Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vəzifəsini icra edə bilməyən "üçüncü valideynlər"...

Vəzifəsini icra edə bilməyən "üçüncü valideynlər"...

08.10.2009 [09:45]

Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları dövlətimizin və cəmiyyətimizin inkişaf tempi ilə ayaqlaşa bilmir
İnsan cəmiyyəti bütün dövrlərdə daim yaradıcı və destruktiv proseslərin, mədəniyyət və antimədəniyyət mübarizələrinin yaratdığı dəyişiklikləri yaşayır. Nəticədə meydana çıxan klassik və ənənəvi, milli və ümumbəşəri dəyərlər cəmiyyətin həyat tərzini və əxlaqını, təfəkkür və intellektini müəyyənləşdirir, onların formalaşmasında əsas rol oynayır.
Dünyada qloballaşmanın sürətlə baş verməsi isə bu prosesə mane olur, daha doğrusu, təbii prosesə çevrilən qloballaşma min illərlə formalaşıb oturuşmuş milli-mənəvi dəyərlərin qorunmasını problemə çevirir. Bu problemi hazırkı cəmiyyətimizin yaşadığı da gizli deyil. Yalnız bir gün vaxt ayırıb telekanalları izləməklə, yəni, milli efir məkanını incələməklə problemin hansı səviyyədə olduğunu aydınca görmək mümkündür. Ondan başlayaq ki, kütləvi informasiya vasitələrinin, bütün ölkələrdə olduğu kimi, respublikamızın həyatında da oynadığı rol, üzərində olan vəzifə yükü haqqında 2 oktyabr tarixində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mətbuatda geniş məqalə ilə çıxış edib. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində akademik kütləvi informasiya vasitələrinin, xüsusilə, televiziya və radio kanallarının inkişaf tarixinə qısa nəzər salaraq qeyd edir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayıblar. Akademik daha sonra yazır: “Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olmuşlar”.
ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalının fəaliyyət göstərdiyini qeyd edən Ramiz Mehdiyev dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verildiyini söyləyir və təəssüf hissi ilə qeyd edir ki, hazırda həmin qurumlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmirlər. Şüur və hissin, bilik və etikanın birliyindən qaynaqlanan mədəniyyət cəmiyyətin inkişaf dinamikasının universal hərəkətverici qüvvəsidir və bu harmoniyanın yaranması həm də birbaşa hörmətli akademikimizin qeyd etdiyi qurumların fəaliyyətindən qaynaqlanır. Bu qurumların fəaliyyəti isə, məqalədə yazıldığı kimi, heç də ürəkaçan deyil.
Bədii Şuradan məhrum, sovet dövründə (bunu qeyd etmək çox vacibdir ki, sovet ideologiyasının təbliğat maşını məhz KİV-lər idi) formalaşmış və artıq bizə yad görünən ənənələrdən imtina etmiş milli efir məkanımız, demək olar ki, əksər verilişlərində yad təcrübədən yararlanır. Bu isə milli dəyər və maraqlar baxımından özünəməxsusluğun itirilməsinə, yeni işləmələrin hazırlanması imkanlarının məhdudlaşmasına səbəb olur. Köhnələri qoruya, təbliğ edə bilmədiyimizdən bizə yad olan “yenilər” milli efiri, yəni, şüurları, formalaşmaqda olan yaddaşı, sürətlə olmasa da, zəbt edir. Tərəqqipərvər ənənələrin və inkişaf tələbatlarının təkmilləşdirilməsində milli özünəməxsusluğun və mədəniyyətin, eyni zamanda, milli irsin qorunması ilə yanaşı, nailiyyət və inkişaf imkanlarını araşdırmaq da tədricən arxa plana keçir. Cəmiyyət və onun qarşısındakı tələbat unudulur və