Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

26.01.2020 [08:58]

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir
Bu həftə nəzərlər yenidən İsveçrənin paytaxtı Davosda idi. “Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən 50-ci Dünya İqtisadi Forumunda müzakirə olunan regional və qlobal xarakterli məsələlər dünyanın diqqətində oldu, dünya iqtisadiyyatının inkişafı, beynəlxalq inteqrasiyanın intensivləşdirilməsi kontekstində çox mühüm fikirlər səsləndirildi. Məlumat üçün qeyd edək ki, 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçirilib, 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunub. Ümumiyyətlə, daha çox “Davos Forumu” adı ilə tanınan Dünya İqtisadi Forumu qlobal iqtisadi-siyasi və interaktiv dialoq platformasıdır. Bu strateji platforma dünyanın iqtisadi mənzərəsinin formalaşmasında önəmli rola malikdir, çünki Forum vasitəsilə irəli sürülən ideya və təkliflər transmilli və transregional - qlobal iqtisadiyyatın inkişafına impuls verir. Xüsusilə də, qlobal iqtisadi-maliyyə problemlərinin, humanitar böhran və fəlakətlərin mövcud olduğu hazırkı şəraitdə dünyanın iqtisadi və siyasi elitasını, vətəndaş cəmiyyəti institutlarını vahid platformada birləşdirən bu Forum strateji əhəmiyyətə malikdir.
Milli maraqlara əsaslanan müstəqil siyasət Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirib
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Forum zamanı dünyanın siyasi və iqtisadi elitasının, transmilli media orqanlarının diqqətini çəkən mühüm nüanslardan biri Azərbaycanla əlaqədar unikal və mütərəqqi reallıqların dolğun ifadəsi oldu. Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?” sualına “Bakıya... Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”, - deyə cavab verməklə təkcə ölkəmiz üçün deyil, regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq kontekstində xüsusi önəm kəsb edən - aktual və strateji əhəmiyyətli məsələlərin üzərinə işıq saldı, mühüm mesajlar verdi. Bu kontekstdə bir sıra əhəmiyyətli məqamlara ayrıca nəzər salmaq məqsədəmüvafiqdir.
Əvvəla qeyd edək ki, Azərbaycanın strateji kursunun səciyyəvi xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşımasıdır. Yəni ölkəmiz hər hansı bir güc mərkəzindən, transmilli təsisatdan asılı deyil, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirir, yəni ikitərəfli və çoxtərəfli münasibətlərdə, beynəlxalq münasibətlər sistemində fəal təmsilçilikdə ali geosiyasi iradəsini aşkar nümayiş etdirir. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür.
Bütövlükdə, dövlətimizin başçısının yuxarıda bəhs olunan suala cavabı, hər şeydən əvvəl, Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən üstün tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir. Uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Nəticə etibarilə, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.
Niyə məhz Bakı, yaxud Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi...
Bunlarla yanaşı, rasional strateji kursun qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı olaraq tanınır. Regionun iqtisadi, siyasi və humanitar mərkəzi, diplomatiya paytaxtı olan Bakı prestijli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu tədbirlər çərçivəsində Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir.
Ölkəmiz regional və qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm əhəmiyyətə malik olan mötəbər tədbirlərlə yanaşı, mühüm görüşlərə də uğurla ev sahibliyi edir. Respublikamızın paytaxtı Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi Azərbaycanın strateji dialoq platforması kimi çıxış etdiyini göstərir, ölkəmizin yüksək nüfuza malik olmasından xəbər verir. Ümumiyyətlə, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda görüşlərinin keçirilməsi təsadüfi deyil. Bu fakt, ilk növbədə, Azərbaycanın həyata keçirdiyi praqmatik və çoxvektorlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Sirr deyil ki, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Avrasiyanın yeni nəqliyyat xəritəsini yaradan Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan strateji əhəmiyyətli layihələr regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini, yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirir. Qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir. Artıq reallıqdır ki, postbipolyar dünya nizamı çərçivəsində regional güc mərkəzi kimi tanınan Azərbaycan Cənubi Qafqazın geosiyasi statusunu yüksəldərək onu Avrasiyanın “heartland” nöqtələrindən birinə çevirib. Bu isə dünya siyasəti və beynəlxalq münasibətlərdə çox mühüm yeni tendensiyaların meydana çıxmasını şərtləndirib.
Nəticə etibarilə, müstəqil strateji kurs Azərbaycanın öz inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına və beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısı bəhs olunan iclasda “Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir”, - deyə vurğulayıb. Bəli, bu gün müasir müstəqil Azərbaycan öz milli maraqlarını qorumaqla möhtəşəm nailiyyətlər qazanır və yeni zirvələr fəth edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 725 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31