Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 1969-cu ildən başlanan inkişaf yolumuz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

1969-cu ildən başlanan inkişaf yolumuz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

13.07.2019 [10:25]

Məlum olduğu kimi, Azərbaycanın XX əsrdəki inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin tarixdə siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev xalqımızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. 1969-cu ilə qədər SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye respublikasına, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir diyara çevrilib. Ona görə də 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.
Beləliklə, qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 60-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni cəhətdən tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin respublikada hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrünün əsası qoyuldu. Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq ideyasına sadiqliyini qoruyub saxlayan Ulu Öndər respublikamızda ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə respublikada elmin inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən azərbaycanlı gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi isə müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
Ulu Öndər 1969-cu il iyul ayında sovet Azərbaycanına rəhbər seçildiyi dövrdə atdığı addımlarla, gördüyü genişmiqyaslı işlərlə, istər kənd təsərrüfatı, istərsə də sənayenin ağır və yüngül sahələrində inqilabi yeniliklər etməklə, abadlıq-quruculuq fəaliyyətinin miqyasını genişləndirməklə xalqımızın sevgisini, məhəbbətini qazanmışdı. Tək bir faktı qeyd etmək lazımdır ki, 1970-ci ilin iyulunda Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Bunun nəticəsində 1971-75-ci illərdə Azərbaycanda kənd təsərrüfatının orta illik ümumi məhsulu 1,4 milyard manata çatdırıldı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. 1975-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, yəni 57 faiz artırıldı. 1980-81-ci illərdə respublikamızda kənd təsərrüfatının istehsal olunan ümumi məhsulunun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi.
Beləliklə, 1969-cu ilə qədər hətta Sovet İttifaqı miqyasında belə inkişafına görə sonuncu yerləri tutan Azərbaycan qısa zamanda mühüm yüksəliş əldə etdi. Azərbaycanda bu müddətdə kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf etdi. O dövrlərdə bütün yaşayış məntəqələrində - şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qaz verildi, telefon çəkildi. Ümumiyyətlə, respublikanın hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Artıq Azərbaycan sovet imperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu hələ son deyildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu. Bir sözlə, Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. İstər Gəncə, Əlibayramlı (Şirvan), Mingəçevir, Lənkəran, Salyan, Sumqayıtda, istərsə də ölkənin digər rayonlarında tikilən yeni zavodlar iqtisadiyyatın paytaxt asılılığından (Moskvadan) çıxmasına şərait yaradırdı.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı da Azərbaycanın çiçəklənməsi, inkişafı, yeniliklərlə müşahidə olundu. Belə demək mümkündürsə, Heydər Əliyev adı, Heydər Əliyev fenomeni Azərbaycanın inkişafının təməl prinsipi sayılır.
Vurğulamaq lazımdır ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə müstəqilliyimiz elan olunsa, Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması məhz dahi rəhbərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışı ilə reallaşdı. Məlum olduğu kimi, 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bu cür acınacaqlı durumdan isə Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti və iradəsi xilas edə bilərdi. Məhz Onun ən çətin şəraitdə düzgün qərar qəbul etmə bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtula, müstəqil dövlətçiliyini qoruyub saxlaya bilərdi. Və 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyev həm ölkəmizi məhv olmaqdan qoruya bildi, həm də buna paralel olaraq müstəqil dövlət quruculuğu prosesini davamlı olaraq reallaşdırdı. Ümummilli Liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və Ulu Öndərin Bakıya gəlməsindən bir neçə ay sonra ölkədə vəziyyətin sabitləşməsi, daha ağır nəticələrin qarşısının alınması mümkün oldu.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda daxili sabitlik təmin edildi, inkişaf yoluna qədəm qoyuldu və dövlətimiz qısa zaman kəsiyində özünün əsas dayaqlarını, möhkəmliyini təmin etdi.
Xüsusi olaraq qeyd edək ki, xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi, insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanıqlı nəticələrə nail olan, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də uğurla davam etdirilir.
Belə ki, Heydər Əliyev kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra həyata keçirilən siyasət müstəqilliyimizin əbədiliyini, dövlətçiliyimizin inkişaf səviyyəsinin və beynəlxalq nüfuzunun daim artmasını, xalqın rifah halının durmadan yaxşılaşmasını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 16 il ərzində həyata keçirilən siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Müxtəlif beynəlxalq tədbirlərin, həmçinin beynəlxalq təşkilatlar və dövlətlər arasındakı görüşlərin ölkəmizdə keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunun hər keçən gün daha da artdığını nümayiş etdirir. Bütün bu uğurlar, 1969-cu ildən başlanan inkişaf yolumuz isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Azər Badamov
Azərbaycan Respublikasının
Milli Məclisinin deputatı

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31