Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir

Prezident İlham Əliyev: Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir

06.11.2019 [09:48]

Dövlət başçısının davamlı diqqət və qayğısı sayəsində paytaxtımız ekoloji cəhətdən təmiz, müasir infrastruktura malik, quruculuq-abadlıq işlərinin geniş vüsət aldığı şəhərə çevrilib
Sirr deyil ki, hər bir ölkənin təqdimatında paytaxt şəhərlərin müstəsna rolu var. Səliqə-sahmanı ilə göz oxşayan, memarlıq abidələri ilə zəngin olan, insanları, bütün digər müsbət reallıqları ilə diqqət çəkən paytaxt yerli sakinlər üçün qürur mənbəyi qismində çıxış etməklə yanaşı, əcnəbilərdə də ölkənin inkişaf səviyyəsi, xalqın milli mədəniyyəti, həyat tərzi barədə ilkin xoş təsəvvürlər yaradır.
Deyilənlər baxımından respublikamızın bəxti gətirib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Doğma paytaxtımızın küçələrini, prospektlərini, meydanlarını, parklarını qısa ekskurs etmək kifayətdir ki, Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycanın qüdrəti barədə konkret təsəvvür yaransın. Bakı dünyanın paytaxt şəhərləri sırasında özünəməxsus yer tutaraq Azərbaycanı beynəlxalq aləmə çox yüksək səviyyədə təqdim edir.
Bu gün Bakı Prezident İlham Əliyevin siyasi iradəsi, davamlı diqqət və qayğısı sayəsində özünün yeni intibah dövrünü yaşayır. Dövlətimizin başçısı paytaxtımızın inkişafı ilə bağlı məsələlərə, şəhər sakinlərinin hər cür kommunal rahatlıqlarla təmin olunmasına xüsusi həssaslıqla yanaşır. Təsadüfi deyil ki, elə bu günlərdə Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərək şəhər təsərrüfatının müxtəlif sahələrindəki vəziyyətlə maraqlanıb, paytaxtımızın perspektiv inkişafı ilə bağlı yeni mühüm tapşırıqlar verib.
Qədimliklə müasirliyin unikal vəhdəti Bakının özünəməxsus simasını formalaşdırır
Ümumi qənaət belədir ki, müstəqil Azərbaycanın paytaxtı Bakı çox sürətlə inkişaf edir. Şəhərimizə təşrif gətirən xarici qonaqlar növbəti səfərləri zamanı paytaxtımızın tanınmaz dərəcədə dəyişdiyini və dünyanın heç bir yerində belə sürətli, inamlı inkişafın şahidi olmadıqlarını bildirirlər. Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərimizin böyük sürətlə inkişafından məmnunluğunu dilə gətirib. “Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Paytaxtımızın bugünkü gur inkişafından bəhs edərkən vacib bir məqamı xüsusi vurğulamaq lazımdır. Hər bir şəhərin öz simasını mütəmadi olaraq yeniləməsi, əlbəttə ki, təqdirəlayiq haldır. Bu, müasirləşmədir, dünyadakı yeniliklərin şəhər həyatına daxil edilməsidir, paytaxt sakinlərinin daha yüksək səviyyəli rahatlıqlarla təmin olunmasıdır. Lakin Bakının inkişaf konsepsiyası ayrı-ayrı meqapolislərdə müşahidə edilən “hər şeyin dağıdılaraq yenidən tikilməsi” praktikasından tamam uzaqdır. Biz müasirləşən Bakımızda şəhərin köhnə koloritinə, bir neçə əsr bundan əvvəl inşa olunmuş tikililərinə dövlət başçısı səviyyəsində çox həssas yanaşmanın şahidi oluruq. Prezident İlham Əliyev paytaxtımızın tarixi simasının qorunmasının zəruriliyinə diqqət çəkərək vurğulayıb: “Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir”.