bazar iqtisadiyyatının diktəsi ilə müəyyənləşən hərəkət trayektoriyası nəticədə çox ağır fəsadlar törətməyə qadirdir. “Maşın” realiti-şou tipli verilişlərin başçılıq etdiyi belə proqramların adını və məkanını göstərmək üçün çox da düşünmək lazım deyil. Bir-birini üstələməyə çalışan maqazin proqramlarının isə daha “orijinal” variantları yağışdan sonra baş qaldıran göbələk kimi artmaqdadır. özlərinə aid məişət problemlərini məhkəmə salonlarından efirə daşıyan şou əhli yalnız xalqa, yetişməkdə olan gəncliyə mənfi nümunə göstərməklə məşğuldur. Teleməkan həm də bir ölkənin ərazisində məskunlaşan, qaynayıb-qarışan və onun əhalisini təşkil edən müxtəlif etiqada və milliyyətə malik insanların din, maraq və mədəniyyətlərinin harmoniyasını özündə əks etdirən, onları birləşdirən bir məkandır. Bu mənada teleməkanın daha çox təsir, daha güclü təbliğ etmək imkanları cəmiyyətin müsbət yüklərinə hesablanmalıdır. Bu günün reallığı, təəssüf ki, tamamilə əks qütbdə dayanır. Teleməkanda “at oynadan” şou-proqramlar və onların nümayəndələri, Azərbaycan mentalitetini dərindən bilməyən və bəlkə də bunu artıq hesab edən aparıcılara geniş meydan verilməsi inkişaf etməkdə olan cəmiyyətimiz üçün dünyada meydan sulayan epidemiyalar qədər qorxulu təhlükə yaradır. çünki bu epidemiyaların qurbanları cismən yox, mənən aşınmaya məruz qalırlar. Mənəvi aşınma isə istər-istəməz şüuraltı yaddaşın zədələnməsinə, ən pis halda sıradan çıxmasına səbəb olur.
Unutmayaq ki, mədəniyyəti yalnız qazanılmış keyfiyyətlər kimi deyil, həm də müəyyən sosial mühitdə aşkar edilmiş genetik yaddaş - valideynlərin “genetik yaddaşından” ötürülmüş potensial qabiliyyətlər kimi təhlil edirlər. Unutmayaq ki, televiziya yarandığı gündən üçüncü valideyn “tituluna” layiq görülüb. Mədəniyyət idrak, maarifçi, dünyagörüş, humanist, ideoloji və digər mühüm mənəvi funksiyaların sistem halında birləşməsinin təzahürüdür. Bu aksiomanı unudan telekanal rəhbərlikləri “bazar iqtisadiyyatına hesablanmış”, “sosial sifarişli” verilişlərin (hər halda, tənqidə tuş gələn telekanal rəhbərliklərinin ən böyük arqumentləri bu ifadə olur) sayını durmadan artırmaqdadırlar. Bir verilişin və ya şou-proqramın xarici televiziyadan götürülüb eynilə tətbiq olunmasının zərəri haqqında düşünməyənlər normal şou-proqramların gətirəcəyi qazanc haqqında da düşünə bilmirlər. Məsələn, Türkiyənin “Star” telekanalında yayımlanan və milyonların izlədiyi “Zühal Topalla izdivac” verilişinin kommersiya tərəflərini çox da həvəslə açıqlamırlar. Proqramın gətirdiyi qazancı hesablamaq teleməkana az-çox bələd olan hər kəs üçün çox asan məsələdir. Amma bir məqam var ki, nədənsə bizim teleməkanlarda həmin məqama diqqət yetirilmir. Veriliş bitərkən onun əziyyətini çəkənlərin siyahısında sosioloq-psixoloqlar, rejissorlar, səhnə mədəniyyəti və davranışı mütəxəssislərinin də adları yer alır. Azərbaycan teleməkanında yayımlanan proqramların əksəriyyəti “kapirovka” olmaqla yanaşı, heç bir mütəxəssis tərəfindən xüsusi olaraq bizim cəmiyyət üçün işlənib hazırlanmır. Bu isə müsbət yox, mənfi yüklərin-Qərbə, Avropaya məxsus, bizim mentalitetə yad ünsürlərin topluma ötürülməsinə səbəb olur ki, onun da mənfi nəticələrinə yuxarıda toxunmuşuq.
