Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda nəqliyyatın bütün seqmentləri müasir standartlara tam cavab verir

Azərbaycanda nəqliyyatın bütün seqmentləri müasir standartlara tam cavab verir

28.12.2019 [10:00]

Prezident İlham Əliyev: Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək
Yeni şəraitdə Azərbaycan özünün nəqliyyat-logistik imkanlarını genişləndirməyi mühüm vəzifə kimi qarşıya qoyub. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq son 16 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsinə, bu sahədə çoxsaylı layihələrin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib. Nəticə, əlbəttə ki, sevindiricidir. Bu gün müstəqil Azərbaycanın yol-nəqliyyat-logistika infrastrukturu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu nüfuzlu reytinq agentliklərinin hesabatlarından da görmək mümkündür. Məsələn, Davos İqtisadi Forumunun bir qədər bundan əvvəl yayılan hesabatında respublikamız dəmir yollarının səmərəliliyinə görə 11-ci yerdə qərarlaşıb. Ölkəmiz yolların keyfiyyətinə görə 27-ci yeri tutur. Bütövlükdə, nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Prezident İlham Əliyev bu günlərdə yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə məmnunluq hissi ilə vurğulayıb ki, nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Ölkəmizdə görülən işləri yüksək dəyərləndirən dövlət başçımız “Hesab edirəm ki, 2019-cu ildə biz artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə etdik. Əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturu imkan verdi ki, biz əməkdaşlığın miqyasını genişləndirək”, - deyə vurğulayıb.
Bütün ölkə üzrə yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturu formalaşıb
Son 16 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi siyasətində həm daxili, həm də beynəlxalq əməkdaşlıq tələb edən layihələrin icrası diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə respublika boyunca reallaşdırılan yol-nəqliyyat layihələrinin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 16 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Ölkə ərazisi o qədər də böyük olmasa da, respublikamız yeddi beynəlxalq hava limanına malikdir və bunların hər biri işlək vəziyyətdədir. Hava limanlarının altısında beynəlxalq uçuşlar da həyata keçirilir. Davos Ümumdünya İqtisadi Forumunun bəhs olunan son hesabatında göstərilir ki, hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-ci yerdədir.
Ölkəmizdə daxili yol-nəqliyyat infrastrukturunun yenilənməsi həm paytaxt Bakını, həm respublikanın bütün bölgələrini əhatə edir. Müstəqillik illərində paytaxtımızda çoxlu sayda yollar yüksək səviyyədə yenidən qurulub, hərəkətin intensivliyini təmin etmək məqsədilə müxtəlif ünvanlarda müasir yol qovşaqları, körpülər, yeraltı və yerüstü keçidlər inşa olunub. Bakı ətrafında hələ keçmiş sovet dönəmində nəzərdə tutulan, ancaq müxtəlif bəhanələrlə çəkilməsi ildən-ilə təxirə salınan dairəvi yolun inşası uğurla tamamlanıb. Reallaşdırılan layihələrin nəticəsidir ki, artıq bir sıra istiqamətlərdə bölgələrdən gələn avtomobillər şəhərə daxil olmadan öz hərəkətlərini məhz dairəvi yolla davam etdirirlər ki, bu da paytaxtımızın yüklənməsini əhəmiyyətli dərəcədə azaldır. Belə misalların sayı kifayət qədər çoxdur. Hazırda paytaxtımızın yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Təkcə 2019-cu ilin 9 ayında Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 km küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.
Respublikamızın regionlarında da yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Əlamətdar haldır ki, bu istiqamətdə işlər intensiv şəkildə ölkənin bütün bölgələrində aparılır. Bütövlükdə, hər il ölkə üzrə min kilometr yeni yol çəkilir. Cari ildə isə bu rəqəmin 1122 kilometrə çatdırılması hədəflənib.
Hazırda respublika ərazisində bir sıra yol layihələrinin icrası uğurla davam etdirilir. Məsələn, Xınalığa çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib. Qonaqkəndə gedən yolun tikintisi də cədvələ uyğun davam etdirilir. Yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilib. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. Qeyd edək ki, indiyədək orada körpü olmayıb. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləmək məcburiyyətində qalırdılar. Layihə çərçivəsində 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib. Dövlət başçısının tapşırığına əsasən növbəti ilin investisiya proqramında layihənin icrasının davam etdirilməsi üçün vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və 50,3 kilometrlik yol istismara tam hazır vəziyyətə gətiriləcək.
