Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram

Prezident İlham Əliyev: Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram

31.10.2019 [09:50]

Dövlət başçısının regionlara müntəzəm səfərlər edərək vətəndaşlarla sıx ünsiyyət qurması Azərbaycanın inkişafını şərtləndirən çox mühüm amildir
Son 16 ildə ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasətinin prioritetlərindən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib. İnkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşmaması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmnunluq hissi yaradır.
Regionlarda xalqı narahat edən bütün məsələlər öz həllini tapır
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Dövlət başçısı bu səfəri çərçivəsində hər iki rayonda son vaxtlarda görülən işlərlə tanış olub, bir sıra infrastruktur və istehsal təyinatlı obyektlərin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin regionlara səfərləri zamanı diqqəti çəkən əsas məqamlardan biri də dövlət başçısının ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə sıx təmaslar qurmasıdır. Bu kontekstdə dövlət başçısının yuxarıda bəhs olunan rayonlara növbəti səfəri də respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Onun və digər ranqlı bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb.
Son 16 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan bu cəhəti həmçinin Onun Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Elə Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamanı da Prezident İlham Əliyev vurğulayıb ki, O, problemlərin həllinə nail olmaq üçün regionlara müntəzəm səfərlər edir, bu barədə məhz vətəndaşların dilindən eşitmək istəyir. “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir”, - deyə dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyevin Özünün və komandasının fəaliyyətini məhz milli maraqlar üzərində qurması, daim insanların arzu və istəklərini yerinə yetirməyə çalışması öz növbəsində cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırdığı siyasətə böyük inam yaradıb. Yeri gəlmişkən, xalqın Azərbaycan iqtidarına yüksək inamı bir qədər bundan əvvəl yayılan beynəlxalq hesabatda da öz əksini tapıb. Bunu məmnunluq hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bu yaxınlarda yeni hesabatlarda yenə də Azərbaycanın uğurlu inkişafı öz əksini tapır. Misal üçün, Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.
Azərbaycanın siyasəti ardıcıl səciyyə daşıyır. Belə ki, qarşıda duran vəzifələr, hədəflər və onlara çatmaq yolları müəyyənləşdirilir. Bundan sonra gərgin fəaliyyət dövrü başlayır və yaxşı nəticə qazanılır. Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafına da yüksək əminliyini bildirib. Dövlət başçısı Onunla görüşə gələn ictimaiyyət nümayəndələrinə üz tutaraq “Bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq”, - deyə vurğulayıb.
Bölgələrdə reallaşdırılan infrastruktur layihələri insanların həyatına böyük rahatlıq gətirir
Son illərdə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artmasına adekvat olaraq bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur quruculuğu geniş vüsət alıb. Ölkəmizdə infrastruktur quruculuğu kompleks səciyyə daşıyır. Bu sahədə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu qazlaşdırma sahəsində qabarıq şəkildə nəzərə çarpır. Son 16 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb və qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb.
Həyata keçirilən çoxsaylı layihələr hesabına respublikamız özünün enerji təhlükəsizliyini təmin etməyə nail olub. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. 2019-cu ildə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi ilə ölkəmizin generasiya gücü daha da artıb.
Son illərdə respublikamızda həmçinin böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 16 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə respublika üzrə əhalinin yüksəkkeyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb. Yuxarıda bəhs olunan tədbirdə Prezident İlham Əliyevə məlumat verilib ki, ümumilikdə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 30-da su və kanalizasiya, 11-də isə su layihələrinin icrası yekunlaşıb. Bütövlükdə, bölgələrdə reallaşdırılan infrastruktur layihələri insanların həyatına böyük rahatlıq gətirir.
Yuxarıda qeyd etdiyimiz kimi, dövlət başçısının Qəbələ və Ağdaş rayonlarına səfəri çərçivəsində bir sıra yeni infrastruktur obyektlərinin açılışı baş tutub. Bəhs olunan “Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin həyata keçirilməsinə 2008-ci ildə başlanılıb. Mərhələlərlə icra olunan layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, 20 min sakinin yaşadığı 13 kəndə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə bu layihədən 67 min sakin faydalanacaq. Layihə çərçivəsində Ağdaş şəhərində kanalizasiya infrastrukturu da tamamilə yenidən qurulub. Şəhər ərazisində 166 kilometr kanalizasiya şəbəkəsi tikilib. Prezident İlham Əliyev reallaşdırılan su layihələrinin önəminə diqqət çəkərək vurğulayıb: “Bildiyiniz kimi, içməli su insan orqanizmi üçün ən vacib amildir. İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həllini tapsın”.