Mənəvi inkişafla yanaşı, şəxsiyyətin düzgün inkişafının təmin edilməsində, vətənpərvərliyin və bu kimi duyğuların formalaşmasında “intellektual mədəniyyət”in” rolu danılmazdır. Misal üçün, çoxlu nümunələr göstərə bilərik: yenə də çox da uzaq keçmişimiz olmayan sovet dövrünü-kommunist hakimiyyətinin alman faşistləri ilə amansız mübarizəsini xatırlamaqla kifayətlənək. Və nəzərə alsaq ki, o dövrlə müqayisədə informasiya texnologiyaları sahəsində əsl intibah baş verib, demək, bizim əlimizdə sovet ideologiyasının yararlandığından daha güclü “silahlarımız” var. Sadəcə olaraq, bu “silahları” özümüzə tuşlamışıq.
Teleməkanın bizə ötürdüyü, təqdim etdiyi mədəniyyətin dövlət, cəmiyyət və insan üçlüyünün inkişafı naminə “redaktə” olunmasına bu gün çox böyük ehtiyac yaranıb. Və bu, teleməkan rəhbərliklərinin əllərində silah etdikləri arqument kimi sosial sifariş, cəmiyyətin özünün tələbidir. Etik, estetik və mənəvi sərvətlərimizin ötürülməsindən, eləcə də, cəmiyyətin zövqü, hissi kimi amillərdən yaranan tarixi proses - mədəniyyət insanın inkişafı və təkmilləşməsinə xidmət edir. Bu isə dövlətin və cəmiyyətin inkişafında əvəzsiz bir amildir.
Digər bir tərəfdən, etik mədəniyyət-yüksək mənəviyyat, xeyirxah məram, insanpərvərlik intellektual mədəniyyətlə harmoniya təşkil etməli, cəmiyyəti sağlamlaşdıran qüvvəyə çevrilməlidir. İrsi faktorlarla yanaşı, daha vacib və qaçılması mümkün olmayan təbliğatın məsuliyyəti birbaşa KİV-lərin boynuna düşür.
Təəssüf ki, humanizm, sevgi, şərəf, ləyaqət və dözümlülük, qonaqpərvərliklə bağlı dəyərlərin qorunması, şəxsiyyətə hörmət, məsuliyyət və vətənpərvərlik kimi insani prioritetlərin formalaşması gündəlik həyatımıza daxil olan verilişlərin kütlə, əyləncə mədəniyyətinin etik və estetik səviyyəsindən daha çox asılı olur. Bu səviyyəni yüksəltmək, onlara daha qlobal forma və məzmun vermək üçün Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin bir-birinin ardınca imza atdığı və reallaşdırdığı bir sıra beynəlxalq layihələri xatırlatmaq yerinə düşər.
2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması ilə bağlı da KİV-lərin üzərinə çox böyük məsuliyyət düşür. Uşaqların ailə və sosial tərbiyəsi və təhsilində, uşaq ədəbiyyatı və incəsənəti sahəsində milli və bəşəri mədəniyyətin ən dəyərli nailiyyətləri təbliğ edilməli, gələcək vətənpərvər nəslin yetişdirilməsinin qayğısına qalınmalıdır. Teleməkanın uşaq verilişləri hələ də “Gopçu Pirim” kimi obrazların əsiridir. Bir sözlə, dövlətimizin milli ideologiyası, mənəvi dəyərlərimizin qorunmasında, cəmiyyətin estetik zövqünün və yüksək mədəniyyət normalarının formalaşdırılmasında mədəniyyət siyasətinin ən yaxın köməkçisi olan efir məkanı özünün problem və vəzifələrini bir də diqqətlə saf-çürük etməlidir. Bunun üçün isə akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər, vəzifələr” məqaləsi ən yaxşı proqramdır.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31