Şəhərimizin yeni inkişaf strategiyasında Prezident İlham Əliyevin tapşırıqlarına yüksək səviyyədə əməl olunur. Bu gün biz paytaxtımızın qədimliklə müasirliyin unikal vəhdətində inkişafından sonsuz qürur hissi keçiririk. İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı, digər belə daş abidələr zəngin tariximizi yaşadır, xalqımızın şəhərsalma mədəniyyətinin hələ bir neçə əsr bundan əvvəl də yüksək səviyyədə olduğunu təsdiqləyir. Əlamətdar haldır ki, son illərdə Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtımızın bir sıra qədim tikililərində, o cümlədən də İçərişəhərdə yüksək zövqlə təmir-bərpa işləri həyata keçirilib, onlara, necə deyərlər, ikinci həyat bəxş edilib. 2013-cü ildə Bakıda heç də adi olmayan hadisə baş verdi - Füzuli küçəsindəki 39 saylı bina yolun genişləndirilməsi ilə əlaqədar olaraq təxminən 10 metr geriyə sürüşdürüldü. Məsələ burasındadır ki, 1908-ci ildə neft maqnatları olan Hacınski qardaşları tərəfindən tikdirilən həmin bina tarixi memarlıq əhəmiyyəti daşıyır. Füzuli küçəsinin genişləndirilməsi ilə əlaqədar binanın taleyi məsələsi gündəmə gəlmişdi. Bakının hər bir memarlıq elementinə böyük önəm verən Prezident İlham Əliyev tarixi əhəmiyyətli tikilinin qorunması ilə bağlı tapşırıqlarını verdi və beləliklə də, “Hacınski qardaşlarının evi” kimi məşhur olan bina öz tarixi görkəmində qorunub saxlanıldı. Sürüşdürmə prosesini Prezident İlham Əliyevin şəxsən izləməsi dövlət başçısının bütövlükdə Bakının tarixi simasının qorunmasına çox böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Bakının qədim simasının qorunması tarixi irsimizə verilən böyük dəyər olaraq çox vacib məqamdır. Eyni zamanda, bu gün göz önündə əzəmətli tikililəri, yeni memarlıq abidələri ilə diqqəti çəkən müasir Bakının formalaşması da hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi yaradır. Bir tərəfdə tarixin daş yadigarları, digər tərəfdə isə son dərəcə əzəmətli müasir tikililər, yeni gözəllik rəmzləri. Bunlar ilk baxışda təzadlı görünsə də, xalqımızın öz keçmişinə sıx tellərlə bağlılığını, ənənələri yaşatmasını, eyni zamanda, daim müasirliyə can atmasını, inkişafın ardıcıllığını təmin etməyə çalışdığını təsdiqləyir. Qədimliklə müasirliyin unikal vəhdəti Bakının özünəməxsus simasını formalaşdırır.
Bakının inkişafına davamlı diqqət və qayğı göstərən Prezident İlham Əliyev şəhərdə aparılan tikinti-quruculuq işlərinə böyük tələbkarlıqla yanaşır. Dövlət başçısının qəti mövqeyi belədir ki, şəhərdə yeni tikililər ucaldılarkən yer düzgün seçilməli, binaların fasadında, daxili tərtibatında ən mükəmməl memarlıq həllərinə üstünlük verilməli və keyfiyyətli inşaat materiallarından istifadə edilməlidir. Bəhs olunan qəbulda Prezident İlham Əliyev bu kimi məsələləri növbəti dəfə gündəmə gətirərək vurğulayıb ki, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. “Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri planlı şəkildə inkişaf etməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Son illərdə şəhərimizdə yaradılan yeni gözəllik rəmzlərinin əksəriyyətinin memarlıq həlli məhz dövlət başçısının bəyan etdiyi kriteriyalar əsasında formalaşıb. Bakının yeni rəmzləri sırasında 2012-ci ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzinin əzəmətli binası xüsusi yer tutur. Dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi binada düz xətlərdən istifadə olunmayıb. Bina dalğavari şəkildə yerdən səmaya yüksəlir və sonradan süzülərək yenidən yerə qovuşur ki, bu da sonsuzluğu təcəssüm etdirir.
Şəhərimizdə Bakının tarixi simvolunu - üç alovu əks etdirən möhtəşəm tikililərdən ibarət təkrarsız memarlıq ansamblı yaradılıb. Dağüstü hissədə inşa olunan 39, 37 və 34 mərtəbəli tikililər şəhər üzərində əbədi yanan üç alov dilini xatırladır. Şəhərin hər yerindən görünən “Alov qüllələri”nin üzərində gecələr böyüdülərək əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində sonsuz iftixar hissi yaradır.
