Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırır

Prezident İlham Əliyev: Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırır

29.10.2019 [09:32]

Qoşulmama Hərəkatının növbəti sammitinin Bakıda keçirilməsi Azərbaycanın böyük diplomatik uğurudur
Bu günlərdə Bakıda daha bir mötəbər beynəlxalq tədbir keçirilib. Belə ki, paytaxtımız Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi edib. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Zirvə Görüşündə təşkilata sədrlik növbəti üç il üçün Azərbaycana təhvil verilib. Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə dərinməzmunlu nitq söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir.
Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atıb
Məlum olduğu kimi, müstəqil Azərbaycanın məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət milli maraqlar üzərində qurulub və beynəlxalq hüquq normalarına, ədalət prinsipinə əsaslanır. Ölkəmiz daim öz imkanlarını təqdim edərək regional və qlobal müstəvidə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına sanballı töhfələr verməyə çalışır.
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Prezident İlham Əliyev məqsədyönlü xarici siyasətin respublikamıza beynəlxalq səviyyədə çoxlu dostlar qazandırdığına diqqət çəkərək bildirib: “Azərbaycan müstəqil xarici siyasət yeridir. Bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dostlar qazandırmışdır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi buna bariz nümunədir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir”.
Eyni zamanda, müstəqil Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına da davamlı töhfələr verir. Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətində yüksək fəallıq göstərir. Respublikamız Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etməklə və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. İndiyədək Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atıb. Məhz belə uğurlu fəaliyyətin nəticəsidir ki, respublikamız bu beynəlxalq quruma üzv olduqdan cəmi 5 il sonra Hərəkatın Zirvə Görüşünə ev sahibliyi və 2019-2022-ci illər üzrə sədrlik hüququnu əldə edib. Ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyətini nəzərə çatdıran dövlətimizin başçısı “Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır”, - deyə vurğulayıb.
Öz növbəsində tərkibində 120 ölkəni birləşdirən və BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin Sədrliyi ilə XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur. Dövlətimizin başçısı nitqində təşkilata sədrliyin Azərbaycana həvalə edilməsini ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü kimi səciyyələndirərək vurğulayıb: “Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm”.
Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü dünya miqyaslı tədbirdir. Zirvə Görüşü 2 gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisəyə çevrilib. Burada beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlər müzakirəyə çıxarılıb, ciddi debatlar aparılıb, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olub.
Qoşulmama Hərəkatının Zirvə Görüşü dünya dövlətləri ilə Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, Prezident İlham Əliyev tədbir çərçivəsində dünya dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə 20-dən artıq görüş keçirib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra mühüm fikirlər səsləndirilib.
Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində Azərbaycan bu beynəlxalq qurumun fəaliyyətinə davamlı töhfələr verib
Onu da qeyd edək ki, qısa əməkdaşlıq dövründə Azərbaycan və Qoşulmama Hərəkatı bir-birinə qarşılıqlı dəstək nümayiş etdirib. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. 2011-ci ildə BMT TŞ-yə yeni üzv dövlət seçilməsi prosedurunda Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin ciddi dəstəyini hiss edib. Belə ki, həmin vaxt namizədlər arasında ciddi rəqabət var idi. Azərbaycan bu rəqabətdən qalib çıxdı - 155 dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və burada Qoşulmama Hərəkatına üzv dövlətlərin respublikamızın lehinə səs vermələri mühüm rol oynadı.
Öz növbəsində respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər sırasında 2018-ci il aprelin 3-6-da Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının önəmini xüsusi qeyd etmək lazımdır. Konfransda dünyanın müasir mənzərəsinə nəzər salınıb, ayrı-ayrı regionlarda müşahidə olunan proseslərdən, təhlükəsizliyə yaranan təhdidlərdən narahatlıq ifadə olunub, Yer kürəsində dialoq və həmrəylik mühitinin möhkəmləndirilməsinə çağırış edilib.
Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.
Eyni zamanda, dövlət başçısının qeyd etdiyi kimi “Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır”.
Prezident İlham Əliyev məmnunluq hissi ilə nəzərə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. “Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qoşulmama Hərəkatı Azərbaycanın üzləşdiyi işğalçılıq siyasətinin dünya birliyinə çatdırılması üçün daha bir uğurlu beynəlxalq platformadır
Məlum olduğu kimi, Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlardan istifadə etməyə çalışır və indiyədək BMT-nin, həmçinin, digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün hüquqi əsaslar yaradır. Bu konteksdə Qoşulmama Hərəkatı Azərbaycanın üzləşdiyi işğalçılıq siyasətinin dünya birliyinə çatdırılması üçün daha bir uğurlu beynəlxalq platformadır. Qoşulmama Hərəkatının Bakıda keçirilən son Zirvə Görüşündə də Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündəki nitqində Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırıb. “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür”, - deyə Prezident İlham Əliyev bildirib.
Zirvə Görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirib və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayıblar. Yekun sənədə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Yəni bu, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Ermənistana vurulan daha bir zərbəyə gəlincə isə məlumat üçün bildirək ki, yekun sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neo-nasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinə abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neo-nasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə işbirliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınayıblar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət başçıları Şurasının Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi tezislərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.
Eyni zamanda yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub. Sənəddə vurğulanıb: “Biz Dövlət və Hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Beləliklə, Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmalarına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıb, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olub.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı fəaliyyətinin prioritetlərini tarixi “Bandunq prinsipləri” üzərində quracaq
Beləliklə, Qoşulmama Hərəkatının Bakıda keçirilən növbəti sammiti ölkəmizin qazandığı böyük diplomatik uğur kimi tarixə yazılmaqla yanaşı bu quruma növbəti 3 il ərzində sədrlik hüququ Azərbaycana verilib. Öz növbəsində Zirvə Görüşündə söylədiyi nitqində Prezident İlham Əliyev Qoşulmama Hərəkatında sədrlik dövrü üçün ölkəmizin əsas prioritetlərini də açıqlayıb. Məlum olduğu kimi, Hərəkatın fəaliyyəti “Bandunq prinsipləri”nə əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını qeyd edib. Vurğulamaq yerinə düşər ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.
Fikirlərinə davam edən Prezident İlham Əliyev vurğulayıb ki, biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.
İndiki dövrdə mötəbər beynəlxalq təşkilatların koordinasiya olunmuş fəaliyyətinin təmin olunması, əməkdaşlıq coğrafiyasının genişləndirilməsi kimi çağırışların aktuallığı artıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətinin digər prioritetləri məhz bu kimi mühüm qlobal çağırışlarla bağlı olacaq. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”.
Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müəyyənləşdirdiyi prioritetlərin əhatə dairəsi kifayət qədər genişdir. Zirvə Görüşündə də bildirildiyi kimi, ölkəmiz Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək və dayanıqlı inkişafın və ədalətin təmin olunması üçün var gücü ilə çalışacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31