Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28.02.2020 [09:19]

Prezident İlham Əliyev: Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir
Dünya siyasəti və müasir beynəlxalq münasibətlər sisteminin başlıca reallıqlarından biri sarsılmaz əsaslara malik olan Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etməsi və ən yüksək zirvədə olmasıdır. İki ölkə arasında çoxşaxəli münasibətlər uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətlərini fərqləndirən səciyyəvi xüsusiyyətlərdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkəni, hər şeydən əvvəl, möhkəm dostluq, qardaşlıq və əməkdaşlıq ənənələri bağlayır.
Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Dövlət başçıları həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur. Yeri gəlmişkən, fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri bu baxımdan xüsusilə qeyd edilməlidir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib, Azərbaycan-Türkiyə sənədləri imzalanıb, Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Yeri gəlmişkən, fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı “Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin”, - deyə vurğulayıb.
Xüsusilə də, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi önəm kəsb edir. Qeyd edək ki, tərəflər arasında “2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol”, “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş” və digər mühüm sənədlər imzalanıb.
Eyni zamanda, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində çox mühüm qərarların qəbul edilməsi hər iki ölkə arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı ilə yanaşı, regional əməkdaşlıq və təhlükəsizlik kontekstində olduqca önəmlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər”.
O da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional işbirliyi və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan strateji xarakterli layihələrin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən strateji dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri təkcə iqtisadi əhəmiyyətə malik deyil, həm də təhlükəsizlik kontekstində mühüm önəm kəsb edir. Beləliklə, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, eyni zamanda, regionun tərəqqisi, həmçinin bölgədə təhlükəsizliyin təmin olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. Başqa sözlə, mövcud əlaqələr müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində strateji önəm daşıyır.
İki qardaş ölkə bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edir
O da xüsusilə qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə daim dostluq və qardaşlıq münasibətləri fonunda beynəlxalq müstəvidə bir-birinə dəstəyini ifadə edir. Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olması bariz reallıqdır. Qardaş ölkə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin ədalətli mövqeyinə qətiyyətli dəstək göstərir. Azərbaycan da öz növbəsində daim Türkiyənin haqq işini dəstəkləyir. Bu həm də onun göstəricisidir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq”.
Nəticə etibarilə, dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla - yüksələn xətt üzrə inkişaf edir və yaxşı perspektivlərə malikdir. Müstəqil siyasət həyata keçirən hər iki ölkənin müxtəlif sahələri əhatə edən strateji xarakterli əməkdaşlığı daim yeni keyfiyyət çalarları ilə zənginləşərək daha da möhkəmlənir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31