Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır

Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır

05.03.2020 [09:33]

Prezident İlham Əliyev: Hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır
Artıq xeyli vaxtdır ki, koronavirus epidemiyası ilə bağlı xəbərlər bütün dünyanın gündəmini zəbt edib. Təəssüf doğuran haldır ki, müvafiq beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin həyata keçirdikləri tədbirlərə baxmayaraq, xəstəliyin yayılma coğrafiyası getdikcə genişlənir. Məlumat üçün bildirək ki, koronavirusun yeni növünə ilk yoluxma faktı 2019-cu ilin dekabr ayının son günlərində Çin Xalq Respublikasının Uxan şəhərində qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, artıq dünyada virusa yoluxan xəstələrin qeydə alındığı ölkələrin sayı 72-yə çatıb və hazırda 80 mindən çox insan epidemiyanın daşıyıcısıdır. İndiyədək ÇXR-də təhlükəli epidemiya səbəbindən dünyasını dəyişənlərin sayı isə təxminən 3 min nəfər civarındadır.
Azərbaycanda koronavirus epidemiyasına qarşı lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb
Yuxarıda deyilənlərdən də göründüyü kimi, beynəlxalq miqyasda koronavirus epidemiyası ilə bağlı durum heç də ürəkaçan deyil. Vəziyyətin ciddiliyi nəzərə alınaraq Azərbaycanda da məsələyə həssas yanaşma ortaya qoyulur. Bu günə olan məlumata görə, respublikamızda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək deyil. Bununla belə, ölkəmizdə xəstəliyin yayılmasının qarşısının alınması, infeksiyaya yoluxmuş xəstələrin müalicəsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Belə ki, bu məsələ ilə bağlı respublika ərazisində gündə bir neçə dəfə monitorinqlər aparılır. Eləcə də ölkənin bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Onu da qeyd edək ki, Prezident İlham Əliyev koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə miqyasında həyata keçirilən tədbirləri şəxsi nəzarəti altında saxlayır. Dövlətimizin başçısı martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışından sonra kollektivlə görüşdə respublikamızda bu istiqamətdə görülən işləri bir daha xatırladaraq bildirib: “Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.
Ümumiyyətlə, respublikamızda dövlət başçısının tapşırığı əsasında koronavirus epidemiyasının qarşısının alınması məqsədilə reallaşdırılan tədbirlərin miqyası kifayət qədər genişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, respublikamızda sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır və koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Bildirilir ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksəkixtisaslı kadrlar tərəfindən aparılır, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.
İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fevralın 29-da saat 16:00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub.
Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər sırasında 2020-ci il mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması da xüsusi aktuallıq daşıyır. Hazırda müvafiq qurumlar tərəfindən məktəblərdə və digər təlim-tərbiyə müəssisələrində dezinfeksiya işləri həyata keçirilir. “Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlər görülür. Ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. Qeyd edək ki, karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, respublikamızda yaranmış vəziyyətdən sui-istifadə etməyə və ajiotaj yaratmağa cəhd göstərənlər də var. Prezident İlham Əliyev belələrinə qarşı sərt mövqe ortaya qoyaraq deyib: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.
Nəzarət tədbirləri gücləndirilməklə tranzit yüklərin ölkə ərazisindən maneəsiz keçməsi təmin olunur
Məlum olduğu kimi, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan bu üstünlüyündən bəhrələnərək özünün nəqliyyat-logistik imkanlarını genişləndirməyi və bu yolla ölkəmizə valyuta daxilolmalarını artırmağı hədəfləyib. Qeyd edək ki, beynəlxalq əhəmiyyətli Şərq-Qərb və Şimal-Cənub marşrutları ölkəmizin ərazisindən keçir. Son 16 ildə respublikamızda bəhs olunan marşrutların funksionallığının artırılması, ümumiyyətlə yol infrastrukturunun yenilənməsi istiqamətində çoxlu sayda layihələr həyata keçirilib. Hazırda Azərbaycandan Rusiya, İran və Gürcüstanın dövlət sərhədinədək rahat yollar uzanır və magistral yolların yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir. Respublikamız yenə də liderlik keyfiyyətləri nümayiş etdirərək Ələt qəsəbəsində Xəzər sahilində ən böyük liman tikməyə nail olub. Ələt limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə ölkəmizin nəqliyyat-tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu gün açıq dənizə çıxışı olmayan respublikamız Avrasiyanın strateji nəqliyyat-tranzit qovşağına çevrilib. Avropadan Asiyaya gedən ən qısa yol məhz respublikamızdan keçir.
Bu gün dünyada koronavirus epidemiyasının yayılma riskinin artdığı bir şəraitdə Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə təhlükəsizliyin təmin olunmasını diqqət mərkəzində saxlayır. Başqa sözlə desək, respublikamız həm bəhs olunan dəhlizlərdən tranzit yüklərin daşınmasını təmin edir, həm də koronavirus epidemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlər görür. Belə ki, hər iki dəhliz üzrə sanitar-epidemioloji duruma nəzarət gücləndirilib. “Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla sıx təmasda fəaliyyət göstərir
Təhlükəli epidemiyanın daha geniş arealda yayılmasının qarşısını almaq, həmçinin virusa yoluxan xəstələrin müalicəsinin səmərəliliyini artırmaq üçün beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin səylərinin əlaqələndirilməsi vacibdir. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni növünü çoxsaylı ocaqları olan epidemiya kimi xarakterizə edərək, beynəlxalq miqyaslı fövqəladə hal kimi tanıyıb. Öz növbəsində BMT Dünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün fövqəladə yardım fondundan 15 milyon dollar ayrılmasına razılıq verib. Avropa İttifaqı (Aİ) isə üzv ölkələrdə COVID-19 koronavirusuna yoluxma riskini orta səviyyədən yüksək səviyyəyə qaldırıb.
Öz növbəsində Azərbaycan hökuməti də ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlarla sıx təmasda fəaliyyət göstərir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır”, - deyə vurğulayıb.
Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, martın 3-də koronavirusla mübarizə üçün xarici ölkələrlə təcrübə mübadiləsi məqsədilə Çin Xalq Respublikasının nümayəndələri ilə Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Türkmənistan nümayəndələri arasında videokonfrans keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, videokonfransda çinli ekspertlər ölkələrində koronavirus epidemiyası ilə bağlı mübarizə haqqında təqdimat edib və digər ölkə ekspertlərinə öz tövsiyələrini veriblər. Görüş videokonfransda iştirak edən ölkələrin nümayəndələrini maraqlandıran sualların çinli ekspertlər tərəfindən cavablandırılması ilə davam edib. Sonda Azərbaycan və Çin tərəfinin görüşü keçirilib və ekspertlər fikir mübadiləsi aparıblar.
M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31