Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsi dinlənilib

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsi dinlənilib

25.04.2020 [11:25]

Parlamentin dünən keçirilən iclasında millət vəkilləri 27 məsələni müzakirə ediblər 

 

Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib. Sonra gündəlik təsdiq olunub. Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı respublikamızda könüllülər həftəsinin və şəhidlər həftəsinin keçirilməsi təklifi ilə çıxış edib. O, həmçinin xeyriyyəçilik fəaliyyətinin təşviq edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

“Pandemiyaya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz halda, biz, eləcə də ideologiyası və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20 ildə ilk dəfə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük”. Bu fikirləri isə  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, dəyişiklikləri cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir. “Bu, ilk növbədə, Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin yaradılmasında özünü göstərdi. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq”,-deyən Z.Oruc bunun siyasi radikalizmin aradan götürülüməsində böyük faydası olduğunu vurğulayıb.

Bu cərgədən kənarda dayanan kiçik bir qrupun proseslərə kölgə salmağa çalışdığını deyən Zahid Oruc dövlətin partiyaların inkişafını istədiyini diqqətə çatdıraraq, bütün partiyaları bu prosesi müsbət qiymətləndirməyə çağırıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə çıxışında Ermənistanın xarici işlər nazirinin bəyanatı ilə bağlı fikirlərini bildirib. “Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, sadəcə, sözlər deyil. Bu, bir fəlsəfədir, azərbaycançılıq mövqeyidir”,- deyən Səməd Seyidovun sözlərinə görə, Ermənistanın xarici işlər nazirinin son bəyanatı ilk təxribat deyil. Ermənistan həmişə əlindən gələni edib ki, status-kvonu qorusun. Komitə sədri qeyd edib ki, ermənilər prezidentlərini devirib, parlamentlərini güllələyib, insanlığa qarşı bütün cinayətləri ediblər ki, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin: “Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, amma təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti başqa yolla davam etdirir”.

Səməd Seyidov onu da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilər dünyada tanınmayıb. “Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk qrupunu bununla bağlı münasibət bildirməyə çağırırıq. Azərbaycan güclü dövlətdir. Prezidentimiz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”,- deyən Səməd Seyidov Xarci İşlər Nazirliyinin nümayədələrinin Milli Məclisə dəvət edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəninin həlli mövzusunda parlament komitələrinin iştirakı ilə  iclasın keçirilməsini təklif edib.

Milli Məclisin Sədri Sahibə Qafarova təklifin nəzərə alınacağını bildirib.

Millət vəkili Sahib Alıyev isə deyib ki, münaqişənin mərhələli yolla həllini rədd edən, işğal etdiyi torpaqları boşaltmayacağını iddia edən Ermənistanın bu mövqeyinə  ATƏT-in Minsk qrupunun həmsədrləri münasibət bildirməlidir: “Həmsədrlərin işğalçı Ermənistanın bu mövqeyinə etirazını bildirməməsi qəbuledilməzdir”.

İclasda, həmçinin parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Rauf Əliyev, Jalə Əliyeva, Aydın Mirzəzadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov və Vahid Əhmədov müxətlif məsələlərlə bağlı fikirlərini bildiriblər.

Çıxışlarda qeyd olunan məsələlərə münasibət bildirən spiker Sahibə Qafarova deyib ki, yaranmasının 100-cü ildönümü münasibəti ilə Türkiyə Böyük Millət Məclisi Azərbaycan Milli Məclisini adından təbrik olunub. Sahibə Qafarova qeyd edib ki, Türkiyə parlamentinin sədri ilə telefonla danışıb və onu Milli Məclis adından təbrik edib.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başlayıb. İlk olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilib. Ombudsman Səbinə Əliyeva məruzəni təqdim edib.

Səbinə Əliyeva qeyd edib ki, 2019-cu il ölkəmiz üçün uğurlu olub və bütün sahələrdə inkişaf təmin edilib. Ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətintə 100-dən çox fərman və sərəncam imzalanıb, 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını təsdiq edir.

Ombudsman bildirib ki, ötən il insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparıb, müxtəlif tədbirlər həyata keçirib.