Təbii ki, Bakının yeni gözəllik rəmzlərinin hamısı haqqında bir qəzet məqaləsində geniş söhbət açmaq mümkün deyil. Zənnimizcə, buna heç lüzum da yoxdur. Əsas olan odur ki, dövlət başçısının diqqət və qayğısı sayəsində şəhərimizin memarlığı əhəmiyyətli dərəcədə zənginləşib və doğma Bakımızın siması daha da cəlbedici olub.
Şəhərin ekologiyasını korlayan bütün mənbələr aradan qaldırılır
Sirr deyil ki, uzun illər ərzində neft hasilatı və emalı Abşeron yarımadasının, o cümlədən də Bakının ekologiyasında arzuolunmaz izlər qoyub. Neftin hasilatından və emalından böyük pullar qazananlar, təəssüf ki, ekoloji normalara əməl edilməsi barədə düşünməyiblər. Yalnız müstəqillik dövründə Abşeronun və paytaxt Bakının ekoloji durumunun yaxşılaşdırılması mühüm məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb. Son 16 ildə biz dövlət başçısının siyasi iradəsi əsasında bu istiqamətdə məqsədyönlü tədbirlərin görüldüyünün şahidi oluruq. “Şəhərin ekoloji vəziyyəti yaxşılaşır, bir çox önəmli layihələr icra edilmişdir. Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr aradan götürüldü”, - deyə Prezident İlham Əliyev bildirib.
Bəhs olunan qəbulda da qeyd edildiyi kimi, indiyədək şəhərimizin ekologiyasına ciddi ziyan vuran bir sıra mənbələr mövcud idi. Belə mənbələrdən biri paytaxtımızın şərqində, Bakı buxtasının mərkəzində 221 hektar sahəni əhatə edən “Qara şəhər” idi. “Qara şəhər”lə bağlı uzun illər ərzində müzakirələr aparılırdı. Onun sənaye zonası kimi saxlanılması iqtisadi baxımdan səmərəli deyildi. Eyni zamanda, ekoloji xəstə zonanın qalması Bakının müasir simasına qətiyyən yaraşmırdı. Beləliklə, “Qara şəhər”in rəmzi “Ağ şəhər”lə əvəzlənməsi ideyasının aktuallığı getdikcə daha da artırdı. İdeyanın gerçəkləşdirilməsi ilə bağlı suallar isə kifayət qədər çox idi. Skeptiklər “Qara şəhər”in abadlaşdırılması ideyasını utopiya kimi səciyyələndirirdilər. Belələri “Qara şəhər”ın milyardlarla investisiyanı udacağını, ancaq heç bir səmərə verməyəcəyini əsaslandırmağa çalışırdılar. Həm də belə bir suala da cavab tapmaq lazım idi: “Qara şəhər”ın yenilənməsi üçün tələb olunan böyük maliyyə vəsaitini haradan əldə etməli? Bu kimi müzakirələrin və sualların qarşılığında “Qara şəhər”ın üzünə nə vaxtsa gün doğacağına ümid bəsləyənlərin sayı çox az idi. Nəhayət, Prezident İlham Əliyevin qətiyyəti, güclü siyasi iradəsi sayəsində bütün skeptik yanaşmalara və tərəddüdlərə son qoyuldu. 2011-ci il dekabrın 24-də Azərbaycanın dövlət başçısının iştirakı ilə “Qara şəhər”in ərazisində yaradılacaq “Ağ şəhər”in təməlqoyma mərasimi keçirildi. Bununla da onilliklər ərzində neftlə çirklənmiş, insanların təsəvvüründə ölü zona kimi qalmış “Qara şəhər”in yeni siması formalaşmağa başladı. Bu gün bəhs olunan ərazidə salınan “Ağ şəhər”i yüksək infrastruktura malik şəhər içində şəhər kimi səciyyələndirmək mümkündür.
