Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

Parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

14.03.2020 [11:01]

Milli Məclisin dünənki iclasında millət vəkillərinə deputat mandatları təqdim olunub
Martın 13-də Milli Məclisin iclası keçirilib. İclası Milli Məclisin sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib. İclasın gündəliyinə 18 məsələ daxil edilib.
Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl VI çağırış Milli Məclisin deputatlarına mandatlar təqdim olunub. Mandatları Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib. Çıxış edən Məzahir Pənahov parlament seçkilərinin şəffaf və ədalətli keçirildiyini, bunun Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayıb. O, deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İlk olaraq mandat Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim olunub. S.Qafarova MSK-nın bu seçkiləri yüksək səviyyədə təşkil etdiyini bildirib və qeyd edib ki, VI çağırış Milli Məclis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
Daha sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanunu ikinci səsverməyə çıxarılaraq qəbul olunub.
İclasda daha sonra “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb. Bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O bildirib ki, son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, neftin hazırki qiyməti büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır. T.Mirkişili deyib ki, əhali heç bir təşvişə düşməməlidir: “Bu gün Azərbaycanın banklarında kifayət qədər xarici valyuta var. Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir. Baş Nazirin yanında keçirilən müşavirədə də bu məsələlərə aydınlıq gətirilib”.
Qanun layihəsinə gəlincə, T.Mirkişili qeyd edib ki, sənəddə Azərbaycanda əmanətlərin tam sığortalanması müddətinin daha 9 ay müddətinə uzadılması təklif olunur. Dəyişikliyə əsasən, qanunun III maddəsində “4 (dörd) il” sözləri 4 il 9 ay sözləri ilə əvəz edilir. “Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 2019-cu il fevralın 19-da Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (2020-ci il martın 4-dək) uzadılmışdı. Yeni dəyişikliyə əsasən bu müddətin daha 9 ay uzadılması təklif olunur”, - deyə komitə sədri qeyd edib.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün neftin qiymətinin aşağı düşməsinə görə müəyyən dairələr Azərbaycanda süni ajiotaj yaratmağa çalışır: “Daha çox bu məsələ xaricdən qaynaqlanır. Onlar neftin qiymətinin aşağı düşməsindən öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər”.
S.Novruzov bildirib ki, neftin qiymətinin dəyişməsi ilə əlaqədar dövlət lazımi tədbirlər görür. Onun sözlərinə görə, xaricdə oturanlar bu amildən ictimai rəyi çaşdırmaq üçün istifadə edir.
“Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. İnsanlar narahat olmamalıdır. Dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Hər zaman ən təhlükəli məqamlarda dövlət öz xalqının yanında olub. Cəmiyyətin nəzərinə çatdırmaq lazımdır ki, təşvişə ehtiyac yoxdur. Bir neçə adamın yanlış fikirlərinə uymamalıdırlar”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
“Əmanətlərin sığortalanması məsələsi çox aktualdır. Azərbaycan dövləti xalqının yanındadır və onun problemlərini həll etmək baxımından lazımi işlər görür”. Bu fikirləri isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M.Quliyev bildirib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsində heç bir tələskənliyə ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycan artıq illər öncəki Azərbaycan deyil: “Əgər böhran olarsa belə, biz bu böhrana tam hazırıq. Neftin qiymətinin aşağı düşməsi yalnız koronavirusla bağlıdır və bir-iki ay müddətinə keçib gedəcək. Əks halda dünyada neftin ucuzlaşmasına heç bir əsas yoxdur”.
Komitə sədri söyləyib ki, əmanətlərin sığortalanmasının 9 ay müddətinə uzatmaq həm maliyyə, həm də bank sektoruna hökumətin dəstəyi deməkdir. “Əmanətlərin tam sığortalanması dünyada bir Azərbaycan təcrübəsidir. Dövlət Neft Fondundan 2020-ci ilin büdcəsinə 11 milyard 350 milyon manat transfert olunması nəzərdə tutulub. Hətta Dövlət Neft Fondu 7 il müddətində heç bir gəlir əldə etməsə belə, dövlət büdcəsinə transfertləri köçürmək imkanına malikdir. Bu baxımdan, pessimist düşünməyə ehtiyac yoxdur. Təkcə iki ay ərzində gömrük, vergi orqanlarından büdcəyə nəzərdə tutulan proqnozdan artıq vəsait daxil olub. Vətəndaşlarımız bilsin ki, neftin qiymətinin düşməsi qısa müddətlidir və bunu qarşılamağa hökumətin hər cür imkanı var”, - deyə M.Quliyev qeyd edib.
Millət vəkili İlham Məmmədov da çıxış edərək bu dəyişikliyin zəruri olduğunu qeyd edib.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Sonra iclasda Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.
Müzakirələr zamanı çıxış edən millət vəkili Elman Məmmədov soyqırımı haqqında qanunun qəbul olunmasını təklif edib. Millət vəkili Qənirə Paşayeva isə autizm sindromlu uşaqların müalicəsi ilə bağlı dövlət dəstəyinin gücləndirilməsini təklif edib.
Millət vəkili Məlahət İbrahimqızı isə çıxışında bildirib ki, Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir. Onun fikrincə, son parlament seçkilərində bəzi namizədlərin hərəkətləri, onların neqativ əməlləri bunu zəruri edir.
Müzakirələrdə həmçinin millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Nəsib Məhəməliyev, Aydın Mirzəzadə, Sahib Alıyev və digərləri çıxış edərək öz fikir və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra parlamentin 2020-ci il üçün qanunvericilik işləri planı təsdiqlənib. Sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur. Bunlar “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və s. qanun layihələridir.
Bundan başqa, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması nəzərdə tutulur.
Sonra Milli Məclisin komitələrinin üzvləri seçilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 411 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31