/ / Müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoru olan Azərbaycan BMT-də müvəffəqiyyətlə təmsil olunur
Müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoru olan Azərbaycan BMT-də müvəffəqiyyətlə təmsil olunur
03.03.2020 [09:40]
Respublikamız təşkilatın müxtəlif proqramlarında uğurla iştirak edir, bu mötəbər beynəlxalq qurum vasitəsilə özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirir
Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu kontekstdə ölkəmizin Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığını, uğurlu və çoxşaxəli təmsilçiliyini xüsusi vurğulamaq gərəkdir.
Azərbaycan BMT-nin tribunasından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır
Xatırlatmaq yerinə düşər ki, 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçilib. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılıb, mayın 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Ölkəmiz bu mötəbər beynəlxalq təşkilatın bir çox xüsusi qurum və orqanları - Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsi, İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO), Sənaye İnkişaf Təşkilatı, Dünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı ilə fəal əməkdaşlıq əlaqələri yaradıb. Ən əsası, 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
Şübhəsiz ki, BMT-yə üzv olduqdan sonra ölkəmizin bu mötəbər beynəlxalq təşkilatda uğurla təmsil olunması strateji zərurət kimi çıxış edirdi. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-də uğurla təmsil olunmağa, sözügedən beynəlxalq qurumun tribunasından səmərəli istifadə etməyə başladı. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Ulu Öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da Ümummilli Lider Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın qətiyyətli mövqeyini bir daha bəyan edib.
Prezident İlham Əliyev isə BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulayıb və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Həmçinin 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib.
Bunlarla yanaşı, 2008-ci il martın 14-də BMT Baş Assambleyasının geniş iclasında - 62-ci sessiyanın gündəliyində duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsi müzakirəyə çıxarılıb. Sözügedən qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü bir daha dəstəkləyib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. 2010-cu ilin sentyabrında isə BMT Baş Assambleyasının 65-ci sessiyasında geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Dövlət başçısı Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasəti həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirib. Prezident İlham Əliyev 2017-ci il sentyabrın 20-də isə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərək Ermənistanın işğalçılıq siyasəti və onun fəsadları barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Azərbaycanın 25 ildə əldə etdiyi uğurlardan danışan dövlətimizin başçısı həyata keçirilən beynəlxalq iqtisadi layihələrdən də bəhs edib. Prezident İlham Əliyevin nitqində qlobal təhlükələrə qarşı birgə mübarizə də xüsusi yer tutub, dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışıb. Azərbaycanın sosial-iqtisadi işlərlə paralel siyasi islahatları da davam etdirdiyini vurğulayan dövlət başçısı ölkəmizin dinlərarası dialoqu genişləndirmək üçün bir sıra beynəlxalq tədbirlər keçirdiyini diqqətə çatdırıb.
Bütövlükdə, Azərbaycan BMT kimi mötəbər beynəlxalq təşkilatın tribunasından səmərəli istifadə edərək reallıqları, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, sözügedən məsələni daim aktual mövzu olaraq gündəmdə saxlayıb.
155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir
Məlum olduğu kimi, 2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilib. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca həmin ilin may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və ölkəmizin prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb. Dolayısıyla, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi sərgilədiyi fəaliyyət və atdığı addımlar 2011-ci ilin oktyabrında ölkəmizin quruma üzvlüyünə səs verən 155 ölkənin etimadının doğruldulması deməkdir. Azərbaycan BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi önəmi nümayiş etdirib. Bütövlükdə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Bir sözlə, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və öz qətiyyətli mövqeyini ortaya qoyub.
Xüsusi vurğulamaq lazımdır ki, 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Dövlətimizin başçısı çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından beynəlxalq ictimaiyyətə çatdırıb. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Beləliklə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla başa vurub, bu dövrdə dünyanı narahat edən bir sıra mühüm məsələlər müzakirə olunub, müvafiq qətnamələr və bəyanatlar qəbul olunub, eyni zamanda, Ermənistanın işğalçı siyasəti ifşa edilərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılıb.
Bütövlükdə, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi”.
Sonda bir daha vurğulayaq ki, beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoru olan Azərbaycan BMT-də özünün milli maraqlarına müvafiq olaraq uğurla təmsil olunur. Ölkəmiz təşkilatın müxtəlif proqramlarında müvəffəqiyyətlə iştirak edir, bu mötəbər beynəlxalq təşkilat vasitəsilə həm də özünün ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