Digər ekoloji fəlakət mənbəyi Bibiheybət neft mədənləri idi. Qeyd olunduğu kimi, oradakı vəziyyət çox acınacaqlı idi, neftlə çirklənmiş torpaq sahələri, gölməçələr Bibiheybət neft mədənləri üçün səciyyəvi mənzərələr idi. Qısa müddətdə bütün bunların hamısı aradan götürülüb. İndi həmin ərazidə gözəl park salınıb və vətəndaşların ixtiyarına verilib.
Paytaxtın ekologiyasına ciddi ziyan vuran mənbələr arasında keçmiş Balaxanı zibilxanasını da xüsusi qeyd edə bilərik. Bu zibilxanadan qalxan tüstü havanı çirkləndirirdi. Bundan xüsusilə ətraf qəsəbələrdə yaşayan sakinlər əziyyət çəkirdilər. Çox qısa müddətdə bəhs olunan zibilxana ləğv edilib. İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub. Burada məişət tullantılarının çeşidlənməsi və zərərsizləşdirilməsi ən müasir standartlar əsasında həyata keçirilir və ekologiyaya mənfi təsirlər minimuma endirilib.
Eyni zamanda, Böyükşor gölü də ciddi təhlükə mənbəyi idi. Onilliklər ərzində Böyükşor gölünə axıdılan kanalizasiya, lay suları sözügedən ərazini də ekoloji fəlakət zonasına çevirmişdi. Dövlət başçısının tapşırığı əsasında göldə xarici şirkətlərin iştirakı ilə təmizlik işləri aparılıb. Hazırda Böyükşor gölünün bir hissəsi ekoloji standartlara tam cavab verir. Böyükşor gölünün üzərindən həm də yeni yol çəkilib, həmçinin gölün digər hissəsinin təmizlənməsi istiqamətində intensiv iş aparılır.
Şəhərin yaşıllaşdırılması da Bakının ekologiyasının yaxşılaşmasında mühüm rol oynayıb. Prezident İlham Əliyev paytaxtımızda çoxlu sayda ağac əkildiyinə, yeni parklar salındığına diqqət çəkərək vurğulayıb: “Ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır. Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. Sovetski adlandırılan ərazidə 20 hektarda çox gözəl, abad park salınıbdır. Heydər Əliyev Mərkəzinin önündə, Konqres Mərkəzinin önündə, - vaxtilə Səttarxan zavodunun ərazisi olan bu yer də ekoloji təhlükə mənbəyi idi, - 20 hektar ərazidə park salınıb və vətəndaşlar böyük həvəslə bu imkanlardan istifadə edirlər”.
Paytaxtın şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür
Son illərdə paytaxtımızda genişmiqyaslı abadlıq işləri, yeni gözəllik rəmzlərinin yaradılması ilə paralel şəkildə, həm də şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində çox mühüm işlər görülür. Prezident İlham Əliyev şəhər təsərrüfatının davamlı şəkildə yenilənməsindən məmnunluğunu bildirib. “Eyni zamanda, şəhərin təsərrüfatı yenilənir və bu məqsədlə mənim tərəfimdən müvafiq sərəncamlar verilmişdir, qərarlar qəbul edilmişdir. Mən sizə dəfələrlə bu məsələlərlə bağlı öz tövsiyələrimi vermişdim və bu il şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində işlər aparılıb. Həm dövlət investisiya proqramı çərçivəsində, eyni zamanda, Prezidentin ehtiyat fondunun vəsaiti hesabına lift təsərrüfatı yenilənir, nümunəvi həyətlər qurulur. Heydər Əliyev Fondu bu sahədə çox böyük iş aparır. Dam örtüklərinin təzələnməsi üçün ehtiyat fondundan 10 milyon manat vəsait ayrılmışdır”, - deyə dövlətimizin başçısı bildirib.
