Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana daha çox investisiya yatırmağa maraq göstərməsi ölkəmizə olan böyük inamın ifadəsidir

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana daha çox investisiya yatırmağa maraq göstərməsi ölkəmizə olan böyük inamın ifadəsidir

01.05.2020 [10:09]

Prezident İlham Əliyev: Biz səylərimizi səfərbər etməliyik və daha çox vəsait sərf etməliyik ki, böhrandan çox asan çıxış yolu tapa bilək

 

Qlobal pandemiya şəraiti dünya ölkələri üçün iqtisadi məsələlərin aktuallığını qabarıq şəkildə gündəmə gətirdi. Bu çətin günlərdə bir daha təsdiqlənir ki, məhz güclü iqtisadiyyata və geniş maliyyə imkanlarına malik olan dövlətlər ən ağır sınaqlardan belə heç kimdən kömək gözləmədən – öz resursları hesabına çıxa bilərlər. Bu baxımdan, Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Bu gün dünyanın 150 ölkəsi kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət etdiyi halda, Azərbaycanın adı bu siyahıda yoxdur. Ölkəmiz pandemiya şəraitində geniş sosial paket və müxtəlif dəstək proqramları təqdim edərkən ilk növbədə özünün iqtisadi və maliyyə imkanlarına əsaslanır.

Yeri gəlmişkən, Azərbaycanın güclü dövlət olması və ölkəmizdə pandemiya şəraitində operativ qabaqlayıcı tədbirlərin görülməsi bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında keçirilən videokonfransda da xüsusi vurğulanıb. Bəhs olunan qurumun dünyanın iqtisadi dairələrində böyük nüfuza malik olması hər kəsə bəllidir. AYİB-in rəhbər heyətinin pandemiya şəraitində ölkəmizə maraq göstərərək Prezident İlham Əliyevlə videokonfrans keçirməsi son 16 ildə Azərbaycanın qazandığı uğurların, iqtisadiyyatımızın potensialının və perspektivlərinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini təsdiqləyir. Bəhs olunan videokonfransda Prezident İlham Əliyev pandemiya şəraitində ölkəmizdə həyata keçirilən sosial və iqtisadi məzmunlu tədbirlər barədə ətraflı məlumat verib. Videokonfransda postpandemiya mərhələsində qurumun ölkəmizə böyük həcmlərdə investisiya qoyuluşu hesabına reallaşdırmaq istədiyi layihələr və əməkdaşlıq üçün perspektivli sahələrin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

 

İqtisadi sabitliyinin təmin edilməsi və postpandemiya dövrünə hazırlıq görülməsi əsas çağırışlardan biridir

 

Son 16 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət öz müsbət nəticəsini verib. Ölkəmiz dayanıqlı iqtisadiyyat quruculuğuna nail olub. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkədir, həmçinin milli iqtisadiyyatımız rəqabətqabiliyyətlilik indeksi üzrə MDB məkanında lider mövqe tutur. Bəhs olunan dövrdə respublikamız ümumi daxili məhsul istehsalında 3,4 dəfə artıma nail olub ki, bu da dünya üzrə ən yaxşı göstəricidir. Eyni zamanda, ölkəmizin maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu gün Azərbaycan özünün bütün strateji planlarını kənardan kömək gözləmədən, sırf daxili imkanları hesabına həyata keçirməyə qadir olan ölkədir.

Azərbaycan ötən illərdə yaradılan güclü dayaqlarına əsaslanaraq qlobal pandemiya şəraitində də ölkədə iqtisadi sabitliyin qorunmasına böyük səy göstərir. Ölkəmizdə, həmçinin postpandemiya dövründə iqtisadi fəallığın qısa müddətdə bərpa olunmasına, yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına indidən hazırlıq görülür. Prezident İlham Əliyev bəhs olunan videokonfransda pandemiya şəraitində iqtisadiyyata dəstək verilməsi barədə ətraflı bəhs edib. Dövlət başçısının verdiyi məlumatlardan da göründüyü kimi, respublikamız pandemiya şəraitində iqtisadi subyektlərin dəstəklənməsi, o cümlədən də əməkhaqlarının və iş yerlərinin qorunması proqramlarının icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Qeyd olunduğu kimi, vergi güzəştləri də nəzərə alınsa, hazırda bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Eyni zamanda, cari ildə ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılıb. Bundan başqa, ünvanlı sosial yardım alan ailələrin sayı da artırılıb. Hazırda 80 min ailə hər ay 222 manat məbləğində ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Digər dəstək tədbirləri barədə də söhbət açmaq mümkündür. Məsələn, respublika üzrə 12 min insanın özünüməşğulluq proqramına qoşulmasına imkan yaradılıb. Prezident İlham Əliyev videokonfransda ölkəmizdə pandemiya şəraitində həyata keçirilən dəstək tədbirlərinə diqqət çəkərək vurğulayıb: “Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edilmişdir. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib”.

