Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Konqresinin Nümayəndələr Palatasının qətnaməsi qərəzlidir

ABŞ Konqresinin Nümayəndələr Palatasının qətnaməsi qərəzlidir

02.11.2019 [09:44]

Ekspertlər hesab edirlər ki, ABŞ Konqresinin aşağı palatasının uydurma “erməni soyqırımı”nı tanıması haqda qəbul etdiyi qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur
Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib. Konqresdə bu məsələ ilə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə və ABŞ münasibətlərinə xələl gətirəcəyi barədə xəbərdarlıq etsə də, oktyabrın 30-da müzakirəyə çıxarılan qətnamə səs çoxluğu ilə qəbul edilib. Əslində bu qətnamənin məcburi hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, regiondakı mövcud geosiyasi vəziyyətdə ABŞ Konqresinin aşağı palatasının belə qərar qəbul etməsi və bəzi ermənipərəst senatorlar tərəfindən bu məsələnin yuxarı palatada - Senatda da müzakirəyə çıxarılmasının planlaşdırılması Türkiyə tərəfinin yüksək səviyyədə etirazına səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu sözügedən qətnamənin qəbulunu sərt tənqid edib, həmçinin ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb, rəsmi Ankaranın saxta “erməni soyqırımı” ilə bağlı qətnaməni qəti şəkildə rədd etdiyi bildirilib. Eyni zamanda, Türkiyə XİN bununla bağlı yaydığı iki ayrı bəyanatda qətnamənin qərəzli olduğu, bu addımın erməni lobbisini və Türkiyənin düşmənlərini sevindirmək üçün atıldığı, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi qəbul edildiyi vurğulanıb.
ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə Azərbaycan tərəfindən də etirazla qarşılanıb. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edir: “Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib. Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır”.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi siyasi xarakterlidir. Onun sözlərinə görə, bu tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək. Millət vəkili qeyd edib ki, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox ortaya qoyur və hadisələrin tarixi məzmununu pozur. Ümumilikdə bu bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-millətçi lobbidən asılı vəziyyətə düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular - müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-millətçi amillərin təsiri altına düşüb və bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.
“Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında münasibətlərə ciddi xələl gətirəcək və ən əsası, ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq. Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”, - deyə deputat vurğulayıb.
“ABŞ Konqresinin Nümayəndələr Palatası uydurma “erməni soyqırımı” ilə bağlı qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib. Bu qətnamə ədalətli deyil və heç bir halda obyektiv qiymətləndirilə bilməz”. Bu fikirləri isə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, tarixi faktları əks etdirməyən bu qətnamə və bu tipli bəyanatlar qəbulolunmazdır. Onun sözlərinə görə, Azərbaycan dövləti ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edir. Millət vəkilinin fikrincə, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib. Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır: “Ermənistanın və xaricdəki bəzi dairələrin səyi nəticəsində Qərbdəki islamofob, anti-Azərbaycan və anti-türk tendensiyaların son vaxtlar daha da güclənməsi erməni lobbisinin və ermənipərəst dairələrin daim gündəmdə saxladığı “erməni soyqırımı” haqqında iddiaların ətrafında manipulyasiya etmək fürsətindən istifadəyə şərait yaradıb. Bu baxımdan, ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə bəzi beynəlxalq qurumların və dövlətlərin türk və müsəlman ölkələrinə qarşı vaxtaşırı nümayiş etdirdikləri ikili standartların nəticəsidir. Ən azı ona görə ki, qondarma “erməni soyqırımı”na Nümayəndələr Palatasında səs verənlər XX əsrin əvvəllərində Anadoluda və Cənubi Qafqazda 2 milyondan çox türkü qətlə yetirmiş erməni quldur dəstələrinin vəhşiliklərinə diqqət yetirmək istəmirlər. Eyni zamanda, həmin konqresmenlər yaxın keçmişdə Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin məhv edilməsi barədə də susurlar”.
Deputatın sözlərinə görə, qondarma “erməni soyqırımı” iddialarının vaxtaşırı gündəmə gətirilməsi bu məsələdə təkcə erməni lobbisi və ermənipərəst dairələrin deyil, regionda maraqları olan xarici güc mərkəzlərinin də rolunu ortaya çıxarır: “Tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Bütövlükdə, ABŞ Konqresinin Nümayəndələr Palatasının hadisələrə selektiv, reallıqlara fərqli yanaşması qəbuledilməzdir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31