Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın uğurları beynəlxalq səviyyədə böyük maraqla izlənilir

Azərbaycanın uğurları beynəlxalq səviyyədə böyük maraqla izlənilir

20.12.2019 [09:13]

Nikvesti.com saytı: Azərbaycan təkcə regional deyil, həm də dünya səviyyəli nəqliyyat və logistik mərkəzə çevrilməyi hədəfləyib
Azərbaycanın nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. Nüfuzlu beynəlxalq nəşrlərdə Azərbaycanın müsbət təcrübəsindən, ölkəmizdə qlobal trendlərə uyğun olaraq müəyyənləşdirilən yeni inkişaf paradiqmalarından bəhs edən geniş analitik yazıların dərc edilməsi buna misaldır. Növbəti belə bir geniş məqalə 16 dekabr 2019-cu il tarixində Ukraynanın populyar Nikvesti.com saytında işıq üzü görüb. Məqalədə Azərbaycanın iqtisadi inkişafla bağlı həyata keçirdiyi siyasət geniş təhlil edilib. Yazıda respublikamızın özünün nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə xüsusi səy göstərdiyi və bu istiqamətdə yaxşı nəticələr qazandığına xüsusi diqqət çəkilib. Vurğulanıb ki, Azərbaycanın planlarının əsasını bir tərəfdən fəal beynəlxalq tərəfdaşlıq, digər tərəfdən transsərhəd sədlərin azaldılması, innovasiyaların tətbiqi sayəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi təşkil edir.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
Məlumdur ki, Azərbaycan iqtisadiyyatı tarixən neft amili ilə sıx bağlı olub və bu gün də neft-qaz milli iqtisadiyyatımızın əsas sütunlarından biridir. Ancaq “neft sindromu”nun acı fəsadları ilə üzləşən ayrı-ayrı ölkələrdən fərqli olaraq müstəqil Azərbaycan öz inkişaf perspektivlərini heç də yalnız karbohidrogen amili ilə bağlamayıb. Ümummilli Lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasında qarşıya enerji sektorunun inkişafı ilə yanaşı, neftdənkənar iqtisadiyyatın potensialının artırılması ilə bağlı hədəflər qoyulub. Son 16 ildə ölkəmizdə bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilib. Nəticə də göz qabağındadır. İqtisadiyyatımız getdikcə daha çox dərəcədə qeyri-neft sektorunun hesabına genişlənir. 2019-cu ilin arxada qalan dövrünün göstəriciləri bunu bir daha təsdiqləyir. Cari ilin əvvəlindən bəri ölkəmizdə ən yaxşı inkişaf göstəricisi təxminən 15 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu da dünya rekordu sayıla bilər.
Nikvesti.com saytında işıq üzü görən yazıda ölkəmizi fərqləndirən bu amilə xüsusi diqqət yetirilib. Məqalədə vurğulanır ki, iqtisadiyyatı neft-qaz hasilatı və ixracı ilə sıx bağlı olan Azərbaycan hətta dünya bazarında enerji resurslarının qiymətinin kəskin aşağı düşdüyü dövrdə belə sənaye və kənd təsərrüfatı sahələrində artım nümayiş etdirib. Qeyd edilir ki, artıq böhran dövrü arxada qalıb, 2020-ci ilin dövlət büdcəsində neftin bir barreli 55 dollardan götürülüb. Yazıda oxuyuruq: “2020-ci ildə ölkədə ÜDM-in 3 faiz artması gözlənilir. İqtisadiyyatın diversifikasiyası dövlət siyasətinin əsas paradiqmalarından biri olaraq qalır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan siyasətdə ölkə ərazisindən daşınan tranzit yüklərin həcmini artırmaq üçün nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət göstərilir”.
“Yeni dəniz qapısı”
Geniş təhlil yazısında Azərbaycanın özünün nəqliyyat-logistika imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən layihələrə istinad edilərək təqdim olunan yarımbaşlıqlardan biri belə adlandırılıb: “Yeni dəniz qapısı”.
Nüfuzlu nəşrin Azərbaycanı obrazlı şəkildə Xəzərdə yeni dəniz qapısı kimi səciyyələndirməsi isə heç də təsadüfi deyil. Belə ki, son illərdə ölkə ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə müasir yol-nəqliyyat və logistika infrastrukturunun qurulması Azərbaycanın tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Məqalədə də vurğulandığı kimi, Azərbaycan artıq Avropanı Çinlə birləşdirən əsas haba çevrilir.
Bəhs olunan yazıda cari il noyabrın sonunda Rail Cargo Group (Avstriya), Bakı limanı və Niderlandın logistik mərkəzi olan Cabooter Group arasında Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) birgə işlənməsi ilə bağlı anlaşma memorandumunun imzalandığına diqqət çəkilib. Sayt Azərbaycanın Rail Cargo Groupla əməkdaşlığının böyük önəm daşıdığını bildirir. Orta Dəhliz vasitəsilə illik ticarət dövriyyəsi 2,3 milyard avro təşkil edən Rail Cargo Group Avropada dəmiryolu üzrə ən böyük logistik mərkəzlərdən biridir. Nəşr Azərbaycanın belə bir nüfuzlu şirkətlə əməkdaşlığını cari ilin oktyabrında Çindən Qazaxıstan, Azərbaycan və Türkiyədən keçməklə Praqaya konteyner qatarının yola salınmasının növbəti mərhələsi kimi səciyyələndirib.
Məqalədə həmçinin Azərbaycanın növbəti dəfə liderlik nümayiş etdirərək Ələtdə yaratdığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin beynəlxalq daşımalar üçün böyük önəmə malik olduğu bildirilir. Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün böyük imkanlar açan liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər. Məqalədə qeyd olunur ki, 2019-cu ilin 9 ayı ərzində liman vasitəsilə yükdaşımaların həcmi 7,1 faiz artaraq 3 milyon tonu aşıb. Daşınan yüklərin 85,3 faizini tranzit yüklər təşkil edib. Digər önəmli fakt ondan ibarətdir ki, bəhs olunan dövrdə Çindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinə daxil olan konteynerlərin sayı 90 faiz artaraq 2610-a çatıb. Nəşrin yazdığı kimi, bütün bunlar onu göstərir ki, Azərbaycan təkcə regional deyil, həm də dünya səviyyəli nəqliyyat və logistik mərkəzə çevrilməyi hədəfləyib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31