Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sumqayıtın müasir siması müstəqil Azərbaycanın dinamik inkişafını özündə təcəssüm etdirir

Sumqayıtın müasir siması müstəqil Azərbaycanın dinamik inkişafını özündə təcəssüm etdirir

23.11.2019 [11:01]

Prezident İlham Əliyev: Bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək
İndiyədək fəxrlə “Gənclik şəhəri” adlandırdığımız Sumqayıtın şəhər statusu almağının 70 ili tamam oldu. Düz 70 il bundan əvvəl - 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılıb. Bu şəhərin sürətli inkişafı da məhz bundan sonra başlayıb. Ötən dövrdə şəhərin sərhədləri genişlənib, burada çoxsaylı sənaye müəssisələri, sosial təyinatlı infrastruktur obyektləri, istirahət guşələri istifadəyə verilib. Deyə bilərik ki, şəhər özünün 70 illik yubileyini alınaçıqlığı, diqqətəlayiq uğurlarla qarşılayıb. Yubiley ərəfəsində şəhərdə rəngarəng tədbirlər keçirilir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıta gələrək burada bir sıra sosial-mədəni təyinatlı obyektlərin açılışını edib, həmçinin Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirə qatılıb. Dövlət başçısı tədbirdə geniş nitq söyləyərək Sumqayıtın ötən 70 ildə keçdiyi inkişaf yolunu ətraflı təhlil edib və bu inkişafın ardıcıllığını təmin etmək üçün Özünün dəyərli tövsiyələrini verib.
Bu gün Sumqayıt müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir
Belə bir fikri qətiyyətlə ifadə etmək mümkündür ki, Sumqayıtın müasir siması müstəqil Azərbaycanın dinamik inkişafını özündə təcəssüm etdirir. Bəhs olunan nitqində şəhərin hazırkı mərhələdə inkişafını dəyərləndirən Prezident İlham Əliyev “Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir”, - deyə vurğulayıb.
Sumqayıtın bugünkü dinamik inkişafını əks etdirən statistik göstəricilərə keçməzdən əvvəl bu uğurları şərtləndirən amillərə diqqət çəkmək lazımdır. Bəhs olunan tədbirdə şəhər rəhbərliyinin və sakinlərin də vurğuladıqları kimi, “Gənclik şəhəri”nin inkişafının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Şəhərin bugünkü müsbət reallıqları isə bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə bağlıdır. Dövlət başçısı ölkənin bütün bölgələri kimi, Sumqayıtın sosial-iqtisadi inkişafına da xüsusi həssaslıqla yanaşır. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev 2004-cü ildən bəri Sumqayıta 24 dəfə səfər edib və şəhərin inkişafı, burada müasir infrastruktur quruculuğu ilə bağlı çoxsaylı sənədlər imzalayıb. “Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb”, - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısının da vurğuladığı kimi, ilk növbədə, şəhərin infrastrukturu müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə böyük vəsait hesabına 525 meqavat gücündə elektrik stansiyası tikilərək istifadəyə verilib. Həyata keçirilən layihələr hesabına qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb, həmçinin içməli su problemi həllini tapıb. Şəhərdaxili yollar yenidən tikilir. Ümumilikdə şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənib.
Uzun illər şəhərdə həlli vacib olan məsələlərdən biri - dam örtüklərinin yenidən qurulması mərhələli şəkildə həll olunur. Dövlət başçısının tapşırığı əsasında şəhərdə 1361 yaşayış binasından 950-nin dam örtüyü dəyişilib, 250 binanın fasadı isə yenidən qurularaq təmir olunub. Şəhərdə mövcud 594 liftdən istismar müddətini ötmüş 400-dən çox lift yenisi ilə əvəz edilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verərək bildirib ki, yaşayış fonduna daxil olan binaların 800-nün zirzəmisi çirkab sularından təmizlənib, kommunikasiya xətləri dəyişdirilib, yaşayış binalarında 3200 giriş və pilləkən qəfəsləri təmir olunub, 70 nümunəvi məhəllə yaradılıb, şəhər ərazisində 500 mindən çox ağac, milyondan artıq gül və kollar əkilib. Hazırda küçə işıqlandırılması şəhərin 80 faizini əhatə edir. Lift təsərrüfatının da təqribən 80 faizi yenilənib.
Şəhərdə sosial infrastruktur quruculuğu geniş vüsət alıb. İndiyədək şəhərdəki mövcud uşaq bağçalarından 48-də təmir işləri aparılıb, onların dam örtükləri yenilənib, istilik sistemi bərpa olunub. Məktəblərdə genişmiqyaslı əsaslı və cari təmir işləri görülüb. Hazırda 9 nömrəli tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir.
Sumqayıtdakı səhiyyə ocaqlarının 11-i əsaslı və 3-ü cari təmir olunub. Dövlət başçısının müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına 2 saylı Şəhər Xəstəxanası sökülərək yerində yeni müasir xəstəxananın tikintisi ilə əlaqədar müvafiq işlər aparılır.
