Milli Məclisin növbəti iclası keçirilib
02.05.2020 [10:54]
İclasda Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyi dəstəklənib, Hesablama Palatasının illik hesabatı dinlənilib, bir sıra sənədlərə dəyişikliklər müzakirə edilib
Mayın 1-də Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyi təqdim edib.
Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.
İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirib. Namizədin bioqrafiyası haqqında məlumat verən Ədalət Vəliyev bildirib ki, Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir.
Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə namizədliyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirə edilib. Komitə üzvləri Kamran Əliyevin namizədliyini dəstəkləyərək müsbət rəy veriblər. Onun sözlərinə görə, Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Birinci vitse-spiker hüquq sistemində həyata keçirilən islahatların əhəmiyyətini də vurğulayıb. “Ötən illər ərzində Milli Məclislə Baş prokurorluq arasında sıx əməkdaşlıq olub. İnanıram ki, bundan sonra da belə olacaq”, - deyə Əli Hüseynli söyləyib.
Müzakirələr zamanı Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edərək Kamran Əliyevin prokurorluq orqanlarındakı fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra səsvermə keçirilib və millət vəkilləri Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq veriblər.
İclasda çıxış edən Kamran Əliyev deyib: “Mənə yüksək etimad göstərdiyinə görə, möhtərəm Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub. Xalqın maraqlarının qorunması, hüquqi qaydaların qorunması, təhlükəsizliyin təminatına ciddi nəzarət Azərbaycan prokurorluğu qarşısında da ciddi vəzifələr qoyur.
Bu yüksək kürsüdən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Prokurorluğu bundan sonra da hər zaman qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcək, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcək”.
Spiker Sahibə Qafarova da Kamran Əliyevə fəaliyyətində uğurlar arzulayıb: “Əminik ki, Kamran Əliyev respublikanın Baş prokuroru vəzifəsini layiqincə yerinə yetirəcək”.
Sonra iclasda Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında məsələ müzakirəyə çıxarılıb. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. V.Gülməmmədov bildirib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. O, qeyd edib ki, audit prosesi müxtəlif mərhələlərə malik olan prosesdir və bu proses zamanı kənar dövlət maliyyə nəzarəti obyekti ilə müəyyən edilmiş hər pozuntunun müxtəlif səviyyələrdə müzakirəsi həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib.
Palata sədrinin sözlərinə görə, ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən olunub. Aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illə müqayisə etsək 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci ilə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib.
V.Gülməmmədov bildirib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub. 2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsassız kreditor borcun ləğv edilməsi təmin olunub.
Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, hesabat qanunun tələblərinə uyğun hazırlanıb. Mütərəqqi təcrübə öyrənilib, hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, Hesablama Palatasının ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr əks etdirilib.
V.Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsiin sədri Tahir Mirkişili Hesablama Palatasının illik hesabatı barədə fikir və təkliflərini bildirib.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Hesablama Palatası bir il ərzində çox böyük işlər görüb. Onun sözlərinə görə, qurumun əsas işlərindən biri kimlərinsə məsuliyyətə cəlb olunması yox, düzgün istifadə olunmayan, mənimsənilən vəsaitlərin dövlət büdcəsinə qaytarılmasını təmin etmək olmalıdır. Siyavuş Novruzov deyib ki, dövlət vəsaitini mənimsəyənlərin məsuliyyətə cəlb olunması işi ilə hüquq-mühafizə orqanları məşğul olur. Komitə sədri qeyd edib ki, ölkəmizdə korrusiyaya qarşı ciddi mübarizə aparılır. Onun sözlərinə görə, vaxtilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar şəffaflığın təmin olunmasında, o cümlədən korrupsiyaya qarşı mübarizədə mühüm nəticələr verir. Millət vəkili, həmçinin bəzi strukturlarda islahatların aparılmasını təklif edib.
Müzakirələr zamanı, həmçinin Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Zahid Oruc, Qənirə Paşayeva, millət vəkilləri Fazil Mustafa, Vahid Əhmədov, Malik Həsənov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Sahib Alıyev, Vüqar Bayramov, Erkin Qədirli, Razi Nurullayev, Sədaqət Vəliyeva hesabata münasibət bildiriblər.
Milli Məclisin Sədri Sahibə Qafarova hesabatın yüksək səviyyədə hazırlandığını bildirib. Sonra hesabat səsə qoyularaq qəbul edilib.
Fasilədən sonra gündəlikdəki digər məsələlər müzakirə olunub.
Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, bu sənəd hər iki tərəf arasında dənizçilərə ixtisas şəhadətnamələrinin verilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq qəbul edilib.
Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında sənədi də ətraflı şərh edib. Qeyd olunub ki, Azərbaycan bu Protokola xüsusi qeyd-şərtlə qoşulub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad edilməyincə və işğalın zərərləri tam aradan qaldırılmayınca Protokolda göstərilmiş heç bir hüquqi öhdəlik və müddəalar ölkəmiz tərəfindən Ermənistana tətbiq edilməyəcək.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəlikdəki növbəti 3 məsələni - Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələləri üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Qeyd olundu ki, sənədlərə təklif edilən dəyişikliklər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra iclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini, eləcə də Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədləri üçüncü oxunuşda təqdim edib. Sənədlər səsə qoyularaq qəbul edilib.
