Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2019-cu ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

2019-cu ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

29.12.2019 [10:10]

Dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edir
Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır və əsas strateji hədəf ölkəmizin beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsidir. Yola salmağa hazırlaşdığımız 2019-cu il də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsi kimi, ölkəmiz üçün xarici siyasət sahəsində uğurlu olub. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edib, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənib, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən Prezident İlham Əliyev bu məqamlara toxunaraq “O ki qaldı xarici siyasətlə bağlı olan məsələlərə, hesab edirəm ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib”, - deyə vurğulayıb. Bu il həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ikitərəfli formatda Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib ki, bu, olduqca mühüm göstəricidir. Bu fakt həm Azərbaycanın xarici siyasət kursunun səmərəliliyini, həm də ölkəmizin yüksək beynəlxalq nüfuzunu göstərir.
Azərbaycanın xarici siyasət kursu milli maraqlara əsaslanır, çoxvektorlu və praqmatik xarakter daşıyır
Ümumiyyətlə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.
Eyni zamanda, Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə də sıx əməkdaşlığa və yüksəksəviyyəli, qarşılıqlı faydalı əlaqələrə malikdir. Bu isə, şübhəsiz ki, regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə və səmərəli əməkdaşlığın inkişafına xidmət göstərir. Dövlətimizin başçısı bəhs olunan müsahibə zamanı bu məqamlara toxunaraq “Deyə bilərəm, - mən dəfələrlə bu mövzu ilə bağlı fikirlərimi bildirmişəm, - qonşu ölkələrlə münasibətlər hesab edirəm ki, bütövlükdə hər bir ölkə üçün xüsusi məna daşıyır, o cümlədən Azərbaycan üçün. Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur. Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib. Artıq Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə bizim üçtərəfli əməkdaşlıq formatımız var. Bu format həm məna, həm də ki, əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz inkişaf edibdir. Deyə bilərəm ki, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur”, - deyə bildirib.
Ölkəmiz 2019-cu ildə mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib
Qeyd etdiyimiz kimi, ölkəmiz 2019-cu ildə mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanda cari il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib ki, bu, türkdilli ölkələr arasında çoxşaxəli əlaqələrin inkişafı, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi çox mühüm əhəmiyyətə malikdir. Sammitdə bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılıb, səmərəli fikir mübadilələri aparılıb. Tədbir dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malik olub. Bir daha dünya ictimaiyyətinin diqqətinə reallıqlar təqdim olunub, tədbir iştirakçıları tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanın dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini qətiyyətlə ifadə ediblər. Sammitdə həmçinin Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan, tolerantlıq nümunəsi olduğu xüsusilə nəzərə çatdırılıb. Sammitin əhəmiyyətini dəyərləndirən ekspertlər bildiriblər ki, Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Ölkəmizin ev sahibliyi etdiyi qlobal əhəmiyyətli nüfuzlu tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır.
Eyni zamanda, bu il Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi də beynəlxalq müstəvidə Azərbaycana olan yüksək inam və etimadın əyani ifadəsidir. Məlumdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub ki, bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.
Bütövlükdə, 2019-cu ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf edib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31