Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

01.02.2020 [09:54]

Reallaşdırılan uğurlu gənclər siyasətinin nəticəsi olaraq ölkəmizdə fəal gənclər ordusu formalaşıb, onlar biznes layihələrində, dövlətin idarə olunmasında aktiv iştirak edirlər
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı Davos İqtisadi Forumu çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının, nəhəng şirkətlərin rəhbərlərinin, ictimai xadimlərin iştirakı ilə keçirilən tədbirlərdə dünyanın mənzərəsi ətraflı təhlil edildi, müqayisələr aparıldı, ümumi qənaət ifadə olundu. Müqayisələrdən də göründüyü kimi, beynəlxalq aləmdəki mənzərə ilə müqayisədə Azərbaycanın reallıqları tamam fərqli rakursdan diqqət çəkir. Yaxın Şərqdə, digər məkanlarda gərginliklər, kataklizmlər, böhran meyilləri artır, Azərbaycan isə sabitlik adası kimi öz inkişafını davam etdirir. Forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Prezident İlham Əliyev ölkəmizi fərqləndirən digər məqamı da xüsusi olaraq nəzərə çatdırıb. Panelin moderatoru dünyada gənclərlə bağlı məsələlərin narahatlıq doğurduğunu bildirib və Azərbaycandakı vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı panel iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir.
Azərbaycanda uğurlu gənclər siyasəti aparılır, onların yaxşı təhsil almalarına və karyera qurmalarına hərtərəfli dəstək göstərilir
Bəhs olunan paneldə gənclərlə bağlı məsələnin xüsusi olaraq qabardılması heç də təsadüfi xarakter daşımır. Sir deyil ki, gənclər tarixin bütün dönəmlərində cəmiyyətin avanqard qüvvəsi rolunda çıxış edirlər və ənənələr bu gün də yaşayır. Azərbaycanı fərqləndirən məqam ondan ibarətdir ki, gənclərimiz sağlam əqidəlidirlər, öz enerjilərini bir qayda olaraq ümummilli məqsədlərə yönəldirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərimizin cəmiyyətdəki mövqelərindən məmnunluğunu ifadə edib. Dövlət başçımızın bildirdiyi kimi, fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar.
Azərbaycan iqtidarının həyata keçirdiyi praqmatik siyasət cəmiyyətin, o cümlədən də gənclərin dövlətçiliyə, müstəqillik ideyalarına bağlılığının, hakimiyyətə inamının artmasında çox mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.
Digər tərəfdən, respublikamızda dövlətin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq məqsədyönlü gənclər siyasəti aparılır, onlara daim həssas yanaşma sərgilənir. Bunun da nəticəsi olaraq respublikamızda fəal gənclər ordusu formalaşıb, onlar biznes layihələrində, dövlətin idarə olunmasında aktiv iştirak edirlər. Bu gün Azərbaycan cəmiyyətində nəsillərin vəhdətinin təmin olunması, təcrübə ilə novatorluğun sintezi ölkəmizin ardıcıl inkişafının təməlində dayanan əsas amillərdən biri qismində çıxış edir.
Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsaslarının formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri vardır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Dövlət Gənclər Siyasəti haqqında” müvafiq Fərmanı isə gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, gənclərin hüquqlarının müdafiəsi, onların respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunması ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. Sözügedən Fərmana uyğun olaraq ölkəmizdə “Gənclər siyasəti haqqında” ayrıca Qanun qəbul edilib.
Son 16 ildə respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin mövqeyi belədir ki, Azərbaycan gəncləri bilikli, savadlı yetişməlidirlər, müasir dövrdə daha çox tələbat duyulan ixtisaslara yiyələnməlidirlər. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir. Dövlət Proqramında müasir reallıqlar və meydana çıxan çağırışlarla bağlı qarşıya yeni hədəflər qoyulub.
XXI əsr elm, təhsil, innovativ təşəbbüslər əsridir. Bu mənada ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Respublikamızda tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla icra edilir.
Könüllülər hərəkatına qoşulan və yaxşı nəticələr göstərən gənclər hökumət təşkilatlarına işə qəbul olunurlar
Azərbaycan gənclərinin fəallığını və vətənpərvərliyini həmçinin ölkəmizdə getdikcə daha geniş vüsət alan könüllülər hərəkatının timsalında izləmək mümkündür. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Müstəqil Azərbaycanda könüllülər hərəkatı ötən əsrin doxsanıncı illərinin sonlarından etibarən formalaşmağa başlayıb. Respublikamızda 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsinin icrasına başlanılıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliği prosesi başlayıb. 2009-cu ildə isə Milli Məclis “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edib. Sonradan “ASAN xidmət” mərkəzlərində könüllülərin fəaliyyətinə geniş meydan verilib. Müsbət təcrübə qısa müddətdə geniş yayılıb. Böyük könüllülər ordusu respublikamızın uğurla ev sahibliyi etdiyi Birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının, “Formula - 1” yarışlarının, eləcə də bir sıra digər beynəlxalq tədbirlərin keçirilməsinə fəal dəstək verib. Hazırda ayrı-ayrı dövlət qurumlarının fəaliyyətində də könüllülər yaxından iştirak edirlər. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Könüllü kimi əmək fəaliyyətinə başlayan gənclər yaxşı təcrübə toplayır, müsbət vərdişlər, ünsiyyət bacarığı qazanırlar ki, bu da sonradan onların karyera qurmalarına, müxtəlif vəzifələrə irəli çəkilmələrinə müsbət təsir göstərir. Prezident İlham Əliyev respublikamızda könüllülər hərəkatının geniş vüsət aldığına diqqət çəkərək vurğulayıb: “Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük”.
Ölkəmizdə könüllülər hərəkatının yeni mərhələsi başlayıb. Azərbaycan Prezidentinin 30 dekabr 2019-cu il tarixində imzaladığı müvafiq Sərəncama əsasən 2020-ci il respublikamızda “Könüllülər İli” elan olunub. Şübhə yoxdur ki, “Könüllülər İli” çərçivəsində keçiriləcək tədbirlər gənclərin fərdi inkişafına təkan verəcək, onlarda sosial məsuliyyət hissini daha da artıracaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməyə geniş imkanlar açacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31