Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda müasir çağırışlara yüksək səviyyədə cavab verən uğurlu sənayeləşmə siyasəti aparılır

Azərbaycanda müasir çağırışlara yüksək səviyyədə cavab verən uğurlu sənayeləşmə siyasəti aparılır

26.11.2019 [10:16]

Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
Hər cəhətdən nümunəvi inkişaf modelinə malik olan Azərbaycan yeni şəraitdə özünün iqtisadi gücünü daha da artırmaq üçün bir sıra mühüm paradiqmalar müəyyənləşdirib ki, onların içərisində müasir, innovativ əsaslı texnologiyalara əsaslanan sənaye quruculuğu siyasəti xüsusi yer tutur. Republikamızda Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq müasir sənaye quruculuğu üçün bütün şərtlər təmin edilib. Son illərdə ölkədə dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan yüksək səviyyəli infrastruktur, münbit sərmayə mühiti, dövlət tərəfindən siyasi və maddi dəstək tədbirlərinin gücləndirilməsi investorların bu sahəyə marağını əhəmiyyətli dərəcədə artırıb. Nəticədə respublikamızın sənaye xəritəsi həm coğrafi baxımdan genişlənib, həm də yeni müəssisələr hesabına daha da zənginləşib.
Son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricilərinin qeyri-neft sənayesində qeydə alınması ölkədə aparılan siyasəti əks etdirir
Son illərdə Azərbaycanın inkişaf göstəricilərinə nəzər saldıqda aydın şəkildə görünür ki, milli iqtisadiyyatımızda qeyri-neft sənayesinin rolu getdikcə artır. Bu tendensiya 2019-cu ilin əvvəlindən daha da sürətlənib. Belə ki, cari ildə qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı qeyri-neft sektorunda müşahidə edilən yüksək artımı ölkəmizdə aparılan məqsədyönlü siyasətin bəhrəsi kimi səciyyələndirib: “Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Qeyd edək ki, yeni şəraitdə respublikamızda milli iqtisadiyyatın şaxələndirilməsi strategiyası çərçivəsində qabaqcıl texnologiyalara əsaslanan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət göstərilir. Belə ki, ölkəmizdə neftdənkənar sənaye müəssisələrinin yaradılmasına sərmayə qoyuluşu güclü şəkildə təşviq edilir, bu məqsədlə hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvidə müvafiq tədbirlər görülür. Son illərdə Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşdırılan islahatların böyük bir qismi məhz respublikamızda qeyri-neft sektoru üzrə sənaye quruculuğunun genişləndirilməsinə hesablanıb.
Həyata keçirilən bu kimi siyasi və maddi dəstək tədbirlərinin nəticəsi olaraq təkcə 2019-cu ildə ölkəmizin sənaye xəritəsinə qeyri-neft məhsulları istehsal edən bir sıra müəssisələr daxil olub. Cari ildə respublikamızda unikal “SOCAR Polymer” layihəsi tamamlanıb. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - yüksəksıxlıqlı polietilen zavodu 2019-cu il fevralın 18-də işə salınıb. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal etmək gücünə malikdir. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyir və məhsulun izafi qalan hissəsi Türkiyə və Avropa bazarlarına ixrac edilir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR Karbamid” zavodu da geniş istehsal imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR Karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldırıb, bununla da ölkənin xarici valyuta xərcləri azalıb. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
2019-cu il 16 may tarixində istifadəyə verilən “Diamed” şpris istehsalı zavodu Pirallahı Sənaye Parkının ərazisində 2017-ci ildə rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib. Müəssisənin illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Qeyd edək ki, iki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə, Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Prezident İlham Əliyev Onun yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə ölkəmizdə istifadəyə verilən yeni istehsalatların üstünlüklərinə diqqət çəkərək bildirib: “Son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür”.
Azərbaycan özünün sənayeləşmə siyasətini dünyadakı müasir trendlərə uyğun qurub
Hər dövr sənaye quruculuğu ilə bağlı ölkələrin qarşısına yeni tələblər qoyur. Azərbaycan da özünün sənaye quruculuğu siyasətində yeni trendləri əsas götürərək bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnməyə çalışır. Azərbaycanın qısa müstəqillik tarixində dünya kosmos ailəsinin üzvünə çevrilməsi ölkəmizdə innovativ əsaslı müasir sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyini əyani şəkildə təsdiqləyir. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Tədbir çərçivəsində paytaxtımıza dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərlərindən, nümayəndələrindən ibarət təxminən 6-7 min xarici qonağın gələcəyi gözlənilir. Belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüququnun Bakıya həvalə edilməsi isə heç də təsadüfi deyil. Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayenin inkişafında böyük uğurlar qazanması Baş Assambleyadakı müzakirələrdə 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ilə bağlı qərarın dəstəklənməsinə öz müsbət təsirini göstərib. Hazırda respublikamız dünyada kosmik sənayenin inkişafına böyük önəm verən ölkə kimi tanınır. Prezident İlham Əliyev bu yaxınlarda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən ölkəmizin kosmik sənayenin inkişafında qazandığı uğurlardan məmnunluğunu bildirib. “Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, “Azərkosmos” ASC-nin fəaliyyəti ilə bağlı statistika kifayət qədər sevindiricidir. Qurum 2019-cu ilin yanvar-sentyabr aylarında dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. ASC-nin 2019-cu ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.
Azərbaycan özünün sənaye quruculuğunda dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək həmçinin ölkə ərazisində sənaye parklarının və məhəllələrinin yaradılmasına böyük önəm verir. İndiyədək ölkə boyunca yaradılan 9 sənaye pakı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan tədbirdə söylədiyi nitqində bəhs olunan sənaye parkına qoyulan sərmayələrin həcminin milyardlarla dollar səviyyəsinə çatdığına diqqət çəkərək vurğulayıb: “Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Ancaq bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazidə - yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir”.
Bəhs olunan tədbirdə məlumat verilib ki, indiyədək sənaye parklarında 2 milyard manata yaxın məhsul istehsal olunub və təqribən 400 milyon manatlıq məhsul ixrac edilib. Əksəriyyəti ölkəmiz üçün yeni olan sənaye məhsullarının ixrac coğrafiyasında MDB ölkələrini, Türkiyə, Ukrayna, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Danimarka və Hollandiyanı misal göstərmək mümkündür. Sumqayıt Kimya Sənaye Parkının uğurları da kifayət qədər yüksəkdir. 2019-cu ilin 9 ayında burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox - yəni 440 milyon manatlıq məhsul istehsal olunub. İxrac isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artaraq bu ilin 9 ayında 190 milyon manata çatıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31