Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası öz işinə başlayıb

Milli Məclisin payız sessiyası öz işinə başlayıb

01.10.2019 [09:53]

Oqtay Əsədov: Əminəm ki, Milli Məclisin payız sessiyası uğurlu olacaq
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başlayıb. Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Dövlət himni səsləndirilib.
Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis 2019-cu ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Onun sözlərinə görə, Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib: “Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülüb. Parlamentin 17 iclası keçirilib, 214 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 35 ölkəyə 106 səfər həyata keçirilib. 42 xarici dövlətin və beynəlxalq təşkilatın 96 nümayəndə heyəti, yəni 834 nəfər Milli Məclisdə olub. Millət vəkillərimiz Ukraynada və Qazaxıstanda prezident seçkilərini müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilib, eləcə də 12 parlament və 2 beynəlxalq təşkilatın sədrləri Milli Məclisdə qonaq olublar. Bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və müzakirə ediləcək. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəyik. Əminəm ki, Milli Məclisin payız sessiyası da uğurlu olacaq”.
Daha sonra iclasın gündəliyi təsdiq olunub. O.Əsədov bildirib ki, parlamentin üzvü Rafael Cəbrayılov deputat mandatından imtina etməsi ilə bağlı müraciət edib. Bu barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, R.Cəbrayılov Konstitusiyaya uyğun olaraq bu addımı atıb və seçicilərindən, deputatlardan üzr istəyib: “Bu hal Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulur. Bu məsələ ilə bağlı Milli Məclis hər hansı qərar qəbul etmir. Prosedur qaydasında müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir və Seçki Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq MSK bu məsələ ilə bağlı qərar qəbul edir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, parlamentin İntizam komissiyasının üzvü Siyavuş Novruzov məsələ ilə bağlı bildirib ki, Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı: “Bunun parlamentdə müzakirəsinə ehtiyac yoxdur. Çünki bəzi şəxslər bu məsələdən sui-istifadə edirlər. Belə hallar dünyanın hər yerində baş verə bilən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Ancaq vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər. Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.
Daha sonra iclasda 2019-cu ilin payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. Müzakirələr zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qanunvericilik işləri planına vacib sənədlərin daxil olduğunu deyib. Millət vəkili həmçinin çıxışında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb. M.Quliyev bildirib ki, qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də belə məkanlarda siqaret çəkənlər var. Onun sözlərinə görə, parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur: “Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələ nəzarətə götürülsün”.
M.Quliyev əlavə edib ki, televiziyalarda energetik içkilərin reklamı qadağan edilməlidir: “Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyəcan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir. Bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da energetik içkilərlə bağlı problemlərin olduğunu deyərək, maarifləndirmə işlərinin aparılmasını vacib sayıb: “Energetik içkilərin zərərləri barədə maarifləndirmə işləri aparılmalıdır”.
“İstərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın. Təbii ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Belə bir qanun yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər diffamasiya qanunu olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq”. Bu fikirləri isə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O qeyd edib ki, Azərbaycanda internet media orqanlarının sayı çoxalır, bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir. Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbulunu vacib sayır: “Düzdür, Milli Təhlükəsizlik Konsepsiyasında informasiya təhlükəsizliyinə diqqət yetirilir. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin özü kifayət qədər geniş anlayışdır. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Nəzərə alaq ki, qloballaşan dünyada “dövlətlərin milli təhlükəsizliyi” dedikdə, daha çox informasiya təhlükəsizliyinin üzərində dayanılır. Onda təklif edirəm ki, biz də bu amilli ciddi şəkildə nəzərdən keçirək”.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin ötən sessiya zamanı məhsuldar işlədiyini deyərək vacib qanunların qəbul olunduğunu bildirib. O qeyd edib ki, payız sessiyasının da iş planında mühüm sənədlər əksini tapır. Komitə sədrinin sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və quruculuq siyasəti həyata keçirilir. Millət vəkilləri öz fəaliyyətləri ilə bu siyasətə ciddi dəstək verməlidirlər.
S.Novruzov həmçinin bəzi millət vəkillərinin parlamentdə Dağlıq Qarabağ problemi ilə bağlı komitənin yaradılması təklifinə də münasibət bildirib. O deyib ki, münaqişənin həlli ilə bağlı dövlətimizin, ölkə Prezidentinin rəsmi mövqeyi məlumdur: “Dövlətimizin başçısı bütün beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Dövlətimizin rəsmi mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atır. Belə olan halda biz nə etməliyik? Milli Məclisin beynəlxalq təşkilatlarda nümayəndə heyətləri var ki, onlar da bu yöndə fəal çalışırlar. Deputatlarımız məhz beynəlxalq təşkilatlar müstəvisində öz işlərini davam etdirməlidirlər”.
ATƏT-in Minsk qrupundan imtina məsələsinə gəlincə, S.Novruzov xatırladıb ki, bu quruma 1992-ci ildə AXC hakimiyyəti dövründə mandat verilib.
Millət vəkili Məlahət İbrahimqızı isə çıxışında ailə həkimi haqqında qanunun hazırlanıb qəbul olunmasını təklif edib.
Müzakirələrdə həmçinin millət vəkilləri Nəsib Məhəməliyev, Musa Qasımlı, Elmira Axundova, Qənirə Paşayeva, Jalə Əliyeva və başqaları çıxış ediblər. Müzakirələrdən sonra deputatlar parlamentin 2019-cu ilin payız sessiyasının qanunvericilik işləri planını qəbul ediblər. Qeyd edək ki, qanunvericilik işləri planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, payız sessiyasında dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili Qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihələri, o cümlədən bir sıra qanunlara dəyişiklik sənədləri daxildir. Daha sonra millət vəkilləri gündəlikdə olan digər məsələləri müzakirə ediblər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31