Milli Məclisin növbəti iclası keçirilib
09.05.2020 [13:06]
İclasda millət vəkilləri 18 məsələni müzakirə ediblər
Mayın 8-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir: “Bu gün, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur. Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək və yerli azərbaycanlı əhalini ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib. Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar”.
Sədr diqqətə çatdırıb ki, Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir. Onlardan biri bu gün bizimlə bərabərdir. Əsra Məmmədli Şuşada doğulmasa da, ruhən Şuşaya bağlıdır və doğma yurdunun həsrəti ilə yaşayır.
Milli Məclisin iclasında çıxış edən şuşalı qız Əsra Məmmədli deyib: “Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da Şuşadandır. Babalarımın əcdadları da Şuşadandır. Amma təəssüf ki, mən Şuşada doğulmamışam. Nəinki, doğulmamışam, heç Şuşanı görməmişəm də. Sizcə, bu necə hissdir? Mən Şuşamız barədə yalnız ata-anamın və nənə-babalarımın dedikləri qədər bilirəm. Bu isə o deməkdir ki, mən də atam və ulu babalarım qədər Şuşalıyam. Bilirəm ki, məni çox yaxşı anlayırsınız. Amma məni hiss etməyinizi istəyirəm. Mənim səsimi dünyaya çatdırın. Çatdırın ki, mənim çəkdiyim bütün ağrı-acını, yaşadığım hissləri digər ölkələr də yaxşı anlasınlar, yaxşı duysunlar. Qoy duysunlar ki, şuşalı olub, Şuşanı görməmişəm. Şuşalıyam, fəqət anam mənə Şuşada layla oxumayıb. Şuşalıyam, lakin Cıdır düzündə, gül-çiçəklər arasında ayaqyalın qaçmaq da mənə nəsib olmayıb. Şuşalıyam, Şuşanın qarlı, dumanlı dağlarını görməmişəm. Şuşalıyam, Şuşanın bulaqlarının suyunu içməmişəm. Şuşalıyam, Xarı bülbülün çiçək açmasını görməmişəm. Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini eşitməmişəm. Hiss edirsiniz məni? Qoy dünya da anlasın və hiss etsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy bütün hamı anlasın və hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq isə müzakirə olunmur”.
Əsra Məmmədlinin çıxışı millət vəkillərini təsirləndirib və alqışlarla qarşılanıb.
Sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə, bütün Qarabağ bölgəsinin, o cümlədən onun nadir incisi olan Şuşa şəhərinin işğaldan azad ediləcəyinə, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qayıdacağına, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olacağına əminliyini ifadə edib.
Sədrin təklifilə Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Sahibə Qafaraova diqqətə çatdırıb ki, mayın 9-da faşizm üzərində qələbənin 75 illiyi tamam olur. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. Sədr bu məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi bir fikrini xatırladıb: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”. O əlavə edib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılmışdı. Onların 40 min nəfəri cəbhəyə könüllü getmişdi. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub. Azərbaycanlılar faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər. Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşublar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak edib. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilib”.
Spiker vurğulayıb ki, o dövrdə döyüşlərdə iştirak edən hər 5 təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi. Onun sözlərinə görə, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar: “Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər”.
Sədr Qələbə günü münasibəti ilə müharibə veteranlarını, bütün xalqımızı təbrik edib, İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərmiş Azərbaycan xalqının oğul və qızlarına minnətdarlıq duyğularını ifadə edib. O qeyd edib ki, biz Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə gününün, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram gününün daxil olacağına əminik.
Daha sonra Sahibə Qafarova bildirib ki, may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olur. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir: “Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən Ulu Öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlayıb və ardıcıl inkişaf yoluna çıxarıb. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində Ulu Öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edir. Hər dəfə də Heydər Əliyev Ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirmiş və əsl milli lider olduğunu sübuta yetirib”.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir: “Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib. Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu Öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir”.
Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Bakıda ilk modul tipli xəstəxana kompleksinin açılışının əlamətdar hadisə olduğunu bildirib. O qeyd edib ki, xəstəxananın açılışında Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı geniş fikirlərini bildirib. Onun sözlərinə görə, əhali dövlətin gördüyü işlərə dəstək olmalı, karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Milli Məclisin deputatı Soltan Məmmədov da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri haqqında fikirlərini bildirib. O deyib ki, həyata keçirilən tədbirlər vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın, o cümlədən işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əmiliyini ifadə edib. S.Novruzov bildirib ki, alman faşizmi üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı böyük rol oynayıb: “Elə bir ailə yoxdur ki, onlardan kimsə bu müharibədə iştirak etməsin. Amma 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü 9 May Qələbə bayramını ləğv etdi. Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ədaləti bərpa etdi”.
Millət vəkili Cavid Osmanov isə çıxışında Şuşanın işğalı ərəfəsində baş vermiş prosesləri xatırladıb. O bildirib ki, respublikadakı hərc-mərclik, AXC-nin hakimiyyət uğrunda mübarizəsi ölkəni zəiflətmiş, Şuşanın ermənilər tərəfindən işğal edilməsinə səbəb olmuşdu: “Hakimiyyətdə olduğu illərdə AXC-Müsavat cütlüyü ölkəni uçuruma sürüklədi, torpaqlarımızın ermənilər tərəfindən işğalı davam etdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdən sabitlik bərpa olundu. O zaman hakimiyyətdə olan dairələr bu gün dövlətimizə qarşı qarayaxma kampaniyası aparır, qarışıqlıq yaratmaq istəyirlər. Bütün bunlar yolverilməzdir”.
