, fərqli sivilizasiyaların, müxtəlif mənşəli etnik qrupların təmsilçilərinin rahat və inamlı şəkildə yaşadıqları məkan kimi fərqlənib.
Azərbaycan özünün tolerantlıq ənənələrini ölkəmiz müstəqilliyə qovuşduqdan sonra da qoruyub saxlayır və daha da möhkəmləndirməyə çalışır. Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndər həm Öz şəxsi nümunəsi, həm də dövlət başçısı kimi imzaladığı sənədlərlə, verdiyi dəyərli tövsiyələrlə insanlara bir tərəfdən milli-mənəvi dəyərlərə sadiq qalmağı, digər tərəfdən isə başqa mədəniyyətlərin və dinlərin daşıyıcılarına hörmətlə yanaşmağı təlqin edirdi. Ulu öndərin aşağıdakı sözləri bu cəhətdən çox ibrətamizdir: “Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Taalanın buyurduğu, bizim yolumuzdur”.
Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində ölkəmizdə multikulturalizmi cəmiyyətdən gələn ictimai sifariş kimi səciyyələndirib. Dövlət başçısı bir daha vurğulayıb ki, multikulturalizmin alternativi yoxdur: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ - ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik”.
Eyni zamanda, həm Avropa, həm də Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın böyük üstünlüyüdür
Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Lakin belə rəngarəngliyə baxmayaraq, müxtəlif dinlərə aid inanclı insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kollec, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir. Lap bu yaxınlarda respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda qədim avtoxton etnos olan udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvləri üçün də öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dünyada müxtəlif dini icmaların fəaliyyətinin təmin olunmasına dövlət tərəfindən maliyyə dəstəyi göstərilən azsaylı ölkələrdən biridir.
Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycan ölkə rəhbərliyinin siyasi iradəsinə və cəmiyyətin sosial sifarişlərinə uyğun olaraq tez-tez mədəniyyətlərarası dialoq və humanitar forumlara, dünya dinlərinin liderlərinin zirvə görüşlərinə ev sahibliyi edir, qlobal miqyasda ölkələr, xalqlar və dinlər arasında qarşılıqlı etimad mühitinin yaranması, əməkdaşlığın dərinləşməsi və insanları bağlayan tellərin daha da möhkəmlənməsi üçün yeni təşəbbüslər irəli sürür. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq ölkəmizin sivilizasiyalararası əlaqələrin gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Xalqımıza xas tolerantlıq ənənələrinin möhkəmlənməsinə və təbliğinə Heydər Əliyev Fondu da dəyərli töhfələr verir
Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun ölkəmizdə tolerantlıq mühitinin daha da möhkəmlənməsinə verdiyi töhfələr barədə yuxarıda qismən də olsa söhbət açdıq. Heydər Əliyev Fondu ölkəmizə xas olan yüksək tolerantlıq ənənələrinin dünyada təbliği istiqamətində də genişmiqyaslı iş aparır. Fondun dəstəyi ilə son vaxtlarda dünyanın müxtəlif ölkələrində yerləşən bir sıra dini-tarixi abidələr bərpa olunub. Belə ki, Fondun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılıb. Fondun prezidenti Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Son illərdə Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Eyni zamanda, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib.
Cari ilin sentyabrında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunub. Fondun prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31