Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan müasir səhiyyə infrastrukturuna malik ölkəyə çevrilib

Azərbaycan müasir səhiyyə infrastrukturuna malik ölkəyə çevrilib

07.03.2020 [12:06]

Prezident İlham Əliyev: Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub
Son 16 ilin təcrübəsinə istinadən deyə bilərik ki, Azərbaycanda dərinməzmunlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi “ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır” tezisinə uyğun olaraq bir tərəfdən insanların gəlir imkanları davamlı olaraq artırılır, eyni zamanda, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir, bu xidmətlərə əlçatanlıq təmin edilir. Ölkə əhalisinin həyatı və sağlamlığı ilə sıx bağlı olan səhiyyəyə dövlət tərəfindən siyasi və maddi dəstək tədbirlərinin getdikcə artırılması deyilənlərə yaxşı nümunədir. Bu sahəyə davamlı dövlət qayğısının məntiqi nəticəsi olaraq, hazırda paytaxt Bakı ilə yanaşı, respublikanın bütün bölgələri də ən müasir səhiyyə infrastrukturu ilə əhatə olunub ki, bu da ölkəmizdə vətəndaş məmnunluğunu şərtləndirən çox mühüm amildir.
Respublikanın səhiyyə müəssisələrində quraşdırılan tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan müasir səhiyyə infrastrukturuna malik ölkəyə çevrilib. Son illərdə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilib və yaxud əsaslı təmir edilib. Eyni zamanda, bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Təqdirəlayiq haldır ki, səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçımızın Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirakı bir daha göstərir ki, Azərbaycanda müasir səhiyyə infrastrukturu formalaşdırılıb. Bu cür müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır və ölkəmizin ümumi inkişafının göstəricisidir. Bütün bunlar sübut edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətində prioritet məsələ kimi daim diqqət mərkəzindədir və sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatları uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir.
Əlamətdar haldır ki, respublikamızda səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, paytaxt Bakı və bölgələrdə səhiyyə müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Prezident İlham Əliyev xəstəxananın açılışından sonra kollektivlə görüşdə bildirib ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq. “Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Məlumat üçün bildirək ki, dövlət başçısının iştirakı ilə istifadəyə verilən 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının ərazisi 4 hektardır. Tikintinin ümumi sahəsi isə 21 min kvadratmetrdən çoxdur. Cərrahiyyə, terapiya, pediatriya, fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada xaricdə istehsal olunan ən müasir tibbi avadanlıq quraşdırılıb. Bu tibb müəssisəsində şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr də fəaliyyət göstərir. Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsi yerləşir.
Azərbaycan Prezidenti İlham Əliyevin regionlara son səfəri çərçivəsində, həmçinin martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışı olub. Açılış mərasimində dövlətimizin başçısına məlumat verilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.
Xəstəxanada təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılırlar, nəticədə stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.
ölkə üzrə pulsuz tibbi müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb
Azərbaycanda səhiyyənin inkişafına yönələn dövlət qayğısı yalnız bu sahədə müasir infrastrukturun yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə tamamlanmır. Respublikamız bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək yeni yanaşmaların, daha mütərəqqi idarəetmə formalarının tətbiqinə “yaşıl işıq” yandırır. Hazırda ölkəmizdə belə yeniliklərdən biri olan icbari tibbi sığorta sisteminin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Bir neçə il bundan əvvəl icrasına ayrı-ayrı bölgələrdə pilot layihə kimi başlanan icbari tibbi sığortanın tətbiqi 2020-ci ilin sonlarınadək bütün ölkə ərazisini əhatə edəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə icbari tibbi sığortanın Xidmətlər Zərfi təsdiqlənib. Qeyd edək ki, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Təminata alınmış xəstəliklər sırasına sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir. Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığının, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.) məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.
Vurğulamaq yerinə düşər ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını artırmaq məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir. Ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi yüksək vətəndaş məmnunluğu yaradır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına əsasən, cari il fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər 607 063 müraciət edib. Bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilib. Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax Rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş Rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz Rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki Rayon Mərkəzi Xəstəxanasıdır (84 350).
Deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi də məhz bu məqsədə xidmət edir. Dövlətimizin başçısı ötən il ölkəmizdə 5 milyon insanın pulsuz tibbi müayinədən keçdiyini məmnunluq hissi ilə nəzərə çatdıraraq vurğulayıb: “Bu gün demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb”.
Qeyd edək ki, Prezident İlham Əliyev bəhs olunan təşəbbüsü hələ 10 il bundan əvvəl irəli sürmüşdü. Məqsəd də o idi ki, hər bir vətəndaş ildə bir dəfə tibbi müayinədən keçsin. Beləliklə də, vətəndaşların sağlıq durumu barədə həm onların özlərində, həm də həkimlərdə ətraflı məlumat olsun, zəruri hallarda lazımi müalicə və yaxud cərrahi müdaxilə təmin edilsin. Son illərdə bütün ölkə boyunca müasir səhiyyə infrastrukturunun yaradılması dövlət başçısının xoş mərama əsaslanan təşəbbüsünün yüksək səviyyədə həyata keçirilməsinə münbit zəmin yaradıb. İnsanlar da yaradılan imkanlardan bəhrələnərək özlərinin sağlamlıqlarının qeydinə qalırlar.
Mübariz

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31