Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir

13.12.2019 [09:49]

Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır, Azərbaycan reallıqları daim ən yüksək kürsülərdə - mötəbər beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu kontekstdə qeyd edə bilərik ki, ötən müddət ərzində digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də fəaliyyət çox məhsuldar, səmərəli və əhəmiyyətli olub. Bu baxımdan, bir sıra strateji əhəmiyyətli nüanslara ayrıca diqqət yetirmək məqsədəmüvafiq olar.
Azərbaycan bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir
Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Təcavüz faktının nəticələri bu gün də aradan qaldırılmayıb, yəni Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistanın isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Bu çıxışlarda daha çox tarixi faktlar təhrif olunub, beynəlxalq hüquq normalarının aliliyini şübhə altına almaq cəhdləri müşahidə edilib. Yəni Ermənistan tərəfi sülh danışıqlarını pozmaq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi çərçivəsində həllinə mane olmaq üçün müxtəlif manipulyasiyalar edir. Bir sözlə, işğalçı siyasətini davam etdirən Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir.
Digər mühüm məqamlardan biri budur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə uğurla davam etdirilməsi Azərbaycanın Ermənistan qarşısında aşkar diplomatik üstünlüyünü təmin edib. Son zamanlar baş verənlərin fonunda bu reallıq bir daha öz təsdiqini tapdı. Nümunə olaraq deyə bilərik ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin prinsipial mövqe nümayiş etdirərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırması, Ermənistanın işğalçı siyasətinin mahiyyətini konkret faktlar əsasında ifşa etməsi bu kontekstdə olduqca mühüm əhəmiyyətə malikdir.
Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışına toxunmaq yerinə düşər. Dövlətimizin başçısının bu çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılandı, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qaldı. Plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə bildirdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məqamlara toxunaraq oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində böyük hadisələrin baş verdiyini deyib. Dövlətimizin başçısı bildirib: “Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.
Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də bunu bir daha sübut edir.
Ermənistanın işğalçı, terrorçu və faşist mahiyyəti növbəti dəfə faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldı
Digər tərəfdən, Ermənistana daha bir diplomatik zərbə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında endirildi. Dövlətimizin başçısı Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulmasını ciddi tənqid etdi, ən əsası, Ermənistanın baş nazirinin iddialarını darmadağın edərək N.Paşinyanı yerində oturtdu. Dövlət başçısı MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bildirdi. Beləliklə, Ermənistanın faşist ideologiyasından qidalanmasını və terrorçu mahiyyətini əks etdirən konkret faktlar, tarixi reallıqlar ortaya qoyuldu. Bütün bu faktlar onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bu məsələlərlə əlaqədar deyib: “...MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “SMERŞ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Smert Şpionam”, “SmerŞ”, yəni, “Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında”.
Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31