Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə alternativ görmür

Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinə alternativ görmür

29.11.2019 [09:54]

Prezident İlham Əliyev: Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir
Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Dinamik iqtisadi inkişaf Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirib
Əlbəttə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Ölkəmizin dinamik tərəqqisindən bəhs edərkən sosial-iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Statistik göstəricilər də bu reallığı ifadə edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Əlbəttə, bütün sahələrdə müşahidə olunan dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə, şübhəsiz ki, regionların sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir.
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Mühüm məqamlardan biri də budur ki, ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı səmərəli sosial siyasət həyata keçirməyə imkan verib, Azərbaycanın spesifik - unikal sosial dövlət modeli formalaşdırıb. Artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Son 15 ildə Azərbaycanda əməkhaqları, pensiyalar dəfələrlə artırılıb, 2003-2018-ci illərdə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enib. Ekspertlərin də vurğuladığı kimi, Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, 2019-cu ilin əvvəlindən etibarən sosial islahatlar daha aktiv fazaya daxil olub. Cari ilin əvvəlində Prezident İlham Əliyevin müvafiq sosial paket çərçivəsində Fərman və sərəncamlar imzalaması 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım olub və bu məqsədlər üçün 1,5 milyard manat ayrılıb. 2019-cu ilin əvvəlindən minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. 2 milyondan çox insanı əhatə edən yeni sərəncamlar isə həm dövlət orqanlarında, həm də özəl sektorda çalışanların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, yüz minlərlə köçkünə yeni evlər verilib, yeni mənzillər təqdim edilib. Şəhid ailələrinə, müharibə veteranlarına güzəştlərin, müavinətlərin, mənzillər və minik avtomobillərinin verilməsi də xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin humanizm və sosial ədalət prinsiplərinə söykəndiyini, bu siyasətin mərkəzində ölkə vətəndaşlarının mənafeyi və rifahının dayandığını bir daha göstərir.
Azərbaycan milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirir
O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb.
Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bunlara paralel olaraq Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir. Bütövlükdə, dünyada böyük etimad qazanan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Qeyd etdiyimiz kimi, ölkəmizin xarici siyasəti milli maraqlara əsaslanır, Azərbaycan reallıqları daim ən yüksək kürsülərdə - mötəbər beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bununla yanaşı, respublikamız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqe sərgiləyir, prinsipial siyasət uğurla davam etdirilir. Bu günə qədər digər istiqamətlərdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Azərbaycanın qətiyyətli mövqeyinin, hücum diplomatiyasının fonunda qlobal platformalarda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar və qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir. Bütövlükdə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycanın Ermənistan qarşısında aşkar diplomatik üstünlüyünü təmin edib.
Azərbaycanda xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir
Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” jurnalının oktyabr buraxılışında dərc edilmiş “Prezidentin fəaliyyəti ictimai rəydə” adlı hesabatda da bu məsələlər öz əksini tapıb. Qeyd edək ki, ictimai rəy sorğusunda ümumilikdə 1316 respondent iştirak edib. Anket 13 əsas, 5 demoqrafik sualdan ibarət olub və 3 əsas istiqamətdə aparılıb: Prezidentin beynəlxalq arenada Ermənistanın işğalçı mövqeyi və Dağlıq Qarabağ problemi barədə çıxışları; oktyabr ayında imzalanan sərəncamlar əsasında baş vermiş kadr dəyişiklikləri və struktur islahatları; Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə dəyərləndirilməsi. Ümumiyyətlə, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə, 2019-cu ilin oktyabr ayı ərzində dövlət başçısının reytinqində yüksəlmə müşahidə olunub. Sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir. Prezident İlham Əliyevin oktyabr ayındakı fəaliyyəti Onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib. Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib. Beləliklə, respondentlər ölkə Prezidentinin Öz fəaliyyətində onların maraqlarından, tələbatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün Onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir. Sorğunun nəticələri göstərir ki, əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, Ona olan etimadın artdığını qeyd edir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Yeri gəlmişkən, dövlətimizin başçısı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq “...Xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”, - deyə bildirib. Prezident İlham Əliyev əhalinin mütləq əksəriyyətinin iqtidara alternativ görmədiyini deyib. Həqiqətən də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Bu gün özünü müxalifət adlandıran radikal, antimilli ünsürlər xalqın mənafeyinə, dövlətin maraqlarına zidd mövqedən çıxış edirlər, xəyanətkar və satqın “fəaliyyət”lə məşğuldurlar.
Nəticə etibarilə, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, əldə olunan uğurları yüksək qiymətləndirir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 746 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31