Millət vəkili Məlahət İbrahimqızı isə Qarabağ həqiqətləri ilə əlaqədar təbliğat işlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Cari məsələlərlə əlaqədar həmçinin, komitə sədri Qənirə Paşayeva, millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Tahir Kərimli, Naqif Həmzəyev və Sahib Alıyev də çıxış edərək müxtəlif məsələlərə dair fikirlərini bildiriblər.
Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bəzi müxalifət deputatlarının çıxışlarına münasibət bildirib: “Burada siyasi mübarizə baxımından fərqli fikirlər oldu. Siyavuş Novruzovla Cavid Osmanov haqlı fikirlər söyləyib. Şuşanın işğalına hüquqi qiymət verilib. Bununla əlaqədar olaraq Ali Məhkəmədə məhkəmə prosesi keçirilib və hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib. Bu gün səslənən fikirlər belədir ki, o zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranmış şərait həm də Şuşanın işğalı üçün yaranmış bir şərait idi. Bunun hüquqi qiyməti verilib və bu, heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Bizim tariximizin bu hissəsi ilə bağlı fikirlərimiz çox aydındır. Hesab edirəm ki, biz siyasi baxımdan fərqli fikirdə olsaq da, tarixi-hüquqi baxımdan vahid bir mövqedəyik. Əlbəttə ki, Şuşa Ermənistan tərəfindən işğal olunub, amma o dövrdə Azərbaycanda yaranmış siyasi vəziyyətə də hər zaman olduğu qiyməti verəcəyik”.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, qanun layihəsindəki texniki dəyişikliklər bu quruma üzv ölkələrin konstitusiyalarında edilmiş dəyişikliklərlə bağlıdır.
"Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" qanun layihəsini (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edim. Bildirib ki, qanun layihəsinin birinci və ikinci oxunuşlarından sonra layihəyə bəzi redaktə xarakterli dəyişikliklər edilib və sənəd üçüncü oxunuşa hazırdır. Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Parlamentə eyni zərfdə daxil olmuş növbəti iki qanun layihəsi koronavirus pandemiyasından irəli gələn məsələlərlə əlaqədar idi. Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verərək deyib ki, dəyişiklik 30-dan çox sahə və fərdi peşə sahiblərinin sığorta haqlarının pandemiya və post pandemiya dövründə 2026-cı ilə qədər xeyli azaldılması, onların sosial müdafiəsinin və məşğulluğunun təmin olunması məqsədini daşıyır.
Digər məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsi (üçüncü oxunuş) idi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, təklif edilən dəyişikliklər koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.
Sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
"Hərbi qulluqçuların statusu haqında", "İnzibati icraat haqqında", "Təhsil haqqında" və "Elm haqqında" Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi barədə (üçüncü oxunuş) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək qeyd edib ki, Azərbaycanda elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında” və “Elmi adlar verilməsi qaydası haqqında” əsasnamələr təsdiq edilib. Mövcud layihə həmin Fərmanda nəzərdə tutulmuş məsələlərlə bağlıdır və üçüncü oxunuşa hazırdır.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Gənclər siyasəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Könüllü fəaliyyət haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Reklam haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev məlumat verib. Qeyd edilib ki, sənədlərə təklif olunan düzəlişlər “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə” 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. O bildirib ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsi vacibliyindən irəli gəlir. Qeyd olunub ki, qanun layihəsinin ictimai müzakirəsi də keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib.
Müzakirələr zamanı YAP İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində olmalıdır. Onun sözlərinə görə, bu gün radikal müxalifət ölkədə qarışıqlıq yaratmağa çalışır: “Dərnək səviyyəsində olan “Milli şura” iddia edir ki, indiki koronavirusla mübarizə şəraitində sms-lə icazə sisteminin tətbiq olunması guya müxalifətçiləri izləmək üçündür. Çox gülünc iddiadır. Gün ərzində 1 milyon insan sms-lə icazə alır. Onların sayı isə cəmi 10-15 nəfərdir. Xaricdə oturan Cəmin Həsənli də ölkəmizə qarşı aparılan kampaniyada “fəallaşıb”. Onun kim olduğunu hamımız yaxşı bilirik”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə Cəmil Həsənlinin saxtakar olduğunu deyib. Onun sözlərinə görə, C. Həsənli deputat olanda hakimiyyəti tərifləyirdi, növbəti seçkilərdə deputat seçilmədikdə isə müxalifətə keçib.
Millət vəkili Nizami Cəfərov isə çıxışında “Dövlət dili haqqında” qanuna dəyişikliklərin olunmasını təklif edib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva və Zahid Oruc İnzibati Xətalar Məcəlləsində və 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli qanunla təsdiq edilmiş “Milli Məclisin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında sənədlərin üçüncü oxunuşu barədə məlumat veriblər. Bildirilib ki, bu dəyişikliklər “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı ilə əlaqədardır. İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək deyib ki, dəyişikliklər “Reklam haqqında” qanuna edilmiş 2019-cu il 5 mart tarixli dəyişikliyin tətbiqi ilə əlaqədardır. Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib. Bildirib ki, layihə “Aqrar sığorta” haqqında Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
İclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişikliyin mahiyyəti məhkəmə qərarı ilə hüquqi şəxslərin ləğvi və yenidən yaradılması ilə bağlı məlumatların dövlət reyestrində yerləşdirilməsindən ibarətdir.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra iclasda "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" və "Ətraf mühitə dair informasiya almaq haqqında", "Təhsil haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda, Mülki Məcəllədə və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Turizm haqqında" qanunda, Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında" və "İcra məmurları haqqında" qanunlar da ikinci oxunuşda dəyişikliklər edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