Strateji əhəmiyyətli infrastruktur layihələrinin icrası Azərbaycan üzərindən beynəlxalq yük daşımalarının həcmini artırmağa geniş imkanlar açıb
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, eyni zamanda, ölkəmizin tranzit imkanlarının genişləndirilməsinə hesablanıb. Azərbaycan əlverişli coğrafi mövqeyindən bəhrələnərək respublikamızın ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə daha böyük həcmlərdə daşımaları təmin etməklə özünün valyuta daxilolmalarını artırmaq niyyətindədir. Məmnunluq hissi ilə bildirmək yerinə düşər ki, strateji əhəmiyyətli infrastruktur layihələrinin icrası Azərbaycan üzərindən yük daşımalarının həcmini artırmağa geniş imkanlar açıb.
O cümlədən son illərdə Xəzərin Azərbaycan sahillərində yaradılan müasir infrastruktur açıq dənizə çıxışı olmayan respublikamızın Avrasiyada mühüm nəqliyyat habına çevrilməsində böyük rol oynayır. Qeyd edək ki, respublikamız Xəzərdə ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün xüsusi rol oynayır. 2003-cü ildə istifadəyə verilmiş gəmiqayırma zavodunda bütün növ gəmiləri istehsal etmək mümkündür. Bu yaxınlarda bəhs olunan müəssisədə Prezident İlham Əliyevin iştirakı ilə respublikamızda tarixdə ilk dəfə olaraq “Azərbaycan” adını daşıyan bərə gəmisi istifadəyə verilib. Müəssisədə həmçinin “Laçın” adlı neft tankerinin də inşası tamamlanıb və istifadəyə verilib. Bakı Gəmiqayırma Zavodunda yerli mütəxəssislər tərəfindən nəhəng neft tankerinin və çoxfunksiyalı gəmi-bərənin inşa edilməsi ilk növbədə müstəqil Azərbaycanın gücünü nümayiş etdirir.
Azərbaycanın növbəti dəfə liderlik nümayiş etdirərək Ələtdə yaratdığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi beynəlxalq daşımalar üçün böyük önəm daşıyır. Liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər.
Ölkəmizin tranzit imkanlarını genişləndirən yeni infrastruktur layihələri sırasında inşası iki il bundan əvvəl tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini xüsusi vurğulamaq lazımdır. Əvvəla, bu yol Azərbaycanla qardaş Türkiyə arasında dəmir yolu bağlantısı yaradıb. Digər tərəfdən, BTQ Avropa ilə Asiya arasında ən qısa və səmərəli yoldur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, bu gün biz nəinki gözlədiyimiz yerlərdən, hətta yeni ünvanlardan da bu yol üzərində yükləri qəbul edirik və ötürürük. “Bu, əlbəttə ki, Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yoludur və eyni zamanda, artıq Türkmənistandan da yüklər gəlir. Türkmənistana mənim səfərim zamanı ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd imzalanmışdır. Artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətləri birləşib. Əfqanıstanda Lapis-Lazuli layihəsi ilə biz Bakı-Tbilisi-Qarsı birləşdirə bildik. Beləliklə, yeni yüklər əldə edildi. Artıq Rusiyadan da Azərbaycan üzərindən Türkiyəyə yüklərin daşınması başlamışdır. Əminəm ki, bu yolla yüklərin həcmi daha da artacaq. Eyni zamanda, biz İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən yükləri gözləyirik. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizində də Azərbaycan çox fəal iştirak edir. Biz öz ərazimizdə bu dəhlizlə bağlı bütün işləri başa vurmuşuq. Ona görə bütün bu addımların nəticəsində Azərbaycan - açıq dənizlərə çıxışı olmayan bir ölkə beynəlxalq, yəni Avrasiya nəqliyyat mərkəzlərinin birinə çevrilibdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Eyni zamanda, ölkəmiz Gürcüstan, İran və Rusiya sərhədinədək olan magistral yolların yenidən qurulmasını uğurla davam etdirir. Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulsa da, inşaatçılar bütün işləri 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verməyi qərarlaşdırıblar.
İran istiqamətində yeni yolun tikintisi də diqqət mərkəzində saxlanılır. Məlumdur ki, hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Buna görə də Prezident İlham Əliyev Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilməsi ilə bağlı tapşırıq verib. İndiyədək İran sərhədinə qədər yol çəkilib. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi də həll olunur.
Hazırda Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi uğurla davam etdirilir. Prezident İlham Əliyev dekabrın 26-da bəhs olunan yolun tikintisi ilə tanış olub və Özünün dəyərli tövsiyələrini verib. 192 kilometrlik bu yolun inşası 4 lot üzrə aparılır. İndiyədək layihə çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Yeni yolun sayəsində Rusiya sərhədindən İrana qədər məsafə 45 kilometr qısalacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31