Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçkilər yüksək əhval-ruhiyyə və aktivlik mühitində şəffaf, ədalətli, beynəlxalq standartlara uyğun keçib

Seçkilər yüksək əhval-ruhiyyə və aktivlik mühitində şəffaf, ədalətli, beynəlxalq standartlara uyğun keçib

24.12.2009 [09:47]

Qaradağ rayon seçicilərinin böyük əksəriyyəti səsvermə prosesində iştirak edib
Dünən Azərbaycan xalqı gələcək beşillikdə yerli problemlərin həllində bilavasitə iştirak edəcək bələdiyyələrdə təmsil olunmaq üçün layiq bildikləri namizədlərə səs verdilər. ümumən aparılmış müşahidələrə əsasən demək olar ki, seçki prosesi şəffaf və ədalətli atmosferdə keçdi. Bunun da, əsas səbəbi seçkilərin tam demokratik şəraitdə keçirilməsində dövlətin marağının olması idi.
Xatırladaq ki, hələ ötən il seçki qanunvericiliyi təkmilləşdirilmiş, seçki prosesinin tam şəffaf keçirilməsi üçün bütün texniki tədbirlər həyata keçirilmişdi. Bu isə öz növbəsində seçicilərin siyasi prosesdə olan aktivliyini və marağını artırmışdı. Məhz bu maraq, aktivlik budəfəki siyasi kampaniyada da özünü qabarıq şəkildə büruzə verdi.
“Yeni Azərbaycan” qəzeti olaraq Qaradağ rayonunda yerləşən 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələrinin məntəqələrində bu prosesi daha yaxından müşahidə etdik. Müşahidə apardığımız seçki məntəqələrinin hamısında seçicilərin yüksək aktivliyini və əhval-ruhiyyəsinin şahidi olduq. Seçki məntəqələrində seçicilərin müstəqil şəkildə səs vermələrinə, müşahidəçilərin isə monitorinq aparmalarına yüksək səviyyədə şərait yaradılmışdı. Səsvermə prosesi zamanı isə heç bir qanun pozuntusu baş vermədi. Bu məntəqələrdə seçki prosesini izləyən müşahidəçilər də etiraf edirdilər ki, seçkilərin keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb və səsvermə şəffaf, maneəsiz şəkildə keçirilir.
Qeyd edək ki, ümumilikdə 70 minə yaxın seçicisi olan Qaradağ rayonunda (11 saylı Qaradağ Seçki Dairəsində 43599 və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsində isə 26422 nəfər) seçkilərin şəffaf, ədalətli və demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Belə ki, seçkilərin şəffaf keçirilməsi üçün Lökbatanda 9, Sahildə 3 və Ələtdə 2 seçki məntəqəsində veb-kameralar yerləşdirilmişdi. ümumilikdə isə, rayon üzrə bələdiyyə seçkilərində iştirak etmək üçün 413 nəfərin namizədliyi irəli sürülüb.
Əlbəttə ki, seçki gününün mühüm sualı bu idi ki, seçicilər hansı partiyanın namizədlərini bələdiyyələrdə təmsil olunmasına səs verirdilər. Bu məqsədlə də Qaradağ rayonunun yüzdən artıq seçicisi ilə görüşdük və onların fikirlərini öyrəndik. Seçicilərin fikirləri və seçimləri bir idi. Onların bəzilərini ixtisarla diqqətinizə çatdırırıq.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinin seçicisi Məzahir Tağıyev Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiyini söylədi və seçiminin səbəbini bu cür aydınlaşdırdı: “Düşünürəm ki, YAP-ın namizədlərini qəsəbə sakinlərinin hər biri tanıyır. çünki hələ təşviqat dövründə aparılmış görüşlər zamanı biz namizədlərin hər biri ilə tanış olmuşduq. Ona görə də, mən YAP-a inandığım üçün onun namizədlərinə səs verdim”.
12 saylı seçki məntəqəsində səs verən Azər Ələsgərov da YAP-ın irəli sürdüyü namizədlərə səs verdiyini bildirdi: “ölkədə aparılan böyük quruculuq işləri, uğurlu sosial-siyasi siyasət hər bir kəsin həyatında müsbət yönlü dəyişikliklər yaradırsa, nə üçün bu davamlı olmasın?! YAP ölkəmizdə bu işləri başlayıb və istəyirik ki, uğurlu işlər daha da geniş miqyas alsın. Ona görə də, mən bələdiyyələrdə YAP-ın namizədlərinin təmsil olunmasına səs verdim”.
7 saylı seçki məntəqəsində YAP-ın namizədlərinə səs verən Kifayət Zeynalova isə dedi ki, qəsəbə bələdiyyəsində təmsil olunmağa layiq yalnız YAP-ın namizədləridir.
6 saylı seçki məntəqəsində səs verən Maarif Qurbanov da xalqa xidmət naminə seçkilərə qatılmış YAP-ın namizədlərinə səs verdiyini vurğuladı.
Seçici Könül Süleymanova isə yaradılmış şəraitdən razılığını ifadə etdi və YAP-ın namizədlərinə səs verdiyini söylədi: “Yaradılmış şəraitdən razıyam və təbii ki, YAP-ın namizədlərinə səs verdim”.
Seçkiləri müşahidə edən müşahidəçilər də seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, sakit, şəffaf və ədalətli şəkildə getdiyini söylədilər. Müşahidəçi Nurlana Mirzəyeva seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini dilə gətirdi: “Gördüyünüz kimi, seçkilərin ədalətli və demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.
