Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda koronavirusun yayılmasına qarşı görülən tədbirlər ümummilli təqdirlə qarşılanır və təhlükəsizliyimizə xidmət edir

Azərbaycanda koronavirusun yayılmasına qarşı görülən tədbirlər ümummilli təqdirlə qarşılanır və təhlükəsizliyimizə xidmət edir

17.03.2020 [10:09]

Xalqımız bu məsələdə də həmrəylik nümayiş etdirir, öz milli təhlükəsizliyinə diqqətlə yanaşır və milli dövlətinə güvənir
Ötən ilin sonunda Çinin Uxan şəhərində yayılmağa başlamış, daha sonra isə milli sərhədləri aşaraq qlobal xarakter daşıyan - dünyanın 160-a qədər ölkəsini cənginə almış yeni növ koronavirus - COVİD-19 ilə mübarizə tədbirlərinin gücləndirilməsi bütövlükdə bəşəriyyət üçün çox mühüm önəm kəsb edir. Həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılan maarifləndirici və tövsiyə xarakterli materiallarda, həm də beynəlxalq mediada işıq üzü görən ekspert rəylərində bu virusa qarşı mübarizə, onun simptomları, yayılması, keçmə yolları, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər geniş əksini tapmaqdadır. Bir sözlə, ÜST və çoxsaylı ölkələr koronavirusun sürətlə və geniş yayılmasının qarşısının alınması istiqamətində bütün resurs və vasitələri səfərbər ediblər.
Qlobal pandemiya: ÜST ölkələrə yerli spesifika nəzərə alınmaqla hərtərəfli tədbirlərin görülməsini tövsiyə edir
ÜST yayılma arealı və mövcud təsirləri, nəticələri nəzərə alaraq koronavirusu qlobal pandemiya elan edib. Bu, o deməkdir ki, insan üçün təhlükəli olan və çoxsaylı fəsadlar törədən bu virus artıq bəşəriyyəti təhdid edən ciddi qlobal kataklizmə çevrilib. Nüfuzlu nəşrlər ÜST-nin mütəmadi olaraq yaydığı məlumatlara istinadla yazırlar ki, son iki həftə ərzində Çinin hüdudlarından kənarda yoluxanların sayı 13 dəfə, virusun aşkar edildiyi ölkələrin sayı isə 3 dəfə artıb. Martın 16-na olan göstəricilərə əsasən, yeni koronavirus artıq 157 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 169 min 610 nəfər yoluxub, 6518 nəfər ölüb, 77 min 776 nəfər isə sağalıb.
ÜST dövlətlərə ümumi səylərin birləşdirilməsi və gücləndirilməsini tövsiyə edib. Vacib tövsiyələrdən biri budur ki, pandemiyaya qarşı mübarizədə yerli spesifika nəzərə alınmaqla hərtərəfli tədbirlər görülməlidir. Ölkələrlə fəal əməkdaşlıq əlaqələri isə intensivləşdirilib. Təşkilat tərəfindən 57 dövlətə fərdi müdafiə vasitələri göndərilib, daha 28 dövlət növbədədir. 120 ölkə ÜST xətti ilə laboratoriya avadanlıqları alıb. Ümumdünya Səhiyyə Təşkilatı dövlətləri dörd istiqamət üzrə fəaliyyət göstərməyə çağırır: birincisi, hazır olmaq, ikincisi, aşkar etmək, qarşısını almaq və müalicə etmək, üçüncüsü, virusun ötürülməsini məhdudlaşdırmaq və onu məhv etmək, dördüncüsü isə, virusa qarşı mübarizənin yeni metodlarını axtarmaq.
Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində çevik və effektiv tədbirlərin həyata keçirilməsini təqdir edir
Koronavirusun ən az yayıldığı ölkələrdən olan Azərbaycan da ÜST ilə fəal əməkdaşlığa malikdir. COVİD-19-un ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün çox önəmli preventiv - önləyici tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah yaradılıb, ölkə Prezidenti tərəfindən qabaqlayıcı tibbi sanitar, antiviral tədbirlərin həyata keçirilməsi üçün 10 milyon manat pul ayrılıb.
