Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə alan gənclər müstəqil Azərbaycanı gələcəyə inamla aparacaqlar

Milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə alan gənclər müstəqil Azərbaycanı gələcəyə inamla aparacaqlar

28.11.2019 [09:57]

Prezident İlham Əliyev: Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar
Azərbaycanın elm, təhsil məbədi sayılan Bakı Dövlət Universitetinin 100 yaşı tamam olub. Ötən dövrdə bir sıra mərhələlərdən keçərək həm maddi-texniki baza, həm də kadr potensialı baxımından dünyanın sayılıb-seçilən ali təhsil müəssisələri sırasında layiqli yerə yüksələn BDU xalqımızın və respublikamızın inkişafında mühüm rol oynayıb. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Ənənələr davam edir. Hazırda universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır. Kifayət qədər böyük kontingentdir. Sabah müstəqil Azərbaycanın sükanı məhz bu gənclərin əlində olacaq. Müstəqilliyimizin əbədi və möhkəm olması bu günün tələbələrinin elmi biliklərə necə yiyələnmələrindən, hansı ənənələr əsasında tərbiyə almalarından çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində ölkəmizin gənclər siyasətinin prioritetlərinə növbəti dəfə diqqət çəkib. Dövlət başçısı dərinməzmunlu nitqində gənclərə xitab edərək onlara müasir dünyanın reallıqlarını xatırladıb və ölkəmizin gələcəyi naminə çox vacib mesajlarını çatdırıb.
Anti-Azərbaycan dairələrin gəncləri Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq cəhdləri heç vaxt alınmayacaq
Qısa müstəqillik tarixində Azərbaycanın inamlı inkişafı, milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlətə çevrilməsi qlobal miqyasda dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizin, müstəqilliyimizi gözü götürməyən qüvvələrin də böyük narahatlığına səbəb olur. Onlar müxtəlif vasitələrlə respublikamızın inkişafına müəyyən əngəllər yaratmağa çalışırlar. Belə qüvvələr özlərinin məkrli niyyətlərinə çatmaq üçün ilk növbədə daxildəki “beşinci kolon” vasitəsilə gəncləri ələ almağa və onlardan alət kimi istifadə etməyə çalışırlar. Prezident İlham Əliyev mənzərəni çox dəqiq təsvir edərək vurğulayıb: “Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar”.
Azərbaycanın dövlət başçısının ölkə gənclərinə güvənməsi, onlara inanması isə heç də təsadüfi deyil. Son 16 ildə respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilib. Gənclərin xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə güclü impuls verib.
Ümumiyyətlə, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Aparılan belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda müasir trendləri yaxşı bilən savadlı və vətənpərvər gənclər ordusu formalaşıb. Sağlam ruhlu Azərbaycan gəncləri daim düşmənlərimizə sipər olmaq, müstəqilliyimizin möhkəmlənməsi naminə aparılan siyasətə öz töhfələrini vermək əzmi nümayiş etdirirlər.
Əlbəttə, əldə olunan uğurlar arxayınçılıq üçün əsas yarada bilməz. Müasir dünyada cərəyan edən proseslər, o cümlədən də yuxarıda qeyd olunan amillər, ölkəmizin müharibə şəraitində olması indiki dövrdə respublikamızda gənclər siyasətinə və bütövlükdə ideoloji işə yeni yanaşma tələb edir. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən zəif məqamlar, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən də erməni lobbisi tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə etməyə çalışırlar. İndiki internet dövründə bunu etmək elə də çətin deyil. Hazırda Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Respublikamızda demokratik cəmiyyət formalaşıb, azad media var. Beləliklə, istənilən yalanı ortalığa atmaq mümkündür. Yalan dövriyyəyə buraxılır, bundan sonra bu yalan ətrafında “müzakirələr” aparılır, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, biz buna imkan verə bilmərik. “Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”, - deyə dövlətimizin başçısı bildirib.
İndiki dövrdə bilik, savad gənclərin təminatlı gələcəyini müəyyən edən əsas amildir
Çox haqlı olaraq təhsil bütün dövrlərdə hər bir dövlətin və xalqın ümumi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi səciyyələndirilib. Dünya tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələr məhz keyfiyyətli təhsilə verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olublar. Müasir dövrdə isə təhsillə bağlı çağırışların aktuallığı daha da artıb. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) XXI əsri “Təhsil əsri” elan edib.
Deyilənlər baxımından müstəqil Azərbaycanda dövlət tərəfindən təhsilin inkişafına güclü siyasi iradə nümayiş etdirilməsi və bu məqsədlə praktiki müstəvidə məqsədyönlü işlərin görülməsi təqdirəlayiq haldır. Məlum olduğu kimi, Azərbaycan uzun illər ərzində keçmiş Sovet İttifaqının tərkibində yaşamaq məcburiyyətində qalıb. O dövrdə təhsilə yanaşma tamam fərqli idi. Bəhs olunan mərasimdə Prezident İlham Əliyevin xatırlatdığı kimi, əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Tələbələr institutlara bir sıra hallarda o dövrdə deyildiyi kimi, “tapş”la daxil olurdular. Bütün bunlar isə, təbii ki, keyfiyyət amilini arxa plana keçirirdi. İndiki dövrdə isə bilik, savad yoxdursa, diploma sahib olmaq heç bir önəm kəsb etmir. Dövlət başçısının vurğuladığı kimi, bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. “Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, respublikamızda gənclərin keyfiyyətli təhsil almaları üçün bütün şərtlər təmin edilib. Ölkə boyunca müasir təhsil infrastrukturunun qurulmasına böyük diqqət göstərilir. Son 16 ildə respublikamızda 3 mindən çox məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Eyni zamanda, ali təhsil müəssisələrinin maddi-texniki bazası davamlı şəkildə möhkəmləndirilir. Ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Hazırda bu proqram uğurla icra edilir. Son vaxtlarda respublikamızın ali təhsil müəssisələrinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin beynəlxalq reytinqi xeyli yüksəlib. Bu nüfuzlu ali təhsil ocağının qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu bu ali məktəbin payına düşür. Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6 min 462 nəfər təşkil edib.
İndiki dövrdə gənclərə keyfiyyətli təhsil verilməsinin zəruriliyindən söhbət açarkən burada müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamaq lazımdır. Müəllim əməyini yüksək dəyərləndirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “O ki qaldı, müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev mərasimdə vaxtilə Özünün də müəllim işlədiyini xatırladıb. Dövlət başçısı bildirib ki, institutu bitirəndən sonra bir xarici ölkəyə təyinat alsa da, ondan imtina edib. İnstitutda qalıb, aspiranturaya daxil olub, dissertasiya müdafiə edib və 23 yaşında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu ali məktəbdə dərs deməyə başlayıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 876 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31