Səbinə  Əliyeva bildirib ki, 2019-cu il ərzində Ombudsmanın ünvanına 25 min 500 müraciət daxil olub ki, bu da əvvəlki il ilə müqayisədə 25 faiz çoxdur. Ombudsman və əməkdaşlar tərəfindən aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər, həmçinin cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilib.

Müvəkkil söyləyib ki, ötən il ölkə Prezidentinin tapşırığına uyğun olaraq, əhalinin profilaktik müayinəsi davam etdirilib, tibbi yoxlamalardan keçirilən və xəstəlik aşkar olunan vətəndaşlar hospitalizasiya olunublar: “İcbari tibbi sığorta sisteminin genişləndirilməsi sağlamlığın qorunması hüququnun səmərəli təmin edilməsinə yeni imkanlar yaratmışdır. Ombudsmana ünvanlanan ərizələrlə bağlı aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciətlər əsasında vətəndaşların müayinə və müalicəsinin təşkili üzrə tədbirlər görülüb. Yeri gəlmişkən, şəkərli diabet xəstəliyindən əziyyət çəkən və imtiyazlı qrupa daxil olan şəxslərin vəziyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı, həmçinin “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı” yenidən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir”.

Ombudsman bildirib ki, əhalinin, xüsusilə aztəminatlı ailələrin mənzilə olan ehtiyacının həlli dövlətin sosial siyasətində prioritet olaraq qalmaqdadır. Ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq, Bakıda və bölgələrdə qəzalı vəziyyətdə olan binaların əvəzində yeni evlərin tikilib sakinlərin istifadəsinə verilməsi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, mənzil və təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə xidmət edir. 2019-cu ilin fevralında baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı dərhal səlahiyyətli qurumlara tapşırıqlar verən, həmçinin görülən işlərlə yerində tanış olan və sakinlərlə görüşən ölkə Prezidentinin Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üzrə işləri nəzarətdə saxlaması vətəndaşa xüsusi diqqət və qayğının bariz nümunəsidir. “Bu məsələlər kontekstində aktual bir problemi diqqətinizə çatdırmaq məqsədəuyğundur. Belə ki, Bakı şəhərinin müxtəlif ərazilərində olan özbaşına tikililər üzərində hüquqların dövlət qeydiyyatı probleminin hələ də öz həllini tapmaması ciddi problem kimi minlərlə vətəndaşın müxtəlif çətinliklərlə üzləşməsinə səbəb olmaqdadır. Mənzil-tikinti kooperativlərinin idarəçiləri tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq kommunal normativlərin tətbiqi, sakinlərlə xidmət müqaviləsinin bağlanılmaması hallarının aradan qaldırılması, onların aldadılması hallarının qarşısının alınması məqsədilə səlahiyyətli orqanlar tərəfindən tədbirlərin görülməsi zəruridir. Hər hansı bir tikilinin qanuni mülkiyyətdə olması və ya özbaşına tikilməsi yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. Dövlət ehtiyacları üçün torpağın alınması isə qanunla müəyyən edilmiş qaydada aparılmalıdır. Tikinti, abadlıq-quruculuq işlərinin aparılması və ya digər zərurət bəhanəsi ilə vətəndaşa məxsus daşınmaz əmlakın, o cümlədən torpağın qanuni əsaslar olmadan alınması yolverilməzdir”,-deyə məruzədə qeyd olunub.

Bunlarla yanaşı, Səbinə Əliyeva bir sıra təkliflər irəli sürüb. O bildirib ki, vətəndaşların əmək hüquqlarının səmərəli təmin edilməsi məqsədilə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi zəruridir. Eyni zamanda, ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əməkhaqqı üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədilə dövlət təminat sisteminin yaradılmasına və zəruri mexanizmlərin hazırlanmasına ehtiyac var. Həmçinin uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Əmək Məcəlləsinə əlavələr edilməsi məqsədəmüvafiqdir.