Ümumiyyətlə, Azərbaycan əvvəldən koronavirusla bağlı məsələyə çox ciddi və şəffaf yanaşma ortaya qoydu. İstər tibbi maarifləndirmə, istər obyektiv informasiya mübadiləsi, istərsə də sanitar-gigiyenik nöqteyi-nəzərdən çevik və effektiv iş mexanizmi formalaşdırıldı. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə yer almış məlumatda ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq təqdir olunur - müsbət qiymətləndirilir. Təşkilatın ekspertləri qeyd edirlər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən dövlətlərdən biridir.
Əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir
Bu gün koronavirusla mübarizədə bir çox ölkələrin nümunəsində təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, kütləvi tədbirlərin təxirə salınması, yaxud ləğv olunması və digər bu kimi qəti məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi müşahidə edilir. Təbii ki, ölkə əhalisinin layiqli həyat şəraitinin təmin olunması və insanların sağlamlığının qorunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan dövləti də qlobal pandemiya ilə mübarizədə əlavə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasını vacib amil - zərurət kimi qiymətləndirir. Qüdrətli dövlət olan - güclü sosial-iqtisadi potensiala, yüksək infrastruktur təminatı və maliyyə imkanlarına malik Azərbaycan dövləti ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.
KİV, sosial şəbəkə istifadəçiləri, bütövlükdə hər bir şəxs sosial məsuliyyət prinsipini əsas götürməli, müəyyənləşdirilmiş qaydaların tətbiqinə öz dəstəyini göstərməlidir
Çox mühüm məqamlardan biri sosial məsuliyyət məsələsidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Bu, milli təhlükəsizlik məsələsidir və hər şeydən əvvəl, milli həmrəylik, ictimai məsuliyyət tələb edir. İlk növbədə hər bir fərd təxirəsalınmaz zəruri tədbirlər çərçivəsində müəyyən olunmuş konkret qaydaların - atılan müvəqqəti və məcburi xarakterli addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, dözümlü və anlayışlı yanaşma nümayiş etdirməlidir.
Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünki mövcud qaydalar həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir, eyni zamanda, ictimai və hüquqi məzmuna malikdir.
Bütövlükdə, ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi - bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələrinin tələb olunması effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan cəmiyyəti koronavirus təhdidinə qarşı mübarizə çərçivəsində müəyyən məhdudiyyətlər və qadağaların tətbiq olunmasını ümummilli təhlükəsizlik nöqteyi-nəzərindən qiymətləndirməyi bacarır
Azərbaycan dövlətinin qlobal pandemiyaya çevrilmiş koronavirusun yayılmasının qarşısının alınması istiqamətində ciddi iradə - qətiyyət nümayiş etdirməsi, təxirəsalınmaz tədbirləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi ümumxalq təqdiri ilə qarşılanır. Təbii ki, Azərbaycanda savadlı cəmiyyət mövcuddur, ona görə də hər bir şəxs müvafiq tədbirlərin məhz milli təhlükəsizliyimiz naminə həyata keçirildiyini dərk edir. İstər müxalifət cəbhəsi, istər müxtəlif siyasi dünyagörüşünü mənimsəmiş digər qruplar, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri koronavirus təhdidinə qarşı mübarizə çərçivəsində müəyyən məhdudiyyətlər və qadağaların tətbiq olunmasını ümummilli təhlükəsizlik nöqteyi-nəzərindən qiymətləndirməyi bacarırlar. Düşünürük ki, Azərbaycan xalqı digər məsələlərdə olduğu kimi, bu məsələdə də həmrəylik nümayiş etdirir, öz milli təhlükəsizliyinə diqqətlə yanaşır və milli dövlətinə güvənir.
Hikmət BABAOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31