Bəhs olunan qəbulda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına paytaxtımızda şəhər təsərrüfatının müasirləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin və rayon icra hakimiyyətlərinin balansında 11 min yaşayış binası var. Onları şərti olaraq həyətləri olan və olmayanlara bölmək mümkündür. Paytaxtımızda həyətləri olan binaların sayı 6331-dir. Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-2019-cu illərdə 273 nümunəvi məhəllə yaradılıb. Paytaxtda nümunəvi məhəllələrin yaradılmasında Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, İctimai Birliyin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format - məhəllələrarası parklar formatı tətbiq olunub. Bu proses davam edir. İlin sonunadək daha 15 yeni nümunəvi məhəllənin istifadəyə verilməsi nəzərdə tutulub. Bütövlükdə yaxın illərdə paytaxtda bu cür 743 layihə icra etmək mümkündür.
Son vaxtlarda paytaxtımızda lift təsərrüfatının yenilənməsi istiqamətində görülən işlər də təqdirəlayiqdir. Məlumdur ki, dövlət başçısının imzaladığı müvafiq Sərəncamla Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrılıb. Bəhs olunan Sərəncamın icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti Almaniyanın tanınmış “Wittur” şirkəti ilə danışıqlar aparıb, müqavilə bağlanıb və bu günədək 430 lift Bakıya gətirilib. Onlardan 130-u artıq istifadəyə verilib. Bu proses davam etdirilir. Dövlət başçısının imzaladığı Sərəncamda 542 liftin alınması nəzərdə tutulmuşdu. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, büdcə vəsaitindən səmərəli istifadə etmək barədə dövlət başçısının tövsiyələrinə və tapşırıqlarına əsasən şirkətlə danışıqlar aparılıb və beləliklə, burada vəsaitə qənaət edilib. Bu qənaət hesabına ilin axırınadək əlavə 39 liftin alınması mümkün olacaq. 2019-cu ilin sonunadək paytaxtdakı binalarda 581 liftin quraşdırılması nəzərdə tutulub. Ümumilikdə isə şəhərdə 2500-ə qədər liftin mərhələ-mərhələ dəyişdirilməsinə ehtiyac var.
Prezident İlham Əliyevin şəhər İcra Hakimiyyətinin qarşısında qoyduğu mühüm vəzifələrdən biri də binaların dam örtüklərinin yenilənməsi ilə bağlıdır. Bu məqsədlər üçün ilkin olaraq Prezidentin ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, dövlət başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq bu proses artıq Bakı şəhərində fəal surətdə həyata keçirilir. Şəhərdə 380 binanın dam örtüyünü təmir etmək nəzərdə tutulub. Burada da ayrılan vəsaitə qənaət olunub. Şəhər İcra Hakimiyyətinin rəsmisinin məlumatına əsasən, artıq 380 deyil, 420 binanın dam örtüyünü təmir etmək mümkün olacaq. İndiyədək 150 binanın damında işlər tamamlanıb. Şəhər İcra Hakimiyyəti podrat təşkilatlarının işlərinin nəticələrini müvafiq binaların sakinlərinin iştirakı ilə qəbul edəcək.
Şəhərin hər bir yeri abad olmalıdır
Paytaxtımızın inkişaf strategiyası yalnız Bakının mərkəzi hissəsini deyil, eyni zamanda, mərkəzdən uzaq əraziləri, həmçinin şəhərətrafı qəsəbələri əhatə edir. Prezident İlham Əliyev bununla bağlı fikirlərini bir daha nəzərə çatdıraraq “Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil”, - deyə vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, həmçinin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiqlənib. Bəhs olunan proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoyub, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib.
Hazırda paytaxtın və şəhərətrafı qəsəbələrin yol infrastrukturunun yenilənməsi istiqamətində intensiv şəkildə yeni layihələr reallaşdırılır. Təkcə 2019-cu ilin 9 ayında Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 km küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib. Elə bu günlərdə paytaxtın Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurma işləri tamamlanaraq dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun məlumatına əsasən, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə fondundan ayrılan vəsait hesabına Bakı şəhərində və qəsəbələrində bir neçə yeni yol çəkilib.
Şəhərətrafı qəsəbələrin yollarının abadlaşdırılması ilə bağlı qarşıda duran vəzifələr də kifayət qədər böyükdür. Prezident İlham Əliyev bu istiqamətdə yeni hədəflər müəyyənləşdirib. Bu hədəflər ondan ibarətdir ki, paytaxtda və şəhərətrafı qəsəbələrdə bütün yollar abadlaşdırılmalıdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31