Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyevin növbəti humanist təşəbbüsü

Prezident İlham Əliyevin növbəti humanist təşəbbüsü

30.01.2019 [10:01]

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanına əsasən əlavə olaraq 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Qeyd edək ki, dövlət başçısının və Birinci vitse-prezidentin şəhid ailələri ilə bu görüşü bir tərəfdən ölkəmizdə həyata keçirilən dərinməzmunlu sosial siyasətin təzahürüdür, digər tərəfdən isə ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi münasibətinin və qayğısının ifadəsidir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bu görüşün keçirilməsi təşəbbüsünün Ondan gəldiyini nəzərə çatdırıb. Dövlət başçısı torpaq, Vətən uğrunda həlak olmuş şəhidlərin yaxınlarına Özünün dərin hörmətini ifadə etmək istədiyini səmimiyyətlə vurğulayıb.
Sosial dövlət olan Azərbaycanda müharibədən əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilir
Azərbaycan sosial dövlətdir. Ölkənin dinamik iqtisadi inkişafı dərinməzmunlu sosial siyasətlə tamamlanır. Bir qayda olaraq respublikada insanların mənafeyinə, onların həyat şəraitinin yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına, xidmətlərin inklüzivliyinin təmin olunmasına hesablanan sosial təşəbbüslər Prezident İlham Əliyevdən gəlir. Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Son 15 ildə dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib. Ölkədə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb.
Respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətə uyğun olaraq şəhid ailələri, müharibə əlilləri, qaçqın və məcburi köşkün soydaşlarımız geniş dövlət qayğısı ilə əhatə olunublar. Məlum olduğu kimi, müstəqilliyimizin ilk vaxtlarında - ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hakimiyyəti zəbt edən AXC-”Müsavat” cütlüyünün səriştəsiz və xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qaldı. O vaxt Azərbaycanda hakimiyyətsizlik, hərc-mərclik hökm sürürdü. Dövlət başçısının bəhs olunan tədbirdə də vurğuladığı kimi, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. “1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu gün Azərbaycan iqtidarı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün məqsədyönlü siyasət aparır - respublikamız, bir tərəfdən, sülh danışıqlarında konstruktiv mövqe ortaya qoyur, eyni zamanda, ordu quruculuğuna böyük diqqət göstərir. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti kifayət qədər yüksək səviyyədədir, Silahlı Qüvvələrimizin şəxsi heyətinə yüksək mənəvi ruh hakimdir. Azərbaycan Ordusu öz gücünü artıq döyüş meydanlarında göstərir. Şanlı aprel döyüşləri, 2018-ci ildə keçirilən Naxçıvan əməliyyatı ordumuzun tarixi qələbələridir. Həmin döyüşlərdə Silahlı Qüvvələrimiz bir neçə strateji yüksəkliyi işğalçılardan azad edib və bu gün həmin yüksəkliklərdə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
Bütün vasitələrdən bəhrələnərək özünün ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycan, eyni zamanda, Vətən torpaqları uğrunda həlak olan şəhidlərin ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn ardıcıl siyasət həyata keçirir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir”, - deyə vurğulayıb.
Qeyd edək ki, respublikamızda müvafiq kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı çoxşaxəlidir. Son 15 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn bir neçə Fərman və Sərəncam imzalayıb. Ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, I qrup müharibə əlilləri üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alır.
Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.
Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcək. Sadalanan faktlar dövlətimizin müharibədən əziyyət çəkən insanlara, o cümlədən də şəhid ailələrinə, müharibə əlillərinə olan həssas münasibətinin təzahürüdür. Bütövlükdə müqayisə apardıqda bəlli olur ki, dünyada əhalinin həssas təbəqələrinə Azərbaycan qədər hərtərəfli qayğı göstərən ölkələrin sayı çox azdır.
Şəhid ailələrinə, müharibə əlillərinə qayğı ölkə Prezidentinin fəaliyyətində prioritet istiqaməti təşkil edir
Azərbaycan Prezidentinin son 15 ildəki fəaliyyətini izlədikdə bəlli olur ki, dövlət başçısı şəhid ailələrinə, müharibə əlillərinə, qaçqın və məcburi köçkün soydaşlarımıza xüsusi həssaslıqla yanaşıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan görüşdəki çıxışında da bu məqama toxunub. Dövlət başçısı xalqa xidmət etməyin Özü üçün ən böyük borc, ən böyük vəzifə olduğunu vurğulayaraq deyib: “Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.
Prezident İlham Əliyev müvafiq kateqoriyadan olan ailələrə həssas münasibətini 2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində bir daha nümayiş etdirdi. Məlum olduğu kimi, respublikamızda 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdı. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etmişdi. 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bəhs olunan Fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bu, Azərbaycan Prezidentinin öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir. “Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə Fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur”.
Dövlət başçısının imzaladığı yeni Fərmana əsasən birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib
Ölkəmizdə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının icrasına ötən il noyabrın 14-dən başlanılıb. Şəhidlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi alırlar. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu tərəfindən həmin sənədlərin təhlili aparılır. Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlərin həyata keçirilməsi müvafiq qaydada davam etdirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanla birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Prezident İlham Əliyev yeni Fərman imzalanarkən məsələyə sosial ədalət prizmasından yanaşıldığını nəzərə çatdıraraq deyib: “Biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur”.
Yuxarıda bəhs olunan görüşdə iştirak edən şəhid ailələrinin üzvləri ölkəmizə müvafiq kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərildiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi onların həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Şübhə yoxdur ki, Azərbaycan Respublikası Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı da yüksək səviyyədə icra ediləcək.
Şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması gələcəkdə də davam etdiriləcək
Respublikamızda sosial sferada böyük diqqət göstərilən məsələlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri, fin tipli evlər tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrası uğurla davam etdirilir. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. İndiyədək layihə çərçivəsində inşa edilən bir neçə çoxmənzilli bina istifadəyə verilib.
O cümlədən respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Əlamətdar haldır ki, respublikamızda bu proses ildən-ilə daha geniş vüsət alır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2018-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 626 mənzil verilib. Proses gələcəkdə də davam etdiriləcək. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin”, - deyə vurğulayıb.
Yuxarıda deyilənlər müstəqil Azərbaycanın dərinməzmunlu sosial siyasəti barədə konkret təsəvvür yaradır. Dövlətimizin sosial sahədəki əsas hədəfi aztəminatlı insanların həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Faktlardan da göründüyü kimi, sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31