Şəhərdə qaçqın və məcburi köçkün soydaşlarımızın hər cür rahatlıqlara malik mənzillərə köçürülməsi istiqamətində görülən işlər də təqdirəlayiqdir. Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verdiyi tapşırığa uyğun olaraq, 2005 məcburi köçkün ailəsi yeni tikilən evlərə köçürülüb. Bu istiqamətdə işlər davam etdirilir. Şəhər İcra Hakimiyyəti tərəfindən məcburi köçkünlərə mənzil tikintisi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 30 hektar torpaq sahəsi ayrılıb. O cümlədən dövlət başçısının tapşırığına əsasən, şəhərdəki şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu il 125 mənzil verilib.
Son illərdə Sumqayıtda həmçinin şəhərin mədəni həyatını canlandıracaq bir sıra infrastruktur layihələri də həyata keçirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda möhtəşəm Heydər Əliyev Mərkəzi tikilərək istifadəyə verilib. Son dövrlərdə Yeni Azərbaycan Partiyasının (YAP) şəhər təşkilatı üçün yeni bina, Bayraq Muzeyi inşa olunub. Dövlət başçısının tapşırığı ilə əsaslı təmir olunan Kimyaçılar Mədəniyyət sarayı şəhərin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Yubiley tədbirləri çərçivəsində dövlət başçısının xeyir-duası ilə açılan Muğam mərkəzini, Nizami kinoteatrını da bu sıraya aid etmək mümkündür.
Bu gün Sumqayıt bulvarının da ayrı bir növrağı var. Prezident İlham Əliyev 2011-ci il avqustun 7-də Sumqayıt şəhərində səfərdə olarkən burada müasir bulvar kompleksinin yaradılmalı olduğunu vurğulamışdı. Tədbirdə minnətdarlıq hissi ilə xatırladılıb ki, hələ 45 il əvvəl - 1974-cü ildə, Ulu Öndər şəhərin 25 illik yubiley tədbirində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində çıxış edərkən Sumqayıtda dəniz kənarında böyük park və bulvarın yaradılması fikrini irəli sürmüşdü. 45 ildən sonra bu park və bulvarın yaradılması Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşıb. Qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə möhtəşəm bulvar yaradılıb. Son vaxtlarda isə dövlət başçısının tövsiyəsi ilə Sumqayıt bulvarı əlavə olaraq daha 40 hektar genişləndirilib və bir kilometr uzadılıb. Prezident İlham Əliyev Sumqayıtın gələcəkdə daha da gözəlləşəcəyinə əminliyini bildirərək deyib: “Bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək”.
Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək
Sumqayıtın şəhər kimi 70 ildə keçdiyi uğurlu yoldan bəhs edərkən burada sənaye inkişafını xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Müstəqillik dövründə, ələlxüsus da son 16 ildə şəhərdə sənaye inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olub. Belə ki, şəhərdə köhnədən qalan sənaye müəssisələrinin, demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. Fəaliyyətini dayandıran müəssisələr köhnə texnologiyalarla işləyirdi. Onlar az səmərəli idi və ekologiyaya ciddi ziyan vururdu. Məhsulların rəqabət qabiliyyəti də aşağı səviyyədə idi. Yeni yaradılan sənaye müəssisələrinin fəaliyyəti isə müasir tələblərə tam cavab verir. Son 16 ildə Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində Sumqayıtda müasir sənaye quruculuğu istiqamətində çox önəmli addımlar atılıb. Belə ki, sahəsi yüz hektarla ölçülən ərazilərdə sənaye parkları - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Hazırda Sumqayıt Texnologiyalar Parkında 10 müəssisə fəaliyyət göstərir. Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Hazırda parkın ərazisində 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavodun gələn il fəaliyyətə başlayacağı gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Sumqayıtın gələcək inkişafının da sənaye sektoru ilə bağlı olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev “Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək”, - deyə vurğulayıb.
Sumqayıtın sənaye inkişafının önəmindən bəhs edən Prezident İlham Əliyev bu sahədə Ulu Öndər Heydər Əliyevin möhkəm əsaslar yaratdığını xüsusi nəzərə çatdırıb. “Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev keçmiş ittifaqdakı nüfuzundan istifadə edərək bir sıra nəhəng sənaye layihələrinin məhz Sumqayıtda reallaşdırılmasına nail olub. Ulu Öndər ilk dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə, həmçinin keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Sumqayıtın hərtərəfli inkişafına çox böyük diqqət yetirirdi. Tədbirdə minnətdarlıq hissi ilə xatırladılıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət edib. Ulu Öndərin səyləri sayəsində şəhərdə ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün müvafiq tədbirlər görülüb, təmizləyici qurğular quraşdırılıb və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31