Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

02.09.2009 [09:26]

Azərbaycan dövlətinin səyləri danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir
Müqəddəs Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təşkil etdiyi iftar süfrəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada böyük uğurlar əldə etdiyini bildirib. Dövlət başçısı bütövlükdə qarşımızda yeganə böyük problemin-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin dayandığını deyib: “Azərbaycan dövləti bu istiqamətdə bütün səyləri göstərir ki, məsələ tezliklə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki, danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni, danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcəkdir. Biz hər zaman demişik ki, əlbəttə, Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaqdır. Bizim razılığımız olmadan heç vaxt, heç kim, heç bir statusu tanımayacaq və bir daha demək istəyirəm ki, danışıqlar prosesində əldə edilmiş bu mühüm nəticələr bizi daha da ruhlandırır”.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar bu gün həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. O, Prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlarda irəliləyişlərin olduğuna dair fikirlərinin bir müddət əvvəl ölkə başçısının Rusiya telekanallarına verdiyi bəyanatla üst-üstə düşdüyünü vurğuladı: “Cənab Prezident o zaman danışıqlarda ilkin nəticələrin əldə olunduğu, beş rayonun əvvəlcə, iki rayonun isə beş ildən sonra boşaldılacağı, status məsələsinə dair müzakirələrin davam etdiriləcəyi barədə bildirmişdi. Bu məlumatlar danışıqlarda Azərbaycan tərəfinin öz prinsipial mövqeyini, öz ərazi bütövlüyü məsələsini müdafiə etdiyini göstərir. Beynəlxalq ictimaiyyət də artıq Azərbaycanın mövqeyini müdafiə edir. Bu baxımdan əgər onu da nəzərə alsaq ki, son altı ay ərzində artıq iki dəfə Azərbaycan və Ermənistan dövlət başçıları Rusiyada görüşüblər və oktyabrda daha bir görüş planlaşdırılır, danışıqların və nəticələrin görünən istiqamətdə inkişaf etdiyi ortadadır. Ermənistan və onu müdafiə edən qüvvələr də işğal siyasətinin heç bir fayda vermədiyini tam müəyyənləşdiriblər. Torpaqların işğal altında saxlanılması Ermənistanı inkişafdan saxlayır, eyni zamanda, digər ölkələrlə münasibət qurmasına mane olur. Situasiya Dağlıq Qarabağın ən yaxşı halda muxtar vilayət statusunda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməsini diktə edir”.
Bu gün mərhələli həll variantının daha məqsədəuyğun göründüyünü deyən millət vəkili Prezident İlham Əliyevin ən çox maraq kəsb edən status məsələsinə də toxunduğunu bildirdi: “Söhbət ondan gedir ki, Azərbaycanın ərazi bütövlüyündən kənarda hər hansı bir status məsələsi həll oluna bilməz. Prinsipcə, bu, Dağlıq Qarabağda yaşayan erməni icması üçün böyük bir güzəştdir. Dünyanın heç bir yerində 50-60 min milli azlığa böyük muxtariyyət verilmir. Yüksək status deyəndə burada erməni dilindən istifadə, Ermənistanla sıx əlaqələrin qurulması və s. nəzərdə tutula bilər. 1992-ci ildə o vaxtkı Ermənistan prezidenti Levon Ter-Petrosyan Moskva qəzetlərinin birinə müsahibəsində bildirmişdi ki, biz Dağlıq Qarabağ üçün böyük muxtariyyət, Ermənistanla sıx əlaqəsini istəyirik və Azərbaycan tərəfi onların təhlükəsizliyinə təminat verməlidir. Bütün bunlar hamısı Azərbaycan tərəfindən yerinə yetirilir. Prezidentimizin son bəyanatı milli maraqlarımızın yüksək səviyyədə qorunmasını özündə təcəssüm etdirir. Bu, həm də Prezidentin öz üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməsi nümunəsidir. Ən əsası isə Azərbaycan suveren dövlət kimi özünün ərazi bütövlüyünə hörmət edilməsini dünyadan, o cümlədən, qonşu Ermənistandan ciddi şəkildə tələb edə bilir”.
Məsələyə münasibət bildirən, politoloq Elşad Mirbəşiroğlu qeyd etdi ki, həqiqətən də Azərbaycan son dövrlərdə danışıqlar prosesində böyük üstünlüklər əldə edib. ölkə Prezidentinin bu istiqamətdə apardığı fəaliyyəti dəyərləndirən politoloq bunun böyük bir iş olduğunu söylədi: “Cənab Prezident başda olmaqla Azərbaycan diplomatiyası bunu bacardı. Azərbaycanın dünyadakı ciddi yeri göründü. Bu gün Azərbaycanın haqq səsi bütün dünyada eşidilməkdədir. Artıq bütün məsələlərdə ciddi şəkildə irəliləyişin olduğu ortadadır. Prezident İlham Əliyev qəti şəkildə bildirdi ki, münaqişə, o cümlədən, statusun müəyyənləşdirilməsi hər bir halda yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər”.
Azərbaycanın bu gün də öz səylərini davam etdirdiyini xatırladan politoloq ölkə başçısının məsələdən narahat olan insanlarda bir əminlik yaratdığını bildirdi. Onun sözlərinə görə, bu yaxınlarda həmin əminliyin əyani nəticələrini görəcəyimizi belə proqnozlaşdırmaq mümkündür: “Bir müddət öncə cəmiyyətə açıqlanan Madrid prinsiplərində Dağlıq Qarabağın statusu məsələsi təqdimat zamanı bəlkə də qəsdən ikibaşlı səsləndirilirdi. Azərbaycan Prezidenti isə status məsələsində dəqiqliyi tələb etdi. Hesab edirəm ki, Prezidentin çıxışındakı məqam Madrid prinsiplərinin növbəti təqdimatında statusun təyin olması məsələsində dəqiqlik görəcəyimizi özündə əks etdirir. Bu gün cənab Prezident bildirir ki, biz məsələnin bu istiqamətdə həllində israrlıyıq. Azərbaycan bu mövqeyindən geri çəkilmir”.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31