Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Şurası: ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsi

Avropa Şurası: ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsi

07.02.2020 [09:46]

Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir
XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da “demokratiya” və “insan hüquqları” kimi institusional məfhumlar xüsusilə fərqlənir. Məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunəsi ortaya çıxır. Bu kontekstdə konkret nümunələr və faktlar ortadadır.
Avropa Şurası nə üçün Azərbaycanı hədəf olaraq seçib?!
Əvvəla vurğulamaq gərəkdir ki, insan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasəti və selektiv münasibətə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində göstərir. Məsələn, Cənubi Qafqaz regionunun lider ölkəsi olan, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən, dayanıqlı iqtisadi tərəqqiyə malik Azərbaycan ötən dövr ərzində davamlı olaraq Avropa Şurası (AŞ) tərəfindən hədəf olaraq seçilib, respublikamıza qarşı qərəzli, əsassız iddialar ortaya atılıb. Avropa Şurasında Azərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır. Ölkəmiz haqqında saxta məlumatların dərc olunması, qərəzli qətnamələr qəbul edilməsi isə tamamilə yolverilməzdir. Azərbaycana qarşı qondarma “siyasi məhbus” iddialarının irəli sürülməsi, “demokratik proseslərə əngəl törədilməsi” ilə əlaqədar ittihamların səsləndirilməsi qərəzli münasibətdən, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil. Bütün bunlar həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Elə bunun nəticəsidir ki, Avropa Şurasında mənəvi-siyasi aşınma prosesi müşahidə edilir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı da bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı Avropa Şurasında deqradasiya prosesinin getdiyini diqqətə çatdıraraq “Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”, - deyə vurğulayıb.
Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma sərgilənməsi tamamilə qəbuledilməzdir. Hər şeydən öncə ona görə ki, respublikamız bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Bütövlükdə, ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Azərbaycanın bu sahədə təcrübəsi mütərəqqi nümunə kimi çıxış edir. Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Məhz bütün bunlara görə ciddi narahatlıq keçirən bəzi dairələr, o cümlədən AŞ kimi qurumlar ikili standartlar və selektiv yanaşma ortaya qoyaraq qərəzli mövqe nümayiş etdirirlər.
Avropa Şurasının selektiv yanaşmaya əsaslanan ikili standartlar siyasətini göstərən çoxsaylı faktlar...
Bu qurumun qərəzli, qeyri-obyektiv və riyakar mövqeyini əks etdirən daha bir nüansa diqqət yetirək. Belə ki, Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Konkret faktlar və nümunələr ortadadır. Məsələn, Ermənistanda sabiq prezident həbs olunub, ölkəyə rəhbərlik etmiş baş nazir S.Sarkisyan da hazırda istintaq altındadır. Bu ölkədə sabiq dövlət başçılarının həbsinin əsas səbəbi onların siyasi proseslərdə iştirakı, indiki hakimiyyətə qarşı tənqidi mövqeləri, N.Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı təzyiq və təqib metodlarından geniş istifadə etməsidir. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini və “Haynews.am” saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb. Gürcüstanda isə sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb və digər faktlar mövcuddur. 2019-cu ilin mayında isə Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb. Bəs bütün bu faktlar hansı səbəbdən gözardı edilir, yaxud sadalanan məsələlər nəyə görə Avropa Şurasında qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?!
Bunlarla yanaşı, Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Sirr deyil ki, bu gün Qərbdə, xüsusilə də Avropa ölkələrində ciddi insan hüquqları pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Eyni zamanda, Avropada sosial-iqtisadi və hüquqi məsələlərlə bağlı etiraza qalxan vətəndaşlara münasibətdə repressiv metodlardan istifadə olunur. Dolayısıyla, vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda, buna hər hansı bir reaksiya verilmir. Ümumiyyətlə, “qoca qitə”də son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar dünya mediasının diqqət mərkəzindədir. Bəlkə, Avropa Şurası bunları “demokratiya nümunəsi” hesab edir?!
Təbii ki, bütün bu faktlar Avropa Şurasının simasının əsas cizgilərini müəyyən edir: ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasəti və s. Məhz bütün bunlara görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir, AŞPA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir “tələb”i icra etmək niyyətində deyil. Müstəqil siyasət həyata keçirən Azərbaycan xalqın iradəsini, dövlətin mənafeyini, milli maraqları əsas götürür. Heç vaxt təzyiq və təhdid dilini qəbul etməyən ölkəmiz bundan sonra da öz prinsipial mövqeyində qalacaq. Azərbaycanı Avropa Şurasında heç bir amil saxlamır, ölkəmiz istənilən zaman öz suveren hüququndan və müstəqil mövqeyindən istifadə edərək bu qurumdan çıxa bilər. O ki qaldı Avropa Şurasının regional və qlobal proseslərdə roluna, beynəlxalq təsir imkanlarına, qurumun deqradasiyaya məruz qalmasını, nüfuzunun olmamasını göstərən bir nümunəyə nəzər salmaq məqsədəmüvafiq olar: bəlli olduğu kimi, bir neçə il bundan əvvəl AŞPA Rusiyaya qarşı sanksiyalar tətbiq edərək onu səs hüququndan məhrum etsə də, sonrakı mərhələdə bu ölkənin arxasınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Artıq şərh verməyə ehtiyac yoxdur!
Nurlan

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31