Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Danışıqlar Minskdə aparıla bilərmi?

Danışıqlar Minskdə aparıla bilərmi?

02.07.2026 [09:39]

Kiyevin bu təklifi qəbul edəcəyi inandırıcı görünmür

Rusiya - Ukrayna müharibəsinin başa çatması ilə əlaqadar diplomatik danışıqlar dalana dirənib. Fevral ayından sonra sülh danışıqları aparılmır. Buna səbəb tərəflər arasında vasitəçilik edən ABŞ-ın İran probleminin həllinə diqqət ayırmasıdır. G7 sammitində Ukrayna mövzusunun əsas diqqət mərkəzində olması isə Vaşinqtonun bundan sonra sülh prosesinin bərpasına çalışa biləcəyi anlamına gəlir.

Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Birləşmiş Ştatların Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına yardım göstərmək səylərini davam etdirmək niyyətini alqışlayır və bu cür təşəbbüslərə açıqdır.  Onun sözlərinə görə, Vaşinqtonun Ukraynaya silah tədarükünü davam etdirməsi və Kiyevə müxtəlif növ yardım göstərməsi səbəbindən ABŞ-ı tam neytral tərəf hesab etmək mümkün olmasa da, Moskva ABŞ Prezidenti Donald Trampın və onun danışıqlar qrupunun münaqişənin sülh yolu ilə nizamlanmasına keçidə töhfə vermək istəyini yüksək qiymətləndirir. “Biz bunu alqışlayacağıq. Biz bu cür vasitəçilik xidmətlərinə, eləcə də sülh yolu ilə nizamlanma prosesinin özünə açığıq”, - deyə Kremlin nümayəndəsi bildirib.

Fransa Prezidenti Emmanuel Makronun G7 sammitindən sonra Donald Trampın Ukrayna ilə bağlı mövqeyinin dəyişdiyinə dair bəyanatını şərh edən Peskov bildirib ki, o, Fransa liderini Vaşinqton adından danışa biləcək şəxs hesab etmir. “Düşünmürəm ki, Prezident Makron Vaşinqtonun vəkili və ya mətbuat katibi roluna namizəd ola bilər”, - deyə o bildirib və əlavə edib ki, Moskva hələlik ABŞ tərəfindən bunu təsdiqləyən hər hansı bəyanat eşitməyib.

Zelenski Putinlə görüşmək istəyir

Peskov bundan əvvəlki açıqlamalarında sülh üçün Ukrayna Ordusunun Donbası tərk etməsini əsas şərt kimi elan etmişdi. Lakin Kiyev Moskvanın bu şərtini qəbulolunmaz hesab edir və Rusiya ordusunun Ukraynanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərindən çıxarılmasını vacib sayır. Rəsmi səviyyədə dəfələrlə Ukraynanın ərazi güzəştinə getməyəcəyi bəyan olunub. Ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb. Məktubda Zelenski bildirib ki, Ukrayna “hamının hamıya” formulu ilə əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantları qismində mümkün iştirakı ilə birbaşa ikitərəfli formata hazırdır. O, görüşün neytral ərazidə keçirilməsini təklif edib və deyib ki, cəbhə xətti diplomatiyanın başlayacağı xətt olmalıdır: “Biz öz insanlarımızı itiririk və hər bir itkimiz bizim üçün ağırdır... Siz artıq müntəzəm olaraq, bir neçə aydan bir regionlarımızın, ilk növbədə də Donetsk vilayətinin ələ keçirilməsi üçün son müddətləri təxirə salırsınız. Onu bu il də ələ keçirə bilməyəcəksiniz. Lakin biz Ukraynada daimi müharibə istəmirik. Biz yaxşı bilirik ki, müharibəsiz daha yaxşıdır. Biz buna nail olmaq istəyirik. Mən əminəm ki, rusiyalıların əksəriyyəti buna müsbət cavab verməyə hazırdır və siz bunu bilirsiniz”.

Zelenski qeyd edib ki, müharibə və sülh məsələlərinin həlli üçün ənənəvi olaraq liderləri qəbul edən ölkələr var: “İsveçrə, Türkiyə, ərəb ölkələri - bir çoxları bu görüşə ev sahibliyi edə bilər və etmək istəyir. Məhz liderlər əsas məsələləri həll edirlər - bu, həmişə belə olub və olacaq. Mən görüşün dəqiq tarixini müəyyən etməyi təklif edirəm”.

Kiyev sülh üçün yeni təkliflər verib

Bununla yanaşı, Ukrayna həm əsas tərəfdaşlarına, həm də Rusiya Prezidentinin dostlarına görüşün mümkünlüyü və tammiqyaslı müharibənin sona çatması ilə bağlı təkliflər verib. Zelenskinin sözlərinə görə, “Ukrayna hər iki əsas tərəfdaşa təkliflər verib və Putinin dostları bizdən görüşün mümkün olduğunu və bu müharibənin sona çatmasının mümkün olduğunu eşidiblər. Rusiya sülhə doğru bu addımı atmalıdır”. Prezident vurğulayıb ki, Ukrayna hərbiçiləri hər gün Ukrayna dəqiqliyinin gücünü sübut edirlər: “Bunlar Rusiyanın başlatdığı və Rusiyanın bitirməli olduğu bu müharibəyə görə Rusiyaya qarşı ədalətli cavablarımızdır. Rusiya bu müharibəni özü ilə birlikdə Ukraynadan aparmalıdır - bizə müharibə lazım deyil”.

Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın neft-qaz komplekslərinə hücumlarını davam etdirir. Zelenski bəyan edib ki, uzaqmənzilli əməliyyatlarımız Rusiyanın müharibəni uzatmasına, Ukrayna şəhərlərinə və icmalarına hücumlarına qarşı ardıcıl və dəqiq cavabdır. O qeyd edib ki, Müdafiə Qüvvələrinin bölmələri Krasnodar diyarındakı Poltavskaya neft anbarına zərbə endirib. Hədəf cəbhə xəttindən təxminən 300 kilometr məsafədədir..

Putin nikbin görünməyə çalışır

Belə bir şəraitdə Rusiya Prezidenti Vladimir Putin  jurnalist Pavel Zarubinə müsahibəsində Ukrayna ilə bağlı danışıqların davam etdiyini və bu istiqamətdə yeni təkliflərin olduğunu bildirib. Putin Rusiyanın enerji infrastrukturuna endirilən zərbələrin müəyyən çətinliklər yaratdığını, lakin bunun Moskvanın danışıqlardakı mövqeyinə təsir göstərməyəcəyini deyib. Rusiya Prezidenti, həmçinin Rusiya qoşunlarının Dobropolye yaşayış məntəqəsinə yaxınlaşdığını və bu yaşayış məntəqəsindən sonra Ukrayna qüvvələrinin əvvəlcədən hazırlanmış müdafiə xətlərinin olmadığını iddia edib. Onun sözlərinə görə, Rusiyanın məqsədləri arasında Donbas və “Novorossiya” üzərində tam nəzarətin təmin edilməsi də var. Putin Rusiya qoşunlarının Sumı şəhərinə təxminən 10 kilometr, Slavyanska isə 8-9 kilometr məsafədə olduğunu, hücum əməliyyatlarının 15 istiqamətdə davam etdiyini bildirib.

O, Konstantinovkanın 96 faizinin Rusiya qüvvələrinin nəzarətində olduğunu iddia edib. Putin, həmçinin Krasnı Limanda təxminən 11 min evdən yalnız 149-nun Ukrayna qüvvələrinin nəzarətində qaldığını deyib. Bundan əlavə, Starıy Oskol yaxınlığında Ukrayna qüvvələrinin tam mühasirəyə alınmasına təxminən 2 kilometr qaldığını və Ukrayna Silahlı Qüvvələrinin yeni ərazilər tutmadığını deyib. Putin əlavə edib ki, enerji sahəsində yaranan çatışmazlığın aradan qaldırılması məqsədilə enerji idxalı genişləndiriləcək.

Görüş yeri İstanbul da ola bilər

Vladimir Putin Rusiya-Ukrayna danışıqlarının mümkün nəticə verəcəyi halda, Minsk şəhərinin danışıqlar üçün məkan ola biləcəyini də bildirib. Dövlət başçısı qeyd edib ki, Belarus bu prosesdə vasitəçi və danışıqlar məkanı kimi istifadə oluna bilər: “Mən əminəm ki, danışıqlar nə vaxtsa nəticə verərsə, Belarusun imkanlarından da istifadə etmək olar”. O, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun mübahisəli məsələlərin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini vurğulayıb. Putin xatırladıb ki, 2014-cü il Minsk razılaşmaları da daxil olmaqla, Rusiya-Ukrayna danışıqları əvvəllər də bu şəhərdə aparılıb.

Lakin Kiyevin Moskva ilə danışıqların Minskdə aparılmasına razılıq verəcəyi inandırıcı görünmür. Çünki Belarus Rusiyanın ən yaxın müttəfiqi hesab olunub. Üstəlik, Kiyev dəfələrlə Belarusu Rusiya ordusuna müəyyən texniki və s. dəstək verməkdə ittiham edib.

Bütün bunların fonunda Türkiyə danışıqların ən optimal məkanı hesab olunur. Ukrayna bu variantı birmənalı olaraq qəbul edir. Rusiya da prosesin İstanbulda aparılmasını inkiar etmir. Hətta V.Putin bu yaxınlarda hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib ki, Rusiya Ukrayna ilə sülh danışıqlarını İstanbul razılaşmaları əsasında və mövcud vəziyyət nəzərə alınmaqla aparmağa hazırdır: “Rusiya, artıq dəfələrlə deyildiyi kimi, Ukrayna ilə sülh danışıqlarına hazırdır. Biz hələ İstanbulda əldə olunmuş və o vaxt Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında danışıqlar aparmağa hazırıq. Həmin razılaşmalar onları qane edirdi”, - deyə Rusiya lideri bildirib. O vurğulayıb ki, Moskva əvvəllər əldə edilmiş razılaşmalardan geri çəkilmək üçün heç bir əsas görmür.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31