Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib

20.12.2019 [09:45]

Uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələri fəth edir
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət milli maraqlara əsaslanır, məqsədyönlü və prinsipial xarakter daşıyır. Bunun nəticəsində Azərbaycan güclü dövlət kimi tərəqqi yolunda əmin addımlarla irəliləyir. Həyata keçirilən strateji kurs Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz dinamik inkişaf edir. Dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir, Onun rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyi dayanır.
Dövlət həyatının bütün sahələrində aparılan islahatlar Azərbaycanın dayanıqlı inkişafına xidmət edir
Ümumiyyətlə, müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirərkən bir sıra məqamları xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Bu kontekstdə əvvəla qeyd edək ki, Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter daşıyır. Statistik göstəricilər də bu reallığı təsdiq edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Bununla yanaşı, Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli və paralel islahatlar həyata keçirilir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Təsadüfi deyil ki, Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq səviyyədə, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.
Genişmiqyaslı islahatlar ölkəmizin milli gücünün artmasını təmin etməklə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşmasını şərtləndirir. Ümumiyyətlə, ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı səmərəli sosial siyasət həyata keçirməyə imkan verib, Azərbaycanın spesifik - unikal sosial dövlət modeli formalaşıb. Artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Son 16 ildə Azərbaycanda əməkhaqları, pensiyalar dəfələrlə artırılıb, 2003-2018-ci illərdə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enib.
Digər tərəfdən, respublikamızda aparılan reformalardan bəhs edərkən struktur, institusional və kadr islahatlarının əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Struktur və kadr islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Bütövlükdə, 2019-cu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarların qəbul edilməsi, bu istiqamətdə işlərin daha aktiv fazaya daxil olması müsbət nəticələr verməklə yanaşı, təqdirəlayiq hal kimi diqqəti cəlb edir.
Ölkəmizdə etibarlı təhlükəsizlik və sabitlik mühiti hökm sürür
Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.
Azərbaycan milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb, ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Eyni zamanda, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilir.
O da qeyd edilməlidir ki, regional güc mərkəzi olan ölkəmizin təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələr regional, beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə fundamental töhfələr verir. Ümumiyyətlə, Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə, beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Bütövlükdə, bu gün Azərbaycan dünyada qüdrətli ölkə - yüksək nüfuza malik olan dövlət kimi tanınır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti xalqımızın və dövlətimizin mənafeyinə xidmət edir
Bunlarla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, həmçinin onun Azərbaycan Prezidentinin müasir dövlət quruculuğu sahəsindəki fəaliyyətinə dəstəyi də ölkəmizdə ardıcıl uğurların əldə olunmasını şərtləndirir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə fərqlənir. Bu fəaliyyət Azərbaycan xalqının və dövlətinin mənafeyinə, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edir.
Digər tərəfdən, Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Mehriban xanım Əliyeva hər zaman xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli - layiqli töhfəsini verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 840 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31