İclasda Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda təsdiqlənib.
Sonra “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verən Tahir Mirkişili qeyd edib ki, təklif olunan dəyişiklik, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur. Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan verəcək. Sənəd səsə qoyularaq qəbul edilib.
Tahir Mirkişili “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğulayıb ki, sənəd ölkəmizdə və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsulluq əməliyyatlarının dövlət rüsumunun azaldılması ilə bağlıdır.
İclasda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsi də müzakirə edildi. Sənədi ikinci oxunuşda şərh edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin qorunması, Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması, tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir. Sənəd səsə qoyularaq təsdiq edilib.
“Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə (ikinci oxunuş) həm Ziyafət Əsgərov, həm də Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məlumat verib. Layihənin mahiyyəti barədə məlumat verilərkən qeyd olunub ki, Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Mövcud layihə həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə bağlıdır.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edib. Qeyd edilib ki, sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklər gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Sənədlə əlaqədar fikirlərini bildirən Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna “Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir” bəndinin əlavə edilməsi nəzərdə tutulur. Bu dəyişiklikdən əvvəl yetkinlik yaşına çatmayan gənclər idman mərc oyunlarında iştirak edirdilər və buna görə hər hansı məhdudlaşdırıcı norma yox idi. Bu dəyişikliklə yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakı məhdudlaşacaq. Mövcud dəyişikliklə yanaşı, İnzibati Xətalar Məcəlləsinə 401.3-cü maddə əlavə edilir ki, bu yetkinlik yaşına çatmayanın idman mərc oyununda birbaşa və ya dolayı yolla iştirakına şərait yaradan şəxsin cəzalandırılmasını nəzərdə tutur.
Sənəd səsə qoyularaq qəbul edilib.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərək bildirib ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Layihəyə əsasən, adıçəkilən 5 qanunun 8 maddəsinə bir formulada dəyişiklik təklif olunur. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda şərh edib. Bildirilib ki, sənəd ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Prezident İlham Əliyevin cari il martın 19-da imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrası ilə əlaqədar Nazirlər Kabineti 2020-ci il 4 aprel tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” Qanunda aparılan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Qanun layihəsi özündə bir sıra sahibkarlıq subyektlərində, fiziki və hüquqi şəxslər arasında sosial sığorta haqlarının azaldılması və bununla bağlı güzəştləri ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqlənib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsini də ilk oxunuşda müzakirəyə təqdim edib. Bildirilib ki, koronavirus pandemiyası dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 2020-ci il 1 sentyabr tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir. Mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır. Ətraflı müzakirələrdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Turizm haqqında” qanunda dəyişiklik edilməsi haqqında sənədləri (birinci oxunuş) təqdim edib. Bildirilib ki, Azərbaycan Prezidenti 2019-cu ilin aprel ayında “ASAN viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Artıq əsasnamədə edilən birdəfəlik və çoxdəfəlik asan vizaların, sürətlənmiş elektron vizanın və hava limanında alınan vizaların verilmə müddəti ilə bağlı dəyişikliklər qüvvədədir. Təklif olunan dəyişikliklər bu məsələlərin qanunlarda da öz əksini tapması məqsədilə edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
İclasın sonunda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü islahatlar ölkəmizin siyasi və ictimai həyatının bütün sahələrini əhatə edib. Bu islahatların əsas məqsədlərindən biri də dövlət hakimiyyəti orqanlarının fəaliyyətini müasir dövrün çağırışları səviyyəsində qurmaqdır. Prezident Administrasiyası və Nazirlər Kabineti ilə yanaşı, Milli Məclis Aparatında da struktur və kadr islahatlarının aparılması zərurəti yaranmışdı. Bununla əlaqədar mən cari il aprelin 2-də sərəncam imzalamışdım. Sərəncama əsasən, Milli Məclis Aparatında və İşlər idarəsində çalışan dövlət qulluqçuları ştatdankənar elan olunmuş və yeni struktura uyğun ştat cədvəli təsdiq edilənədək onların öz fəaliyyətini əvvəlki ştat cədvəlinə uyğun davam etdirməsi nəzərdə tutulur. Ötən bir ay müddətində Aparatın və İşlər idarəsinin hər bir bölməsinin fəaliyyəti, hər bir əməkdaşın işi ətraflı və dərin təhlil edilib. Artıq bu iş başa çatıb.
Mən dünən bir neçə yeni sərəncam imzalamışam. Bu sərəncamlara əsasən Milli Məclis Aparatının və İşlər idarəsinin yeni strukturu müəyyən edilib, yeni ştat cədvəli təsdiq edilib, dövlət qulluqçularının vəzifələrə təyinatları həyata keçirilib, bir sıra dövlət qulluqçuları ixtisar edilib. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha səmərəli təşkil edilməsinə, qanun yaradıcılığı prosesinin təkmilləşməsinə kömək edəcək”.
Bununla da Milli Məclisin iclası yekunlaşıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