Digər müşahidəçi Mina Həsənova da seçkilərin qanun pozuntusu olmadan, sakit və şəffaf keçdiyini dedi: “Veb-kameraların quraşdırılması, barmaqların yoxlanılması və rəngsiz maye ilə boyanması, həm seçicilər, həm də bizlər üçün yaradılmış şərait seçkilərin daha demokratik şəkildə keçirilməsinə imkan verir”.
Bir sözlə, Qaradağ rayonunda seçkilər zamanı ciddi qanun pozuntuları müşahidə edilmədi, bəzi kiçik nöqsanlar olsa da, bunlar seçkilərin nəticələrinə təsir etmir. Bununla yanaşı, həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkilərin qanuna və demokratik standartlara uyğun keçirildiyini təsdiq etdilər.
Son olaraq qeyd edək ki, Bakı və regionlarda seçkilərin qanunauyğun keçirilməsi üçün tam şərait yaradılıb, seçki komissiyalarının üzvləri yüksək peşəkarlıq nümayiş etdiriblər. Seçicilər də öz növbəsində yaradılmış şəraitdən razılıqlarını ifadə edib, öz seçimlərini azad şəkildə həyata keçirdiklərini bildiriblər.
Seçkiləri müşahidə edən millət vəkili Mixail Zabelin bir çox seçki məntəqələrində olduğunu diqqətə çatdıraraq bildirdi ki, seçkilərdə rayon əhalisi yüksək aktivlik nümayiş etdirərək bələdiyyələrdə layiq bildikləri namizədlərə səs verirdilər: “Əlbəttə ki, bu seçkiləri demokratiya bayramı, demokratiya zəfəri adlandırardım. çünki bu atmosfer hiss edilir. Seçki prosesində hər hansı bir pozuntu görmədim. Seçicilər yüksək aktivlik nümayiş etdirərək, layiq bildikləri namizədlərə səs verirdilər. Seçicilər çətinlik çəkmədən öz seçimlərini edirdilər. çünki onlar səs verəcəkləri namizədləri yaxşı tanıyırdılar”.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov heç bir qanun pozuntusunun olmadığını vurğuladı: “Gəldiyim qənaət budur ki, budəfəki seçkilər də yüksək səviyyədə təşkil olunmuşdu. İnsanların yüksək fəallığı isə seçkilərin mütəşəkkilliklə keçməsinə gətirib çıxarmışdı. Hər kəs Yeni Azərbaycan Partiyasının namizədinə səs verdiyini dilə gətirirdi. Bu Qaradağ rayonunda YAP-a olan etimadın göstəricisidir. Eyni zamanda, Qaradağ rayonunda aparılan abadlıq-quruculuq işləri insanlarda dövlətə olan inamı daha da artırır. Bu baxımdan, rayonda seçkilər əhalinin yüksək fəallığı ilə keçdi. Mən bu seçkiləri də demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun keçirildiyini söyləyərdim. Müxalifətin guya seçkilərin antidemokratik keçirildiyi, ciddi qanun pozuntuları olduğu haqqında iddiaları əsassızdır və seçki prosesini ləkələmək məqsədi daşıyır”.
Seçkiləri müşahidə edən millət vəkili Hadi Rəcəbli Sahil qəsəbəsində seçkilərin gedişatını izlədiyini söylədi: “Seçkilərdə ən vacib olan mütəşəkkillik, yüksək əhval-ruhiyyə və siyasi mədəniyyət sezilirdi. Ən əsası isə odur ki, seçicilər səs verdikləri namizədləri tanıyırdılar. Seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirmək üçün bütün lazımi tədbirlər görülmüşdü. Veb-kameraların işlədiyi seçki məntəqələri var idi. Barmaqlar yoxlanılırdı, seçici siyahısında dəqiqləşmələr aparılırdı və s. ümumilikdə, keçirilən seçkiləri yüksək qiymətləndirirəm. çünki hər hansı bir qanun pozuntusu ilə rastlaşmadım. Ola bilsin müəyyən problemlər olsun. Amma bunlar seçkilərin nəticələrinə təsir etməyəcək”.
Millət vəkili Jalə Əliyeva da Qaradağ rayonunda seçkiləri izləyib: “Biz müşahidə qrupunun tərkibində Qaradağ rayonunda keçirilən bələdiyyə seçkilərinin gedişatını izləmək imkanı əldə etdik. Əlbəttə ki, müşahidələrimizin nəticələrilə qürur duyuruq. çünki ilk növbədə insanlarımızda vətəndaşlıq hissi, siyasi mədəniyyət artıq onların xarakterinə çevrilib. Vətəndaşlarımız dövlətçilik prinsiplərinin mahiyyətini dərindən dərk edərək, siyasi prosesdə aktiv iştirak edirdilər. Mən sizə deyim ki, artıq saat 11-12-yə doğru rayonun məntəqələrində 30-40 faiz səsvermə olmuşdu. Qeyd edim ki, Qaradağ rayonunda seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Seçkilər demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun keçirildi”.
Seçkilərin demokratik və şəffaf atmosferdə keçirildiyini söyləyən YAP Siyasi Şurasının üzvü Əhliman Tağıyev dedi ki, rayonda seçkilər mütəşəkkil və peşəkarlıqla təşkil olunmuşdu: “Seçkilər demokratik və şəffaf atmosferdə keçdi. İnsanların iştirak aktivliyi sezilirdi. Eyni zamanda, seçkilərin Avropa standartlarına uyğun keçirilməsi üçün vacib işlər həyata keçirilmişdi. Xüsusi olaraq qeyd edim ki, Qaradağ rayonunda insanların Yeni Azərbaycan Partiyasına olan sevgisini, inamını müşahidə etdik. Düşünürəm ki, bu rayonda siyasi aktivliyin yüksək olmasına təsir edən amillərdən sayıla bilər. Bir sözlə, rayonda seçkilər mütəşəkkil şəkildə təşkil olunduğu kimi, gedişatı da yüksək səviyyədə oldu”.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1045 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30