“Sadalananlardan əlavə, ötən il ərzində cinayət mühakimə icraatında müdafiəni həyata keçirən cinayət prosesi iştirakçılarından və digər şəxslərdən daxil olan müraciətlər Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və digər səlahiyyətli dövlət qurumları ilə əməkdaşlıqda araşdırılıb, hüquqların müdafiəsi istiqamətində zəruri tədbirlər görülüb. Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə, o cümlədən müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, cəzaçəkmə və digər müəssisələrdə saxlama şəraitinin və rəftar məsələlərinin öyrənilməsi, sənədləşmənin araşdırılması məqsədilə Milli Preventiv Mexanizm kimi Ombudsmanın iştirakı və tapşırığı ilə keçirilmiş başçəkmələr zamanı saxlanılan ayrı-ayrı şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri araşdırılıb və təmin olunub. Cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilib”,-deyə Ombudsmanın illik məruzəsində qeyd olunub.

Ümumilikdə, məruzədə ombudsmanın mülki və siyasi, iqtisadi-sosial və mədəni hüquqların, əhali qruplarının hüquqlarının müdafiəsi ilə bağlı, o cümlədən insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik iş, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sahəsində gördüyü işlər öz əksini tapıb.

Məruzə ilə bağlı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Məlahət İbrahimqızı, Əli Məsimli, Tahir Kərimli, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Qüdrət Həsənquliyev, Azər Badamov fikirlərini bildirib, sual və təkliflərlə çıxış ediblər.

Müzakirələrin sonunda Ombudsmanın illik  məruzəsi qəbul edilib.

Fasilədən sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun və Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin məlumatları dinlənilərək "Torpaq icarəsi haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlarda, "Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə, "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında" qanunlarda və Torpaq Məcəlləsində, həmçinin "Elm haqqında", "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında", "Elm haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilib. Bildirilib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. "Nəqliyyat haqqında", "Aviasiya haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Dəniz limanları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Qeyd edib ki, bu dəyişiklik qanunların icrasının təkmilləşdirilməsi məqsədilə edilir. Bu dəyişiklik də səsə qoyularaq qəbul olunub.

Deputatlar Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatlarını dinlədikdən sonra "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda, həmçinin Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər ediblər. "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, təklif olunan dəyişiklik xaricdəki vətəndaşlarımızdan konsul əməliyyatları üçün tutulan bir sıra rüsumların 3-4 dəfə azaldılmasını nəzərdə tutur. Bundan başqa, 4 yeni rüsum da müəyyən olunur. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında", "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara, Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə də dəyişiklik edilməsi haqqında məsələlər birinci oxunuşda qəbul edilib. Deputatlar "Yol hərəkəti haqqında", "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Məşğulluq haqqında", "Dövlət rüsumu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, həmçinin Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini də ikinci oxunuşda qəbul ediblər.

Bildirilib ki, bu dəyişikliklər əməyin stimullaşdırılması ilə bağlıdır və büdcə vəsaitlərinin daha da güclənməsinə xidmət edir.

Məlumat verilib ki, Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" Qanuna təklif olunan dəyişikliklər isə vizaların verilməsinin əhatəsini genişləndirəcək və vizanın verilmə müddəti qısaldılacaq. Hər iki qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

İclasda "Dövlət satınalmaları haqqında" Qanunda, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, həmçinin "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihələri də ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti üç qanun layihəsini – Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır. Qanun layihələri ölkədə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Kamal Cəfərov birinci oxunuşdan sonra nəzərə alınmış təklifləri diqqətə çatdırıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsində edilən dəyişiklik də 2019-cu il tarixli 3 aprel Prezident Fərmanı ilə əlaqədar olub, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının bu barədə ölkəmizin Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməsi vacibliyini ehtiva edir.

Müzakirələrdən sonra bu üç qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra deputatlar Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələni də səsə qoyaraq təsdiqləyiblər.

İclasda müxtəlif məsələlərin müzakirəsi zamanı komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlardan Qüdrət Həsənquliyev, Rasim Musabəyov, Tahir Kərimli, Aydın Hüseynov, Erkin Qədirli, Rəşad Mahmudov, Arzu Nağıyev, Kamran Bayramov, Bəhruz Məhərrəmov, Əli Məsimli, Azay Quliyev, Azər Kərimli, Etibar Əliyev, Fazil Mustafa, Fəzail Ağamalı, Razi Nurullayev çıxış edərək öz fikirlərini bildiriblər.

Nardar BAYRAMLI

 

 

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31