Hazırda ölkəmizin iqtisadi gündəliyində duran digər məsələlər də öz aktuallığı ilə fərqlənir. Məlum olduğu kimi, son vaxtlarda iqtisadi sektorda neqativ halların aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, əmək münasibətlərinin leqallaşdırılmasına hesablanan bir sıra mühüm islahatlar həyata keçirilib və yaxşı nəticələr əldə olunub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il və cari ilin birinci rübündə şəffaflıqla bağlı tədbirlərin reallaşdırılmasının nəticəsində gömrük və vergi orqanlarının xətti ilə dövlət büdcəsinə böyük həcmlərdə əlavə maliyyə vəsaitinin daxil olması təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir “Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Azərbaycandakı əlverişli mühit ölkəmizə daha çox investisiya cəlb olunmasını şərtləndirən mühüm amildir

 

Uzunmüddətli sabitlik, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin ölkəmizdən keçməsi, yüksək səviyyəli müasir infrastruktur, quru və su sərhədlərinə malik olması və bu kimi digər mühüm amillər Azərbaycanın investisiya cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan dövləti ölkəmizə sərmayələr cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. Respublikamızda daxili və xarici sərmayələrin qorunması ilə bağlı bir sıra sənədlər qəbul edilib. Eyni zamanda, qabaqcıl dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla investisiyaların təşviqi mexanizmi işə salınıb. Azərbaycandakı belə əlverişli mühit ölkəmizə daha çox investisiya cəlb olunmasını şərtləndirən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmizə investisiya qoyuluşu getdikcə artır. Son 16 ildə müxtəlif mənbələrdən respublikamıza 280 milyard dollar həcmində sərmayələr yönəldilib ki, bu da kifayət qədər böyük rəqəmdir.

Azərbaycana sərmayələr yönəltməkdə maraqlı olan müxtəlif beynəlxalq qurumlar sırasında həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı da yer alır. Bəhs olunan videokonfransda bankın prezidenti Suma Çakrabarti rəhbərlik etdiyi qurumun ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına sərmayələr yönəltdiyini, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirləcəyini diqqətə çatdırıb. Bu fakt ondan xəbər verir ki, nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycandakı investisiya mühitini yüksək dəyərləndirirlər və milli iqtisadiyyatımızın dayanıqlılığına, ölkəmizin perspektivlərinə, postpandemiya dövründə də inkişaf templərini davam etdirəcəyinə böyük inam bəsləyirlər.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin verdiyi məlumatdan aydın olur ki, qurumun ölkəmizlə əməkdaşlığı müxtəlif sahələri əhatə edir. Videokonfransda qurumun rəsmisi Azərbaycanın Mərkəzi Bankı ilə 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə dərin təşəkkürünü ifadə edib. “Bu, bizə özəl sektor müştərilərimizin yerli valyutada maliyyələşdirilməsi üçün vacibdir. Buraya korporativ müştərilərimiz, orta və kiçik sahibkarlıq subyektləri və maliyyə institutları daxildir. Biz yaxın həftələrdə 5 müxtəlif tranzaksiya üzrə 20 milyon avroluq ödənişlər edəcəyik”, - deyə Suma Çakrabartin vurğulayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırır. Nəzərdə tutulan layihələr xüsusilə dövlət sektorunu əhatə edir və buraya enerji, infrastruktur və İKT sahələri daxildir. Bəzi dövlət müəssisələrinin kommersiyalaşması da bu sırada yer alır. Qurum rəsmisi bildirib ki, tərəflər 150 milyon dollarlıq yaşıl zərfi müzakirə ediblər. Bank bu layihəni işə salmaq niyyətindədir. Bankın rəsmisi Azərbaycanın elektrik enerjisi sahəsinə sərmayələr yönəltmək istəklərini nəzərə çatdırıb. Bank şəbəkənin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğini sərmayə kimi yatırmağı təklif edir. Bildirilib ki, bu, böhran zamanı cavab tədbirləri görmək və postpandemiya dövründə bərpa işləri aparmaq baxımından çox əhəmiyyətlidir. Həmçinin bərpa olunan enerji mənbələrinə özəl yatırımlar üçün imkanlar yarana bilər. Videkonfransda qurumun Aztelekom şirkəti ilə bağlı təklifi də səsləndirilib. Nəzərə çatdırılıb ki, bankın alt suveren 15–25 milyon avroluq mühüm investisiya layihəsi var. Bu layihə Azərbaycanın regionlarında  genişzolaqlı internet imkanlarını artıracaq ki, bu da həm indiki dövrdə, həm də pandemiyadan sonrakı bərpa mərhələsində çox vacibdir.

Beynəlxalq səviyyəli qurumun Azərbaycanın bir sıra yerli bankları ilə iş birliyi qurması da təqdirəlayiq haldır. Qurum rəsmisinin sözlərinə görə, onlar yerli banklara riskin idarə edilməsində, problemli kreditlərin həllində, uyğunluğun planlaşdırılmasında və digər işlərdə yardımçı ola bilərlər. Avropa Yenidənqurma və İnkişaf Bankı kiçik və orta sahibkarlara təkcə yerli banklar vasitəsilə deyil, həmçinin birbaşa əlaqələr qurmaqla onlara dəstək verməyə də hazırdır.

Bəhs olunan videokonfransda Prezident İlham Əliyev dünyanın aparıcı maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini yüksək dəyərləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, biz səylərimizi səfərbər etməliyik və daha çox vəsait sərf etməliyik ki, böhrandan çox asan çıxış yolu tapa bilək. Prezident İlham Əliyev ölkəmizdə yaşıl iqtisadiyyat quruculuğu ilə bağlı layihələrə böyük önəm verildiyini bildirib. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı “Yaşıl proqrama gəldikdə, biz bu məsələyə çox ciddi yanaşırıq. Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə - Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq. Bu, indi də belədir. Yanvarda biz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzaladıq” , - deyə vurğulayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda, həmçinin suvarma layihələrinin həyata şeçirilməsində iştirak etmək niyyətindədir. Qurum ölkəmizdə bu sahədə pilot layihəni reallaşdırmağı, bu sektorda müəyyən yeni texnologiyaları tətbiq etməyi hədəfləyib.

 

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31