Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

Müstəqil və qüdrətli Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

09.05.2020 [11:00]

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur.
Bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir.
Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir

Heç şübhəsiz, Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də Ulu Öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır. Bir sözlə, Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir.

Ulu Öndərin adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır 


Böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə və işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu Öndər haqqında danışarkən adətən Onu Ümummilli Lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu Öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu Öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də məhz bu olmalıdır. 

Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı... 
 
Biz bu gün Ulu Öndərin bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi yanaşmadan kənarda qalan fəaliyyətinin bəzi spektrləri haqqında fikirlərimizi bildirməyə çalışacağıq. Ümumi yanaşma Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yönündədir... Ancaq biz hesab edirik ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu Öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də məhz bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mərkəzi məhz təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları, sanki, Azərbaycanın daxilində antiazərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu Öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının da, milli özünüdərk prosesinin də rüşeymi elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu Öndər Öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu Öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi. 

İdeyanın ideologiyaya çevrilməsi və kütləvi mənimsənilməsi 

Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də məhz ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan ilk addımın ilkin nəticəsi isə məhz Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakının istənilən yerdə və istənilən şəkildə ümumi universal möhürü “beynəlmiləl şəhər” idi. Bu beynəlmiləl şəhər bir kosmopolit bakılılar anlayışını özündə birləşdirirdi. Beləliklə, hətta o dövrdə mərkəzi hakimiyyətdə Dərbənd kimi neft mərkəzi olan Bakını da hansısa bir şəkildə federasiyaya bağlamaq, bu, mümkün olmayanda isə, heç olmasa, Bakının azərbaycanlılarından qorumaq siyasəti həyata keçirilirdi. 

Kosmopolit Bakıdan milli Bakıya doğru

Məhz bu zəncirləri, yəni Bakını azərbaycanlılardan ayıran o zəncir halqalarını Ulu Öndər qırdı. 1969-cu ildən başlayaraq 1970-ci illərdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı bir Azərbaycan şəhərinə çevrildi və azərbaycançılığın ilk nəticəsi Bakının azərbaycanlılaşması oldu. Əlbəttə ki, bu proses həm iqtisadi, həm siyasi, həm milli intellektual müstəvidə baş verirdi. Yəni regiondan gələn gənclərin işlə, qalacaqla təmin olunması, məskunlaşması prosesi vardı. Həmin dövr Azərbaycanda həm sənaye müəssisələri tikildi, həm yataqxanalar tikildi, həm də yeni qəsəbələr və mikrorayonlar salındı. Beləliklə də, Bakı azərbaycanlaşdırıldı. Biz, sadəcə, Ulu Öndərin siyasi-ideoloji fəaliyyətini təhlil etdiyimiz üçün iqtisadi və sosial məsələlər barəsində çox danışmaq istəmirik. 

Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir

Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu Öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daim Ulu Öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət, Ulu Öndərin sonrakı mərhələdəki fəaliyyəti Onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin Öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə, bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.

Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu Öndər böyük xidmətlər göstərdi

20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu Öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində, bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu Öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə istər siyasi, istər iqtisadi, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını - 1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı məhz xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir.
Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu Öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir.

Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır

Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq, görərik ki, Ulu Öndər Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.

O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi
 
Ulu Öndərin başqa böyük keyfiyyətlərindən biri də Onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev “ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi məhz Ulu Öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər gərəkdir. Yəni hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də, qərinələr, yüzilliklər aparır. Amma Ulu Öndər özünəxas xüsusi çevik üsul və metodlarla elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu, öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu. 

Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi 

Ulu Öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu Öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli Lider, Ulu Öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar, əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni bu, bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün məhz bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılacaq. Xalqımız var olduqca O da yaşayacaqdır. 

Müasir, demokratik və qüdrətli Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır
 
Qürurverici haldır ki, Heydər Əliyev siyasəti Onun layiqli davamçısı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyev tərəfindən milli maraqlara və müasir çağırışlara uyğun olaraq müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Prezident İlham Əliyev Azərbaycanın dinamik tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli - Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Bir sözlə, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycanın tərəqqisini təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Bir sözlə, müasir, demokratik və qüdrətli Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır.
 
Hikmət BABAOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31