Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq Seçki Müşahidə Missiyası: Şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilmişdi

Beynəlxalq Seçki Müşahidə Missiyası: Şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilmişdi

12.02.2020 [09:53]

Missiyanın ilkin hesabatında namizədlərin qeydiyyatı prosesinin inklüziv olması, seçkilərə 19 siyasi partiyanın namizədlərinin qatılması, yüksək texniki təchizat və bir sıra digər məsələlər müsbət məqamlar kimi dəyərləndirilib
Azərbaycanda fevralın 9-da Milli Məclisə keçirilən seçkilər tam şəffaf şəkildə, demokratik prinsiplərə uyğun və seçicilərin yüksək fəallığı şəraitində baş tutub. Bütövlükdə, seçkilərə istər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq səviyyədə böyük maraq göstərilib. Bunu seçki prosesini çoxlu sayda həm yerli, həm də beynəlxalq müşahidəçinin izləməsi bir daha təsdiqləyir. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 olub. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləri olub. Eyni zamanda, parlament seçkilərinin gedişini 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb.
Diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, müxtəlif ölkələrdən və təşkilatlardan olan beynəlxalq müşahidəçilər respublikamızda keçirilən seçkiləri yüksək dəyərləndirirlər. Beynəlxalq müşahidə missiyalarının təmsilçiləri keçirdikləri çoxsaylı mətbuat konfranslarında Azərbaycanın bütün dünyaya nümunəvi seçkilər təqdim etdiyini bildirirlər. Vurğulanır ki, ölkəmizin müvafiq qurumları tərəfindən seçkilərin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün hər cür şərait yaradılıb. Beynəlxalq müşahidə missiyalarının üzvləri ölkəmizdə olduqları bir neçə gün ərzində seçki prosesində vətəndaşların aktivliyinin artırılmasına, onların öz seçimlərini sərbəst şəkildə ifadə etmələrinə, məntəqələrdə şəffaflığın gözlənilməsinə güclü siyasi iradə göstərildiyinin şahidi olduqlarını bildiriblər.
Öz növbəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) da Milli Məclisə seçkilərlə bağlı ilkin qənaətlərini açıqlayıblar. Missiya üzvləri çoxlu sayda müşahidəçilərin prosesi izləməyə dəvət olunmasını müsbət qiymətləndirərək bunu şəffaflığın təmin edilməsi istiqamətində atılmış bir addım kimi xarakterizə ediblər.
MSK şəffaf surətdə işləmək üçün səylər göstərib və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı olub
Qeyd edək ki, Beynəlxalq Seçki Müşahidə Missiyasının ilkin qənaətində ölkəmizdə Milli Məclisə fevralın 9-da keçirilən seçkilərlə bağlı bir sıra müsbət məqamlar yer alıb. O cümlədən bəhs olunan hesabatda namizədlərin qeydiyyatı prosesinin inklüziv olmasına, çoxlu sayda namizədin qeydə alınmasına, seçkilərə 19 siyasi partiyanın namizədlərinin qatılmasına diqqət çəkilib. Sənəddə vurğulanır ki, şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilmişdi. İlkin hesabatda, həmçinin seçki administrasiyasının resurslarla yaxşı təmin olunması və qısa vaxta baxmayaraq, qanunla müəyyən edilmiş bütün müddətlərə riayət olunması da müsbət məqamlar kimi qeyd edilib. Hesabatda vurğulanır ki, MSK şəffaf surətdə işləmək üçün səylər göstərib və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı olub. Beynəlxalq Seçki Müşahidə Missiyasının ilkin hesabatında qeyd olunub ki, iclaslar müşahidəçilər və mediaya açıq olub. Qərarlar, bir qayda olaraq, həmrəyliklə qəbul edilirib və vaxtlı-vaxtında sayta yerləşdirilirib ki, bu da şəffaflığı artırırdı.
İlkin dəyərləndirmədə Azərbaycanın nəzarətindən tam və yaxud qismən kənar olan 10 seçki dairəsində seçkilərin keçirilə bilməməsi də nəzərə çatdırılıb
Məlum olduğu kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin təxminən 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. BMT TŞ zəbt olunan ərazilərdən Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə əlaqədar 4 qətnamə qəbul etsə də, işğalçı ölkə qeyri-qanuni status-kvonun sülh yolu ilə dəyişdirilməsinə imkan vermir. Təbii ki, işğala məruz qalan ərazilərdə Azərbaycan dövlətinin qanuni fəaliyyət göstərməsinə imkan yoxdur. Bu amil Beynəlxalq Seçki Müşahidə Missiyasının ilkin hesabatında da diqqətdən kənarda qalmayıb. Hesabatda bildirilir ki, çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilər keçirilə bilmədi. Eyni zamanda, sənəddə doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan soydaşlarımızın seçki hüquqlarının təmin edilməsinə də diqqət çəkilib. “Məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür”, - deyə sənəddə vurğulanıb.
“Sapı özümüzdən olan baltalar”ın arzuları bu dəfə də gözlərində qaldı
“Sapı özümüzdən olan baltalar”ın canfəşanlıqlarını, müəyyən iddialar səsləndirmələrini nəzərə almasaq, Beynəlxalq Seçki Müşahidə Missiyasının mətbuat konfransı tamamilə aqressiyadan uzaq bir şəraitdə keçdi. Mətbuat konfransında “sapı özümüzdən olan baltalar”dan biri isə yenə də öz ampluasında idi. O növbəti dəfə “Roma Papasından artıq katoliklik” edərək Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırdı. Onun arzuları isə yenə də gözündə qaldı. Belə ki, onun verdiyi suala cavab olaraq qatı anti-azərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. Bu sual və F.Şvabenin cavabı sual müəllifinin virtual dünyada yaşadığını göstərmiş oldu. Onun Milli Məclisin yeni tərkibinin legitimliyini şübhə altına alan ikinci sualına verilən cavab isə zalda əyləşən bütün antimilli ünsürlər üçün bir növ tərs sillə effekti yaratdı. Suala cavabında ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğuladı ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd etdi ki, məsələ onların mandatına aid deyil.
Hesabatda iddia olunan çatışmazlıqlar məhəlli xarakter daşıyır və seçkilərin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur
Beynəlxalq Seçki Müşahidə Missiyasının bəyanatı və mətbuat konfransı ilə bağlı ümumi qənaət ondan ibarətdir ki, DTİHB-nin budəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edir. İddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir. Sənəddə iddia olunan çatışmazlıqlar yerli, məhəlli xarakter daşıyır və seçkilərin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. Bu məqamda vurğulamaq yerinə düşər ki, DTİHB-nin seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur.
Əslində, “sapı özümüzdən olan baltalar” DTİHB-dən seçkinin nəticələrini şübhə altına salacaq bəyanat gözləyirdilər. Bu baş vermədiyi üçün onlar tamamən məyus olublar. Antimilli ünsürlərin diqqətinə bir daha çatdırmaq istərdik ki, Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31