Dövlət başçısının bəhs olunan səfəri çərçivəsində həmçinin Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib. Bu layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Dövlət başçısı səfər çərçivəsində Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasiminə qatılıb. Yarımstansiyada 110/35/10 kV-luq 40 MVA gücündə iki yeni transformator quraşdırılıb, bununla da yarımstansiyanın gücü artırılaraq 80 MVA-ya çatdırılıb. Yarımstansiyanın yenidən qurulması ilə 110 kV-luq qidalandırıcı elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da “Şəki” Elektrik Stansiyası, “Ağsu” və “Ağdaş” qovşaq yarımstansiyaları arasında 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin etibarlılığı artırılıb.
Son illərdə respublikamızda digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də kompleks yenidənqurma tədbirləri reallaşdırılır. Ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasına başlanıb və vətəndaşlar bu mərkəzlərin fəaliyyətindən razılıqlarını bildirirlər. Daha bir “Şəbəkə” mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə oktyabrın 28-də Ağdaşda istifadəyə verilib. Yüksək səviyyədə qurulan və müasir avadanlıqlarla təchiz edilən “Şəbəkə” Xidmət Mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunacaq.
Regionlarda kənd yolları magistral yollar səviyyəsində yenidən qurulur
Azərbaycanın qarşıya qoyduğu hədəflər sırasında kənd yollarının abadlaşdırılması mühüm yer tutur ki, bu da təsadüfi deyil. Müasir infrastruktur, o cümlədən də yüksək səviyyəli yollar olmadan respublikanın bölgələrində iqtisadi aktivliyin artmasını heç təsəvvürə gətirmək belə mümkün deyil. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan rahat yollardan bəhrələnən sahibkarlar regionlarda aqrar sektora, emal sənayesinə böyük həcmlərdə sərmayələr yönəldirlər.
Ölkəmizdə hər il təxminən min kilometr yol yenidən qurulur. Bu ənənə 2019-cu ilin arxada qalan dövrü ərzində də intensiv şəkildə davam etdirilib. Cari ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Bütövlükdə, 2019-cu ilin əvvəlindən bəri ölkə üzrə 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib. İlin sonuna qədər bu rəqəmin 1122 kilometrə çatdırılması hədəflənib. Eyni zamanda, dövlət başçısı bölgələrə səfərləri zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisi ilə bağlı sərəncamlar imzalayıb. Cari ilin sonunadək həmin yolların da tikintisi başa çatdırılacaq. Yeni yollar inşa edilərkən keyfiyyət amili də diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində bildirib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik.
Bəhs olunan Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.
Azərbaycanın dövlət başçısının regionlara son səfəri zamanı həmçinin Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun uzunluğu 33 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 12,7 milyon manat vəsait hesabına salınmış yol əhatə etdiyi 10 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
Dövlətimizin başçısına rayonun Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə kəndlərarası avtomobil yollarının tikintisi üçün ayrılmış vəsait hesabına 17 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini əhatə edən bu yolun tikintisi məqsədilə 18,7 milyon manat vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 40,5 kilometrdir. Prezident İlham Əliyevə Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Qeyd olunub ki, tamamilə yenidən qurulmuş bu yol 12,8 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Yolun ümumi uzunluğu 27 kilometrdir.
İstifadəyə verilən yeni istehsal müəssisələri regionlarda iqtisadi aktivliyin artmasına müsbət təsir göstərəcək
Azərbaycanın regional inkişaf strategiyasında bölgələrin iqtisadi potensialından səmərəli istifadə olunması və istehsal imkanlarının genişləndirilməsi xətti mühüm yer tutur. Prezident İlham Əliyev qarşıya regionlarda aqrar sektorun inkişafı ilə bağlı mühüm hədəflər qoyub. Eyni zamanda, son vaxtlarda regionlarda dövlət başçısının tapşırığı əsasında sənaye məhəllələri yaradılır. Artıq Neftçala, Masallı sənaye məhəllələri, Mingəçevir sənaye parkı uğurla fəaliyyət göstərir. Bundan başqa, daha bir neçə bölgədə sənaye zonalarının yaradılması istiqamətində intensiv iş aparılır.
Eyni zamanda, son illərdə Prezident İlham Əliyevin tapşırığı əsasında regionlarda xalçaçılıq müəssisələrinin yaradılması geniş vüsət alıb. Bütövlükdə “Azərxalça” ASC-nin 2016-2018-ci illərdə fəaliyyətə başlayan filiallarında 8500 kvadratmetrdən çox xalça toxunub. Bu istehsalatlarda 1700-dən çox toxucu çalışır ki, onların da əksəriyyətini qadınlar təşkil edir.
Daha bir xalçaçılıq müəssisəsi Prezident İlham Əliyevin regionlara son səfəri çərçivəsində Qəbələ rayonunda açılıb. Dövlət başçısının iştirakı ilə açılışı baş tutan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialı toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Prezident İlham Əliyev kollektivlə görüşdə bildirib ki, gələcəkdə respublikamızda xalçaçılıq müəssisələrinin sayı daha da artırılacaq: “Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq”.
Prezident İlham Əliyev regionlara son səfəri çərçivəsində həmçinin Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub və Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışına qatılıb. Hər iki müəssisədə buraxılan məhsullara xarici bazarlarda böyük tələbat var. Statistik göstəricilərə görə, dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, digər tərəfdən də “Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq. Biyan Sənaye Parkının yaradılmasında məqsəd də emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31